Məhkəmə qərarları › İş №2-1(114)-583/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-583/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-583/2020 10.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsi) qarşı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi və həmin ödəmənin 80 manatdan hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi və həmin ödəmənin 80 manatdan hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. Həmin tarixdən başlayaraq ona müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinət verilir. İddiaçı ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi və həmin ödəmənin 80 manatdan hesablanması ilə bağlı DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubunun məzmunundan görünür ki, müharibə veteranları üçün nəzərdə tutuluş aylıq müavinətin ödənilməmiş hissəsinin ödənilməsi ilə bağlı iddiaçının müraciəti müsbət həll edilməmişdir. - 084321 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi və həmin ödəmənin 80 manatdan hesablanması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tələbin “xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi” hissəsini əsaslı hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya məxsus 084321 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2018-ci il tarixdən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ona ödənilməlidir. Məhkəmə tələbin “ödəmənin 80 manatdan hesablanması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 17 mart 2014-cü il tarixli 130 nömrəli Fərmanla (Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minmişdir) əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə verilən müavinətin məbləği 45 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixli 168 nömrəli Fərmanı ilə (Fərman 2018-ci il martın 1-dən qüvvəyə minmişdir) həmin kateqoriyadan olan şəxslərə verilən müavinətin məbləği 55 manat müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün verilən sosial müavinətin məbləği 2018-ci il martın 1-dək “45” manat, həmin tarixdən sonra isə “55” manat olmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tələbin həmin hissədə təmin olunmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar