Məhkəmə qərarları › İş №2-1(114)-583/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-583/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-583/2024 07.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Etibar Məmmədov küçəsində yerləşən 350,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır.

2. xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı 5-1/2- 03/1700/2023 nömrəli məktub ünvanlanaraq, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsinə dair məsələyə xx.xx.2023-cü il tarixdə baxılacağı bildirilmiş və həmin iclasda iştirak etməsi təklif edilmişdir.

3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamı ilə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli Sərəncamı ləğv edilmişdir.

4. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/1- M-96-128/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2018-ci il tarixli 665 nömrəli sərəncamı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarının qeydiyyatı kitabında qeydə alınmışdır.

5. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-1/2-03/1803-2/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli Sərəncamı əsasında Gəncə şəhəri, Etibar Məmmədov küçəsində yerləşən, 350 kv.m olmaqla torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı qanunsuz olduğu üçün, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023cü il tarixli 341 nömrəli sərəncamı ilə ləğv edilmişdir.

6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2024-cü il tarixli 5-1/2-03/1020/2023 nömrəli cavab məktubuna əlavə edilmiş teleqramdan görünür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış göndərişin xx.xx.2023-cü il tarixdə 10:06-da təyinatı üzrə çatdırıldığını bildirmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı X1 xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2018-ci il tarixli 665 saylı sərəncamı ilə Goranboy rayonu, Dəliməmmədli şəhəri, E.Nəsibov küçəsi ev 10-da yaşayan İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Etibar Məhərrəmov küçəsində yerləşəin 350,0 kvm torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Torpaq sahəsi İddiaçıyə verildikdən sonra o, torpaq sahəsini hasarlamış və darvaza qoymuşdur və torpaq sahəsində yarım tikili bina inşa etmişdir. 16 dekabr 2022-ci ildə o, həmin torpaq sahəsini İddiaçı 51000 (əlli bir min) manat ödəyərək almışdır. Bununla bağlı İddiaçı ona 16 dekabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisində 50 illik etibarnamə vermişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli məktubu ilə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2018-ci il tarixli 665 nömrəli Sərəncamının qüvvədə olduğu bildirilmişdir. O, icra hakimiyyətindən verilmiş həmin məktuba etimad edib 2023-cü ilin may ayından etibarən torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Azərbaycan Respublikası "xxxx" MMC-də evinin layihəsi hazırlanmışdır. Layihəyə görə evin 2 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Evin 2,80 metr hündürlüyündə zirzəmisi tam hazırlanıb üstü bağlanmış və 1ci mərtəbənin tikintisi də başa çatmışdır, monoliti tökülməli olan vəziyyətdə 19 iyul 2023-cü il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhərinin Baş memarı Elxan və icra hakimiyyətinin digər 2 əməkdaşı ünvana gələrək sənədlərə baxmışlar və tikintinin qanunsuz başlanıldığını, qanuni sənədləşmənin aparılmalı olduğu bildirmişlər. O, həmin anda ustaların işini dayandırmış və bir neçə gün ərzində sənədləşmənin aparılması ilə məşğul olmaq qərarına gəlmişdir. 20 iyul 2023-cü il tarixdə qonşu ona zəng vurub evinin uçurulduğunu bildirmişdir. Belə ki, həmin gün səhər saat 6-7 radələrində İcra Hakimiyyətinin baş memarının göstərişi və iştirakı ilə ona heç bir xəbərdarlıq edilmədən evi MKTİB-nin işçiləri traktor vasitəsilə yerlə-yeksan ediblər. Bununla bağlı o, şikayət etdikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 saylı sərəncamı ilə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 saylı sərəncamı ləğv edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023cü il tarixli 341 saylı sərəncamını qanunsuz hesab edir. Buna görə qeyd edilən sərəncamın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

14. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

16. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

17. Belə ki, mübahisələndirilən sərəncam xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, onun mübahisələndirilməsinə dair müvafiq iddia isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçının vəkil olan nmayəndəsi Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və bildirilmişdir ki, İddiaçı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018ci il tarixli 665 nömrəli Sərəncamı əsasında Gəncə şəhəri, Etibar Məmmədov küçəsində yerləşən, 350 kv.m olmaqla torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı qanunsuz olduğu üçün, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Ona görə də, iddianın rədd olunması xahiş edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı; - Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/1700/2023 nömrəli məktubu; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamı; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/1- M-96-128/2023 nömrəli məktubu; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-1/2-03/1803-2/2023 nömrəli məkubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/2-03/2088/2023 nömrəli cavab məktubu; - Azərpoçt MMC-nin teleqramı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Etibar Məmmədov küçəsində yerləşən 350,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş, sonradan həmin qərar “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamı ilə ləğv edilmişdir.

28. Mübahisələndirilən sərəncamın qəbulu onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü yarımbəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) səlahiyyəti yeri icra hakimiyyəti başçılarına məxsusdur. Qeyd edilənlər və “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı ləğv edilmişdir.

29. Göründüyü kimi, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Etibar Məmmədov küçəsində yerləşən 350,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncam “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 və Torpaq Məcəlləsinin 57-ci maddəsinə əsaslandırılsa da, həmin normalarda bu cür sərəncamın qəbul edilməsi səlahiyyəti müəyyən olunmamışdır.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi.

31. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

32. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin:

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.18.2-ci bəndinə əsasən, həmin Əsasnamənin 4.16.4-cı bəndində nəzərdə tutulmuş müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi səlahiyyətləri şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

33. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, həmin Əsasnamənin 4.16.4-cü bənində nəzərdə tutulmuş müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi səlahiyyətləri şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyindən, həmin torpaq sahələrində hər hansı bir obyektin və ya fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsi də qanunsuz olmuşdur.

34. Digər tərəfdən, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə hər hansı qərar mövcud olmamış, torpaq sahəsi ayrılmadan həmin sahədə fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilmişdir ki, bu da sərəncamın qanunsuzluğuna dəlalət edən digər haldır.

35. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 4 mart 2022-ci il tarixli 492-VİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.

36. Ona görə də, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli Sərəncamının ləğvi məsələsi ilə bağlı inzibati icraat başlanılmış, iddiaçı həmin icraata dəvət edilmiş (həmin dəvətin iddiaçıya rəsmi qaydada çatdırılmasını təsdiq edən sənəd olmasa da, iddiaçının özü həmin məktubun ona göndərildiyini və aldığını, lakin iclasa getmədiyini bildirmişdir) və “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli 341 nömrəli sərəncamla Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 665 nömrəli sərəncamı ləğv edilmişdir.

37. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.

38. Beləliklə, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2018-ci il tarixli 665 nömrəli sərəncamı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən, həmin sərəncamın ləğvinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 14 avqust 2023-cü il tarixli 341 nömrəli sərəncamı qanuni qəbul edilmişdir və onun ləğv edilməsinə heç bir hüquqi və qanuni əsas yoxdur.

39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar