Məhkəmə qərarları › İş №2-1(114)-581/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-581/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-581/2024 03.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsinə icazənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçının vəkil olan nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X14) qarşı uşağın soyadının dəyişdirilməsinə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları

1. Doğum haqqında xx.xx.2018-ci il tarixli AZ-İV 191285 nömrəli şəhadətnamədən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. Bu barədə xx.xx.2018-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində 2466 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.

2. Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 913 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində İddiaçı doğulmuş X5 X4 hesab edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində 760 nömrəıli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur.

3. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının 05 iyun 2023cü il tarixli iclasının 06 saylı protokolu ilə Şəmkir rayonu, Əliyaqublu kənd sakini İddiaçı müraciəti üzrə xx.xx.2018-ci il təvəllüdlü X7 adının dəyişdirilib “Anur” adı ilə əvəz olunması məqsədəmüvafiq hesab edilməmişdir.

4. İddiaçı övladının soyadının dəyişdirilməsinə icazə verilməsi üçün Cavabdehnə müraciət etmiş və sonuncu xx.xx.2023-cü il tarixli 5-76/1-M-96-164/2023 nömrəli məktubla ad dəyişmə ilə bağlı sənədlər tam olmadığı üçün imtina verildiyi bildirmişdir.

5. Şəmkir rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-110/2-13698/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan X8 barəsində xx.xx.2023-cü il tarixdə 800648 nömrəli axtarış işi açılmışdır.

6. Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-2070 nömrəli məktubunda bildirilmişdir ki, uşağın adının dəyişdirilməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən mümkündür. Odur ki, müraciətinin təmin edilməsi imkan xaricindədir.

7. Məhkəmənin sorğusuna Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli 2224/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hal-hazırda şöbənin icraatında X8 tərəf, eləcə də borclu olduğu icra sənədi yoxdur.

8. Məhkəmənin sorğusuna Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli 3132 nömrəli cavab məktubunda göstərilmişdir ki, hal-hazırda Şəmkir rayon İcra və Probasiya şöbəsinin icraatında Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan X8 uşağın saxlanılması üçün alimentin tutulması və ya uşaqla ünsiyyətdə olma tələbinə dair tərəf olduğu icra sənədi yoxdur.

9. Məhkəmənin sorğusuna Cavabdeh başçısının Əliyaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-48/2-28/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X3 rayonu, Əliuyaqublu kəndində qeydiyyatda deyil, Gəncə şəhərində qeydiyyatdadır. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Şəmkir rayon qeydiyyat şöbəsinə (üçüncü şəxs Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edərək Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən övladı X6 adının “Elburus”dan, “Anur”a dəyişdirilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi və həmin şəhadətnamədə “Adı qrafasında” adının “Anur” kimi yazılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş əri X16 ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra onunla birgə nikahlarından X15 anadan olmuşdur. Keçmiş əri ilə münasibətləri normal olmadığından və o, övladının saxlanmasını təmin etmədiyindən ondan hazırda məcburi alimentin tutulması barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, X12 qarşı qızıl-zinət tələbi ilə bağlı Şəmkir Rayon Məhkəməsinə müraciət etsə də X9 həmin qızıl-zinyət əşyalarının tutulması barədə qətnamə çıxarıldıqdan sonra onun barəsində axtarış işi açılmışdır. X2 öz övladı üzərində valideyn kimi hüquq və vəzifələrini icra etməmişdir. Hazırda övladı X6 adının dəyişdirilərək «Elburus»dan «Anur»a dəyişdirilməsi barədə Şəmkir Rayon İcra aparatına müraciət edərək oğlu X6 dəyişdirilməsini bildirməyinə baxmayaraq Şəmkir rayon Qəyyumluq və Himayəçilik Komissiyası bunu nəzərə almamışdır. Belə ki, onun tərəfindən X10 öz övladına baxmayaraq Azərbaycan Respublikasında olub-olmamasını müəyyən etməyin mümkün olmadığını və onun barəsində axtarış işi açılmasını bildirməyinə baxmayaraq Cavabdeh Qəyyumluq və Himayəçilik orqanı bunu nəzərə almamışdır. Bu baxımdan həmçinin cavabdeh Şəmkir rayon qeydiyyat orqanı da əsassız olaraq onun övladının adının dəyişdirilməsində qeydiyyat orqanının səlahiyyəti daxilində olmasına baxmayaraq əsassız olaram ona imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi X17 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh Şəmkir rayon qeydiyyat şöbəsinin Cavabdeh ilə əvəz edilməsi və X7 adının “Elbrus”dan “Anur”a dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2023-cü il tarixli qərardadla isə onun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbələri və ya mümkünsüzlüyü ilə bağlı heç bir məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçının vəkil olan nümayəndəsi X17 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.2018-ci il tarixli AZ-İV 191285 nömrəli şəhadətnamə; - Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 913 nömrəli arayışı; - Cavabdeh başçısı yanında “Qəyyumluq və Himayəçilik orqanı”nın 05 iyun 2023-cü il tarixli iclasının 06 saylı Protokolundan xx.xx.2023-cü il tarixli çıxarış; - Cavabdeh xx.xx.2023-cü il tarixli 5-76/1-M-96-164/2023 nömrəli imtina məktubu; - Şəmkir rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-110/2-13698/2023 nömrəli məktubu; - Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-2070 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/08-506 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli 2224/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli 3132 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh başçısının Əliyaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-48/2-28/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatları dinləyib, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

29. İş materiallarından müəyyən olur ki, İddiaçı ilə X8 birgə nikahından xx.xx.2018ci il tarixdə X15 adlı övladları doğulmuş və bu barədə xx.xx.2018-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində 2466 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.

30. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşağın soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilibverilməməsi səlahiyyəti icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanlarının üzərinə qoyulmuşdur. İddiaçı da Cavabdehnə ərizə ilə müraciət edərək, övladı X1 onun soyadına dəyişdirilməsinə icazə verilməsini xahiş etmiş, həmin ərizə üzrə xx.xx.2023-cü il tarixdə iclas keçirilmiş və iddiaçı öz xahişini onunla əsaslandırmışdır ki, övladının atası anadan olanda uşağa ad qoyub çıxıb Rusiya Federasiyasına getmişdir. Orada ailə həyatı qurmuş, orada yaşayır. Aliment vermir. Uşağı ilə heç maraqlanmır. Uşağa kiçiklikdən Anur adı ilə səslənilib, adını Anur bilir.

31. Həmin iclasda Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə ata-ananın uşağın adını dəyişdirmək üçün birlikdə müraciət etməli olması səbəbindən tək ananın qərarı ilə adın dəyişdirilməsinə razılıq verməyin qanunsuzluq olduğu əsas gətirilərək, xx.xx.2018-ci il təvəllüdlü X7 adının dəyişdirilib “Anur” adı ilə əvəz olunması məqsədəmüvafiq hesab edilməmişdir. Həmin razılıq olmadığı üçün də qeydiyyat şöbəsi adın dəyişdirilməsindən imtina etmişdir.

32. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

33. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

34. Komissiyanın digər valideyn X8 uşağın soyadının dəyişdirilməsinə razılığının olub-olmamasını müəyyən etmək üçün həmin məsələyə münasibətini öyrənməsi yaxud onun uşağın təlim-tərbiyəsində, saxlanılmasında iştirak edib-etməməsi halını müəyyənləşdirməsi öz təsdiqini tapmamışdır.

35. Göründüyü kimi, digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

36. Məhkəmə qeyd edir ki, uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilib-verilməməsi cavabdeh orqanın diskresion səlahiyyətinə aid olmaqla, bu zaman uşağın mənafeyi və maraqları, habelə digər valideynin uşağın saxlanılmasında və tərbiyəsində iştirak etməsi müəyyən edilərsə onun rəyi (digər valideynin uşağın saxlanılmasında və tərbiyəsində iştirak etmədiyi müəyyən edildiyi halda isə onun rəyi məcburi deyil) nəzərə alınmalı olduğundan məhkəmənin hazırkı halda iddiaçının tələbinin təmin edilməsi yönündə qərar qəbul etməsi mümkün deyildir.

37. Belə ki, İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə.

38. Ailə Məcəlləsinin 54-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyi, valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll etdiyi, həmçinin digər valideynin üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almağın məcburi olmadığı təsbit olunmuşdur.

39. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı olduğu halda, bunu etməmiş və icraatın düzgün aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə müəyyən edilməli olan zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır.

40. Ona görə də, məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.

41. Bu zaman üçüncü şəxsin uşağın saxlanılmasında və tərbiyəsində iştirak edibetməməsi müəyyən olunmaqla, iştirak etdiyi halda həmin valideynin rəyi, xüsusilə isə uşağın mənafeyi və maraqları nəzərə alınmaqla, xx.xx.2018-ci il təvəllüdlü X1 dəyişdirilməsinə icazə verilməsi üzrə qərar qəbul edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla, cavabdeh Şəmkir Rayon İcra Hakimiyətinin üzərinə İddiaçı uşağın soyadının dəyişdirilməsinə icazə verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan apellyasiya şikayəti verilə bilməz.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar