Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-582/2024 19.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Samux Mənzil Kommunal İstehsalat Birliyi) mənzilin mərhum ərinə məxsus olması barədə arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli 09 saylı özəlləşmə qərarına əsasən verilmiş yaşayış evinə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ tanınmaqla, onun mülkiyyəti kimi tanınmaqla, onun mülkiyyəti kimi adına qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m, yaşayış sahəsi 21.3 kv.m olan 1 otaqdan ibarət mənzilin mərhum əri X4 məxsus olması barədə arayışın verilməi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-582/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-582/2024 nömrəli qərardadı ilə Samux Mənzil Kommunal İstehsalat Birliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən onun mərhum əri X3 mülkiyyətinə Samux rayonu Lək kəndi ərazisindən fərdi yaşayış mənzilinə texniki pasport verilmişdir. O, həmin torpaq sahəsində tikdirdiyi evi öz adına sənədləşdirmək istəsə də, təqdim edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas olmaması səbəbi ilə onun müraciətinə cavabdeh orqan tərəfindən müsbət cavab verilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 19 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9781/2023 nömrəli etirazında qeyd edilmişdir ki, vətəndaş mənzil sahəsinə dair Samux rayon DTİ və MHQİ-nın 23 09.2005-ci il tarixli, 09 saylı qərarından çıxarışa əsasən Samux rayonu Lək kəndində yerləşən 1 otaqlı, ümumi sahəsi 33.9 kv.m olan məzilin dövlət yaşayış fondunun balansından çıxarılıb vətəndaşın mərhum əri X4 verilməsi barədə qeyd olunmuş səndələri təqdim etmişdir. Müvafiq qərara əsasən X6 adına texniki pasport işlənmişdir. Həmin sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunduğu halda, vətəndaşın təqdim etdiyi Samux rayon DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 09 saylı qərarından çıxarışın hansı əsaslarla verilməsinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundakı yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakımiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqarıına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) huququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsının təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6300/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 35.1ci maddələrini nəzərə alaraq, iddia ərizəsinə etirazı bildirilərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Samux rayon DTİ və MHQİ-nin arayışından görünür ki, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m, yaşayış sahəsi 21.3 kv.m, köməkçi sahəsi 12.6 kv.m torpaq sahəsi X3 adına özəlləşdirilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ - İİ 100416 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. -iş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixli, 298017 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 və İddiaçı xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. -iş materiallarına əlavə edilmiş Samux Rayon İHB-nın Lək kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 376 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı həqiqətən Samux rayonu, Lək kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. -iş materiallarına əlavə edilmiş cavaabdeh orqan tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-6300/2023 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim olunan sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığından ərizənin icrası mümkün hesab edilməmişdir. -iş materiallarına əlavə edilmiş Samux rayon notariat ofisi tərəfindən cavabdeh orqana təqdim edilmiş xx.xx.2023-cü il tarixli 245 nömrəli məktubdan görünür ki, İddiaçı miras qoyan X3 qanun üzrə vərəsəsidir. -iş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 5-72/2-1599/2023 nömrəli məktubundan görünür ki, Samux rayonu Lək kəndində yerləşən mərhum X3 adına verilmiş 1 otaqlı mənzil Samux Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal X1 balansındadır. -iş materiallarına əlavə edilmiş Samux Rayon İHB-nın Lək kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 46 nömrəli arayışından görünür ki, İddiaçı oğlu X5, gəlini X10, nəvələri X8, X7 və X9 ilə birlikdə Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsində yaşayırlar. -iş materiallarına əlavə edilmiş Samux rayon DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 09 saylı qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsi dövlət yaşayış fondunun balansından çıxarılıb X3 mülkiyyətinə verilmişdir. -iş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 5-72/2-380/2024 nömrəli məktubundan görünür ki, Samux rayonu Lək kəndində yerləşən, Samux Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal X1 balansında olan mənzil xidməti mənzil statusu daşımır və həmin ev xüsusi təyinatlı mənzil fonduna aid edilmədiyindən iddia tələbinin təmin edilməsinə etiraz edilmir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsi Samux rayon DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 09 saylı qərarı ilə dövlət yaşayış fondunun balansından çıxarılıb iddiaçının mərhum əri X3 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçının əri X6 ölmüşdür, hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin mənzilin mərhum ərinin adına özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan təqdim edilən sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmamasını bildirərək, ərizənin icrasından imtina etmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-ci maddəsinə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsinin onun mərhum əri X4 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. Cavabdeh orqan isə işin faktiki hallarına uyğun olmayan səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinə məxsus olmasına dair arayış almaq istədiyi yaşayış sahəsi səlahiyyətli orqanın — Samux rayon DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 09 saylı qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı tərəf hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək yaşayış sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlardan o nəticəyə gəlinir ki, cavabdeh orqanın imtinasını əsaslandırdığı arqumentlər əsassızdır. Belə ki, məhkəmənin belə qənaətə gəlməsinin əsasını həmçinin, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunununa əsasən: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsinin İddiaçı mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Samux rayonu Lək kəndində yerləşən ümumi sahəsi 33.9 kv.m olan, 21.3 kv.m yaşayış sahəsinin İddiaçı mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov