Məhkəmə qərarları › İş №2-1(114)-578/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-578/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-578/2020 25.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Nurəddin oğlunun iştirakı ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nurəddin oğlu cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci ildə X4 şəhərində anadan olmuş, anası X8, atası X2r. 2001-ci ildən Gədəbəy rayonunun Novo İvanovka kəndində yaşayan ata nənəsi X1 yanında yaşayır. 2003-cü ildə Gədəbəy rayon Novo İvanovka kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və ona A 338798 saylı xx xxxx 2014-cü il tarixli “Tam orta təhsil haqqında” attestat verilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 104 nömrəli, xx xxxx 2012-ci il tarixli sərəncamı ilə hər iki valideyn himayəsindən kənarda qaldığına görə nənəsinin himayəsinə verilmişdir. Ona Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV seriyalı 040532 nömrəli xx xxxxxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçıya həmin şəhadətnamə əsasında AZE seriyalı 10151269 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşının vəsiqəsini almaq üçün Gədəbəy rayon Polis şöbəsinə müraciət etsə də, cavabdeh orqan onun hərbi biletinin olmamasını əsas gətirərək ona vəsiqə verilməsindən imtina etmişdir. İddiaçı Nurəddin oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, anası ona baxmadığına və başqa rus ailəsinə verdiyinə görə onu 3 yaşında əmisi Rusiya Federasiyasından Azərbaycana gətirmişdir. Cavabdeh Gədəbəy rayon Polis şöbəsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 104 nömrəli sərəncamından görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.1997-ci ildə anadan olmuş İddiaçı Nurəddin oğlu hər iki valideyn himayəsindən kənarda qaldığına görə nənəsi X1 qəyyumluğuna verilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5874/2017 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı Nurəddin oğlunun atası İddiaçı Nurəddin oğlu, anası X6maqla xx.xx.1997-ci il tarixdə X4 şəhərində doğulması faktı müəyyən edilmişdir. -AZ-İV 040532 nömrəli, xx xxxxxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, ata qrafasında “X3”, ana qrafasında “X9” qeyd edilmişdir. -AZE seriyalı 10151269 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Nurəddin oğluna xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. -Gədəbəy rayon Təhsil şöbəsi Novo İvanovka kənd tam orta məktəbin xx.xx.2017-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı Nurəddin oğlu 2003-cü ildə Gədəbəy rayon Novo İvanovka kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2013-2014-cü tədris ilində həmin məktəbin 11-ci sinfini bitirmişdir. -Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2019-cu il tarixli, 198-20429-1219 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Nurəddin oğlunun hərbi bileti olmadığından ona şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Rusiya Federasiyasında anadan olmuş, sonradan hər iki valideyn himayəsindən kənarda qaldığına görə nənəsi X1 qəyyumluğuna verilmiş, 2003-2014-cü illərdə Gədəbəy rayon Novo İvanovka kənd tam orta məktəbində təhsil almış, eləcə də xx.xx.2012-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsi tərəfindən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin iddiaçı yenidən həmin orqana müraciət edərək ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etsə də, cavabdeh orqan onun hərbi bileti olmamasını əsas gətirərək ona şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir; Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. -4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket; -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Bu normadan aydın olur ki, vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər siyahısında hərbi bilet mövcud deyil və vətəndaş ərizə, eləcə də Qanunda göstərilən sənədləri təqdim etdiyi halda ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi mütləq verilməlidir. Həmçinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir. Qeyd edilməlidir ki, şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verildikdən sonra ona növbəti dəfə həmin sənədin verilməsindən imtina edilməsinin hüquqi məntiqi yoxdur. Həmçinin şəxsin şəxsiyyətini təsdiq edən sənəd olmadan onun hərbi xidmətə cəlb edilməsi mümkün deyil. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına münasibətdə tətbiq edərək hesab edir ki, cavabdeh orqanın iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Nurəddin oğluna Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar