Məhkəmə qərarları › İş №2-1(114)-580/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-580/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-580/2022 07.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 29.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 52 nömrəli qərarının torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon keçmiş Əzizbəyov adına sovxozda 1990-cı ilədək işlədiyinə görə sovxoz direktorunun 21.05.1983-cü il tarixli 33 nömrəli əmri əsasında sovxozun ərazisindən 0.10 ha torpaq sahəsi verilmiş və torpaq sahəsi mərzlənərək ona təhvil verilmişdir. Həmin torpaq sahəsində bağ salınmış, 1 otaqlı fərdi yaşayış evi inşa edilərək ailəsi ilə birlikdə 1990-cı ilin noyabr ayınadək yaşamışdır. İddiaçı həmin il ailəsi ilə birlikdə RF-nin Rostov şəhərinə gedərkən həmin torpaq sahəsini və fərdi yaşayış evini istifadə etməsi üçün anası Minayə Zeynalovaya və qardaşı Kamil Zeynalova vermişdir. 1995-ci ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdarkən həmin torpaq sahəsindəki evdə bir neçə il yaşayandan sonra Şəmkir rayonunun Təzəkənd kəndində ərinin valideynlərinə məxsus evə köçüb yaşamışlar. 1996-1998-ci illərdə torpaq islahatı zamanı onun həmin evdə və torpaqda olmamasından istifadə edən anası və qardaşı komissiyanın üzvlərinə yalnış məlumat verərək, 0.10 ha həyətyanı torpaq sahəsinin Minayə Zeynalovanın mülkiyyətinə verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 52 nömrəli qərarı ilə Seriya A, 133900 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin tərtib edilməsinə nail olmuşlar. Bu səbəbdən də iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 52 nömrəli qərarını mübahisələndirmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, X5 filialının müvafiq arayışları ilə müəyyən olunur ki, arxivdə mühafizə olunan Əzizbəyov adına sovxozun fəhlə və qulluqçularına aid əmr kitablarına əsasən “Əzizbəyov” adına sovxozun 21.05.1983-cü il tarixli 33 nömrəli əmri ilə fəhlə və qulluqçuların hər birinə 0.10 ha olmaqla həyətyanı torpaq sahəsi verilmişdir və Əzizbəyov adına kolxozun qaytanlanmış torpaq kitabında 280-ci sıra nömrəsində İddiaçı adına 0.10 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmçinin müəyyən olunur ki, hazırda mübahisələndirilən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 52 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə dair Seriya A, 133900 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin qərar və sənəd əsasında X2 adına 02.11.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra qeyd olunan torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 04.11.2020ci il tarixli, 4Ə-1888 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmiş və ona 12.11.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 52 nömrəli qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Həmçinin qeyd edilməlidir ki, Əzizbəyov adına kolxozun qaytanlanmış torpaq kitabında 280-ci sıra nömrəsində İddiaçı adına 0.10 ha həyətyanı torpaq sahəsi qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Şəmkir rayonu Təzəkənd kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında Şəmkir rayonu Təzəkənd kəndi ərazisindən 0.10 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar