Məhkəmə qərarları › İş №2-1(114)-58/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-58/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-58/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X9 prospekti 121 ünvanda yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 1942-ci ildən fəaliyyət göstərir. SSRİ X4 7 fevral 1942-ci il tarixli 2049 saylı qərarına əsasən Simferopol mühərrik təmiri zavodu Gəncə şəhərinə köçürülmüşdür. Həmin vaxtdan indiyə kimi 80 il ərzində xarici divarlar daxilində müəssisənin ərazisi dəyişməmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı ildə müəssisənin eyni hüdudlarını əhatə edən 000315 №-li texniki pasportu hazırlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının - "X8" ASC-nin satılmasına dair xx.xx.2008-ci il tarixli 000015 №-li şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci ildə dövlət reyestrindən **********589500 №-li çıxarış verilmişdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2008-ci il tarixdə hazırladığı "Qiymətli kağız sahiblərinin reyestrindən" göründüyü kimi "X8" ASC-nin 2006-cı ildə başlamış özəlləşdirilməsi 2008-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2015-ci il tarixdə hazırladığı "Qiymətli kağız sahiblərinin reyestrindən" və 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2017-ci il tarixli **********161700 №-li məktubundan göründüyü kimi "X8" ASC-nin İdarə heyətinin sədri 2015-ci ildən A.B.Zeynalovdur. Cavabdehə müəssisənin çıxarışının hazırlanması üçün xx.xx.2022-ci il tarixli 11/2 saylı məktubla müraciət edilmiş, tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 479 №-li və xx.xx.2022-ci 478 il tarixli, №-li hesab-fakturalar əsasında onun bank hesabına müvafiq olaraq 15949,67 manat və 2870,94 manat vəsait köçürülmüşdür. Cavabdeh təsdiqetmə bildirişi verərək ********** saylı ərizəni qeydə almış və çıxarışın verilmə tarixinin xx.xx.2022-ci il olduğunu göstərmişdir. Lakin, bu günə kimi çıxarışı əldə etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, X9 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmin tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, GALF-SERVİS MMC cəmiyyətin səhmlərinin 99,62%-nə sahibdir. Çıxarış verilərkən torpaq sahəsinin dövlət mülkiyyəti kimi göstərilməsinə etiraz etmir, çünki əmlak özəlləşdirilərkən yerləşdiyi torpaq sahəsi özəlləşməmişdir. Torpaq sahəsinin və əmlakın ölçülərini cavabdehin əməkdaşları tərəfindən verilmiş, lakin təsdiq edilməmiş sənədlərə əsasən yazmışdır, ona görə də iddia ərizəsində ölçülər dəqiq göstərilməyə bilər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 000315 nömrəli Texniki pasportdan görünür ki, Gəncə “Cihaz” İstehsalat birliyinin ümumi sahəsi 28983.7 m2 olmaqla faktiki torpaq sahəsi 62754.9 m2-dir. -surəti işə əlavə edilmiş 46 nömrəli, xx.xx.2006-cı il tarixli Sərəncamdan görünür ki, Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən Gəncə “Cihaz” İstehsalat birliyi İddiaçı ASC-yə çevrilmişdir. -surəti işə əlavə edilmiş 000015 nömrəli, xx.xx.2008-ci il tarixli Şəhadətnamədən görünür ki, GALF-SERVİS MMC Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən İddiaçı ASC-nin nizamnamə kapitalının 99,62 faizini təşkil edən 353582 ədəd səhmini investisiya müsabiqəsi vasitəsi ilə satın almışdır. -surəti işə əlavə edilmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Özəlləşdirmə planından görünür ki, İddiaçı ASC-nin torpaq sahəsi 84744,2 kv.m-dir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-33/2-6394/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, əraziyə keçirilən baxış zamanı, iddiaçı tərəfindən naturada təqdim olunan Gəncə şəhəri, X9 prospekti 121 ünvanında "X8" ASC-nin faktiki yerləşdiyi torpaq sahəsi 6.1 ha təşkil edir. İdarənin istifadəsində olan elektron baza materiallarına istinadən həmin torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla, sənayeistehsalat məqsədləri üçün nəzərdə tutulan sahədir. Qeyd edək ki, elektron baza materiallarında mövcud olan, Gəncə şəhər Kəpəz bələdiyyəsinin ərazi xəritəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, AzCad məlumatlarında, "X8" Açıq Səhimdar Cəmiyyətinin faktiki olaraq yerləşdiyi 6.1 ha torpaq sahəsinin 0.22 ha hissəsi, infrastruktur (yol) ərazisi olaraq göstərilmişdir. Elektron baza materiallarına istinadən, "X8" ASC-nin faktiki olaraq yerləşdiyi 6.1 ha torpaq sahəsinin, hər-hansı başqa subyektin qanuni mülkiyyətində, qanuni icarəsində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3971 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, X9 prospekti 121 ünvanında "X8" Açıq Səhmdar Cəmiyyətin yerləşdiyi torpaq sahəsində ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati binanın, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati binanın, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binasının, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binasının, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti binanın, ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının olduğu, sözügedən tikililərin təmirli vəziyyətdə və icarəyə verilərək istifadə olunduğunu nəzərə alaraq, həmin tikililərin istismara yararlı olduğu müəyyən edilir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Gəncə şəhəri, X9 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmin tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına çıxarışın və texniki pasportun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin icrası ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmənin müvafiq sərəncamından sonra məhkəməyə göndərilmiş etiraz ərizəsinin məzmunu ilə müəyyən olunur ki, cavabdehin imtinasının əsasını iddia olunan əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilməməsi, həmçinin hal-hazırda sözügedən əmlakın bir hissəsinin sökülməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. -5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Təqdim edilmiş sübutlarla, eləcə də iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi özəlləşmənin predmeti olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi əsaslı hesab edilə bilməz. Beləliklə müəyyən olunur ki, cavabdehin mübahisəli əmlakla bağlı istinad etdiyi arqument (yəni, hal-hazırda sözügedən əmlakın bir hissəsinin sökülməsi) əsassızdır. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qismən əsassız olmuşdur. Odur ki, Gəncə şəhəri, X9 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə şəhəri, X9 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin, yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar