Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-58/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Göygöl rayonu Qızılca Bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl rayonu Qızılca Bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin X3 adına qeydə alınmasına dair xx.xx.2009-cu il tarixdə aparılmış reyestr qeydinin və bu barədə verilmiş torpaq sahəsinin plan və ölçüsü barədə AA 004640 nömrəli sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon X5 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən 0.12 ha torpaq sahəsi X3 adına ayrılmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair üçüncü şəxsin adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X9 kitabında xx.xx.2009-cu il tarixdə AA 004640 nömrə ilə uçota alınmışdır.
3. Göygöl rayon İcra Hakimiyyəti başçısının Qızılca kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 65 nömrəli cavab məktubunda X7 və X6 1993- 1996-cı illərdə qeydiyyatda olmaları haqqında Qızılca nümayəndəliyində heç bir məlumat yoxdur və ərazidə yaşamırlar.
4. Məhkəmənin sorğusuna əsasən Göygöl rayon Dövlət Arxivinin cavab məktubuna əlavə olunmuş Xanlar rayon XDS Rəyasət heyətinin xx.xx.1995-ci il tarixli 10 saylı protokolu, 183/10 xx.xx.1995-ci tarixli qərarı və həmin qərara əsasən həyətyanı torpaq sahəsinə ehtiyacı olan kolxozçu və qulluqçuların siyahısında X3 adı qeyd olunmuşdur.
5. Məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-260/2023 nömrəli cavab məktubunda bildirilir ki, Mərkəzin arxivində saxlanılan Göygöl rayonu, Qızılca kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X3 adı aşkar edilməmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı Göygöl rayonu Qızılca Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən, 0.12 ha torpaq sahəsinə dair reyestr qeydinin və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət araşdırmadan sonra Göygöl rayonu Qızılca bələdiyyəsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxsin adına 0.12 ha torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. Bələdiyyədə saxlanılan arxiv sənədlərində iş üzə üçüncü şəxsə torpaq satılmasına dair heç bir sənəd mövcud deyildir və üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən ayrılmışdır. İddia ərizəsinə əlavə olunmuş arxiv arayışından bəlli olur ki, iş üzrə üçüncü şəxsə ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə düşmür. Ancaq çıxarış bələdiyyə mülkiyyətində yerləşən torpağın 0.12 hektarına verilmişdir. Belə olan halda cavabdeh tərəfindən üçüncü şəxsin adına 0.12 ha torpaq sahəsinə verilmiş çıxarış məhkəmə tərəfindən etibarsız hesab edilməlidir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin X3 adına qeydə alınmasına dair xx.xx.2009-cu il tarixdə aparılmış reyestr qeydinin və bu barədə verilmiş torpaq sahəsinin plan və ölçüsü barədə AA 004640 nömrəli sənədin ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir.
13. Cavabdeh tərəf nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçının nümayəndəsi və digər üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
14. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
16. Cavabdehin nümayəndəsi X2 iclas zamanı iddianı qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
19. İddia ərizəsindən məlum olur ki, Xanlar rayon X5 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən 0.12 ha torpaq sahəsi X3 adına ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair üçüncü şəxsin adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X9 kitabında xx.xx.2009-cu il tarixdə AA 004640 nömrə ilə uçota alınmışdır
20. İddiaçı hazırki tələbində üçüncü şəxs X3 adına qeydə alınmasına dair xx.xx.2009-cu il tarixdə aparılmış reyestr qeydinin və bu barədə verilmiş torpaq sahəsinin plan və ölçüsü barədə AA 004640 nömrəli sənədin ləğv edilməsini xahiş edir.
21. Məhkəmə bununla bağlı qeyd edir ki, üçüncü şəxsin adına olan xx.xx.2009-cu il tarixli AA 004640 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarış Xanlar rayon X5 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib edilmişdir və həmin qərar hazırda qüvvədədir.
22. Bu halda isə iddiaçı hüquqi marağına çatmaq üçün Xanlar rayon X8 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.
23. Digər tərəfdən, məhkəmə hesab edir ki, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
24. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi yerli özünüidarəetmə orqanı və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özü-özünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz.
25. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır.
26. Bundan başqa, vurğulamaq lazımdır ki, qanunsuzluğu iddia olunan aktların və ya faktiki xarakterli hərəkətlərin subordinasiya baxımından yuxarı inzibati orqanlar tərəfindən ləğvi üçün qanunvericilikdə mövcud olan mexanizmlərdən təcrübədə tam istifadə olunmur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə hüquqi imkanlar təsbit edilmişdir. Belə ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndə, eləcə də hər bir mərkəzi icra hakimiyyəti orqanının əsasnamələrində mərkəzi icra hakimiyyəti orqanlarının öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi təsbit edilmişdir. Bundan başqa, həmin Əsasnamələrdə subordinasiya baxımından yuxarı inzibati orqanların öz strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək hüquqları nəzərdə tutulmuşdur. Odur ki, müvafiq əsaslar və ehtiyac yarandıqda, dövlət orqanları icra hakimiyyətinin vahidliyi prinsipini nəzərə almaqla və qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə, qanunsuz inzibati aktların qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi barədə subordinasiya baxımından yuxarı inzibati orqanlara məlumat verməklə onların ləğvinə nail olmalıdırlar.
27. Məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gənə Ərazi İdarəsinin inzibati orqan olmaması ilə bağlı qeyd edir ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
29. Göründüyü kimi, həm qanunvericiliyin tələbləri baxımından, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələri inzibati (publik) hüquq sahəsinin subyekti kimi fəaliyyət göstərən orqanlardır.
30. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə mübahisə predmeti olan sənədlərin verilməsinə əsas olmuş Xanlar rayon X5 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli qərarı hazırda qüvvədə olduğundan, həmçinin, inzibati məhkəmə iki inzibati orqan arasında olan mübahisəni həll etmək səlahiyyətinə malik olmadığından, iddia mümkün sayılmamalıdır.
31. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva