Məhkəmə qərarları › İş №2-1(114)-578/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-578/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-578/2022 12.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 29.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.11.2021-ci il tarixli, **********8251 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 13 oktyabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları hər hansı bir əsas olmadan və hər hansı bir reyestrə daxil etmədən vergi yoxlaması aparılması adı ilə fəaliyyət göstərdiyi ünvana gələrək 13 oktyabr 2021-ci il tarixli DVX 004487 № li aktı tərtib etmişlər. Həmin akta əsasən guya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Əslində isə aktda qeyd edilənlər tamamilə əsassızdır. Daha sonra isə sözügedən qanunsuz akta istinad edərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 noyabr 2021-ci il tarixli, **********8251 № li Qərar qəbul edilmişdir. Həmin qərara əsasən ona 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyətinə cəlb edilməyi qərara alınmışdır. Sözügedən qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) X10 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1 -ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir (Vergi Məcəlləsi 50.3). Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir (Vergi Məcəlləsi 50.6). Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi aqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. (Vergi Məcəlləsinin 58.10-cu bəndi). 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********4035 nömrəli, 13.10.2021-cu il tarixli, 'Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus “Şah Sarayı” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi istiqamətləri üzrə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Eyni zamanda İddiaçı cari fəaliyyəti üzrə keçirilmiş operativ vergi nəzarət tədbiri “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edimişdir (13.10.2021-ci il tarixli KY211664591 nömrəli “sahibkarlıq sahəsində aparılan loxlamaların vahid məlumat reyestrindən çıxarış əlavə olunur). 13.10.2021-ci il tarixli, **********4036 nömrəli tələbnamə ilə elektron informasiya daşıyıcılarında fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqəsinin surətləri, əmək müqavilələri, müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, nəzarət kitabçasının 1 iş günü müddətində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi İddiaçı iştirakı ilə keçirilmiş yoxlama zamanı 4 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Belə ki, işlərin yerinə yetirilməsinə cəlb edilmiş 16 nəfər fiziki şəxsdən 12 nəfərinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi yoxlamaya təqdim edilmiş, digər 4 nəfərin - X11 (FİN: 6A4CV19), X7 (FİN: 6A0J8YC), X8 (FİN: 3EHKWGB), X2 (FİN: 406ZQKF) əmək müqaviləsi bildirişləri təqdim olunmamış, “vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” hesabat formasından da həmin fiziki şəxslərin iddiaçı ilə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin olmadığı müəyyən olunmuşdur. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX № 004487 nömrəli 13.10.2021-ci il tarixli akt tərtib edilmişdir (etirazda texniki səhv olaraq tarix 10.10.2021-ci il göstərilmişdir). Tərtib edilmiş aktın əlavəsində adları qeyd olunmuş şəxslərdən X11 yoxlamaya izahat təqdim edərək onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmadığını qeyd etmiş, siyahıda adları göstərilən digər şəxslərdən, eyni zamanda İddiaçı imtina etdikləri üçün izahat alınması mümkün olmamışdır. Bununla bağlı 13.10.2021-ci il tarixli sərbəst akt tərtib edilmiş, həmin aktda yol verilmiş pozuntunun saat 17:48- də DVX seriyalı 004487 nömrəli aktla rəsmiləşdirildiyi, fərdi sahibkar İddiaçı heç bir əsas göstərmədən qərar və çıxarışla tanış olmaqdan, aktları imzalamaqdan, onların bir nüsxəsini qəbul etməkdən, həmçinin heç bir səbəb göstərmədən izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8251 nömrəli, 29.11.2021-ci tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumata əsasən İddiaçı tərəfindən operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X11 , X7 (13.10.2021, saat 18:12), X8 (13.10.2021, saat 18:18) və X3 (13.10.2021, saat: 18:01) ilə operativ vergi nəzarəti tədbirinin keçirilməsindən sonra əmək müqaviləsi bağlanmış, X11 ilə 13.10.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi bildirişi 15.10.2021-il tarixdə ləğv edilmişdir (operativ vergi nəzərəti tədbiri zamanı çap olunmuş Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumat formasında X6 adı iddiaçının işçiləri siyahısında yoxdur). Nəzarət tədbirinin rəsmiləşdirilməsindən bir neçə dəqiqə sonra yoxlamanın nəticələrinə dair aktın əlavəsində adları qeyd olunmuş şəxslərlə iddiaçı arasında əmək müqaviləsi bildirişləri qeydiyyata alınmışdır. Belə olan halda operativ vergi nəzarəti zamanı həmin şəxslərin iddiaçıya məxsus obyektdə olmaları, həmin şəxslərin iddiaçıya məxsus obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı işin mübahisə edilə bilməyən halına çevirilir. İddiaçı məxsus obyektdə həyata keçirilmiş operativ nəzarət tədbirinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi, eyni zamanda iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının yuxarıda qeyd olunanlara tam olaraq sübut olunması iddia ərizəsində göstərilən dəlillərin əsassız olmasını, cavabdehin mübahisələndirilən qərarının qanuni olmasını təsdiq edir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X12 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildiriş, cavabdehin 29.11.2021-ci il tarixli və 13.10.2021-ci il tarixli, **********8251 və **********4035 nömrəli qərarları, **********8252 nömrəli tələbnamə, 13.10.2021-ci il tarixli, DVX 004487 nömrəli və 13.10.2021-ci il tarixli akt və əlavəsi, “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumat, cavabdehin 28.01.2022-ci il tarixli, **********783400 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, İddiaçı ********** X1 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir. 13.10.2021-ci il tarixli, KY211664591 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, İddiaçı məxsus, “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi” növündə fəaliyyət göstərən “X18” adlı təsərrüfat obyektində 13.10.2021-11.11.2021-ci il tarixlərdə plandankənar tipli, operativ vergi nəzarəti növündə yoxlama keçirilməsi göstərilmişdir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********4035 nömrəli, 13.10.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı məxsus, “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi” növündə fəaliyyət göstərən “X18” adlı obyektdə 13.10.2021-11.11.2021-ci il tarixlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. 13.10.2021-ci il tarixli, DVX 004487 nömrəli Aktdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.10.2021-ciu il tarixli, DVX **********4035 nömrəli qərarına əsasən İddiaçı məxsus Gəncə şəhəri, Vəli Xuluflu, 131 ünvanında yerləşən “Şah Sarayı” restoranında İddiaçı iştirakı ilə müəyyən olunmuşdur ki, 13.10.2021-ci il tarixdə, saat 17:48-də təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ofisiant, xadimə, aşbaz və qənnadçı vəzifələrində çalışan 16 nəfər fiziki şəxsdən 4-ü Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüququi qüvvəyə minmədən həmin işlərin yerinə yetrilməsinə cəlb edilmişdir. Əmək Məclləsinin 49-cu maddəsinin tələblərinin pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, maliyyə sanksiyasının tətiq edilməsi üçün təbirlərin görülməsi təklif olunmuşdir. Cavabdehin **********8251 nömrəli, 29.11.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 13.10.2021-ci il tarixli, 004487 nömrəli akta, eləcə də, Vergi qanunvericiliyinin pozulması ilə əlaqədar aktda göstərilən məumatlara əsasən, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vergi ödəyicisi tərəfindən 4 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb olunması yolu ilə onun gəlirinin azaldılması faktı aşkar edildiyindən, 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunması qərara alınışdır. **********8252 nömrəli tələbnamədən görünür ki, İddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə 8000 manat vəsaitin 08.12.2021-ci il tarixə kimi büdcəyə ödənilməsi tələb olunmuşdur. “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumatdan görünür ki, X11 ilə 15.10.2021-ci il tarixdə, saat 15:56-da, X7 ilə 13.10.2021ci il tarixdə, saat 18:12-də, X8 ilə 13.10.2021-ci il tarixdə, saat 18:18-də, X3 ilə isə saat 18:01-də əmək müqaviləsi bağlanmışdır. Lakin sonradan X11 ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan 13.10.2021-ci il tarixli Aktın rəsmiləşdirilmə saatı 17:48 olduğundan Məhkəmə belə nəticəyə gəlir ki, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsinə əsas, yəni Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vergi ödəyicisi tərəfindən 4 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb olunması yolu ilə onun gəlirinin azaldılması faktı öz təsdiqini tapmış olur. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlər arasında yer alan 13.10.2021-ci il tarixli izahahtdan görünür ki, X11 bildirmişdir ki, onunla işəgötürən arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. 13.10.2021-ci il tarixli sərbəst aktdan görünür ki, fərdi sahibkar heç bir əsas göstərmədən qərar və çıxarışla tanış olmaqdan, aktlara imza atmaqdan və nüsxəsini qəbul etməkdən heç bir səbəb göstərmədən imtina etmiş və izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır; 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 50. Operativ vergi nəzarəti: ..., 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları: ..., 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi iləmüəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxiledilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiyasisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxiledilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin faktiki hallarına və maddi hüquq normalarına nəzərən məhkəmə qeyd edir ki, 13.10.2021-ci il tarixli Aktın rəsmiləşdirilmə saatı 17:48 olduğundan və “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumatlarda iddiaçıya maliyyə sanksiya tətbiq edilməsinə səbəb olmuş əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçilərin əmək müqaviləsinin qüvvəyə minmə tarixi (saatı) Operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsindən sonra olduğundan cavabdehin qərarı qanuni və əsaslıdır. Göstərilən maddi hüquq normalarına istinadən məhkəmə qeyd edir ki, iddiaçının barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.11.2021-ci il tarixli, **********8251 nömrəli qərarı haqlı olaraq qəbul edilmişdir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.11.2021-ci il tarixli, **********8251 nömrəli qərarının ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar