Məhkəmə qərarları › İş №2-1(114)-581/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-581/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-581/2021 15.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı Cəfərova (Məmmədova) Qəribə Balakişi qızının, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cəfərova (Məmmədova) Qəribə Balakişi qızının cavabdehlər X5, X6, Gəncə şəhər 2 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, əvvəlki çıxarışın bərpası və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-69-20 saylı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cəfərova (Məmmədova) Qəribə Balakişi qızı (bundan sonra mətndə iddiaçı) cavabdehlər X5, X6, Gəncə şəhər 2 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, əvvəlki çıxarışın bərpası və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-69-20 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 03, mənzil 32 Gəncə şəhər 2 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-21 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən X6 bağışlanmış və ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin mənzil «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-69-20 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh Orxan Cəfərzadə onun oğlu, digər cavabdeh Günel Cəfərzadə isə onun gəlinidir. Cavabdehlər Orxan Cəfərzadə və Günel Cəfərzadə qabaqcadan planlaşdırılmış şəkildə onun etibarından sui istifadə etməklə aldatma yolu ilə baş etibarnamə əldə edərək evi ələ keçirmişlər. Oğlu Orxan Cəfərzadə ondan sosial yardım almaq adı ilə etibarnamə almış və həmin etibarnamə ilə evi arvadı Günel Cəfərzadəyə onun vasitəsilə də öz adına keçirmişdir. Cavabdeh oğlu X6 bağışlama yolu ilə evi hədiyyə etmiş və Orxan Cəfərzadə də bundan istifadə edərək mənzili digər cavabdehlə dəstə yaratmaqla ələ keçirmiş, evə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Həmçinin notarius tərəfindən etibarnamə verilərkən onun gələcəkdə hansı halda əmlaka təhlükə yarada biləcəyi barədə izah verilməmişdir. Ona məxsus olan evin cavabdehlər tərəfindən saxtakarlıq edilib ələ keçirilməklə hüquqları bilərəkdən və planlı şəkildə kobudcasına pozulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək cavabdeh tərəfindən qeydiyyat müvafiq əqd əsasında həyata keçirildiyindən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki: mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, «Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır». İş materialları ilə müəyyən olunur ki, sözügedən çıxarışın verilməsinə əsas Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli 4Ə-21 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. Məhkəmə hesab edir ki, həmin bağışlanma müqaviləsi qüvvədə olduğu halda hazırki çıxarışın mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cəfərova (Məmmədova) Qəribə Balakişi qızının cavabdehlər X5, X6, Gəncə şəhər 2 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və əvvəlki çıxarışın bərpası və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-69-20 saylı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cəfərova (Məmmədova) Qəribə Balakişi qızının cavabdehlər X5, X6, Gəncə şəhər 2 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, əvvəlki çıxarışın bərpası və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-69-20 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar