Məhkəmə qərarları › İş №2-1(114)-5839/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5839/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5839/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X3, X8, X4 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, Sadıllı ərazi dairəsi, Sadıllı qəsəbəsi, Məhəllə D-12, sahə 22, ev Məhəllə D-12, sahə 22: Yeni qaydalarla: Elxan Məmmədov küçəsi, 15 ünvabda qeydiyyatda olmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda yaşayır. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda yerləşən **********05- 10301 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2024cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayış əsasında xx.xx.1941-ci il təvəllüdlü X3, xx.xx.1969-cu il təvəllüdlü X8, xx.xx.2003cü il tarixli X4 onun mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslər - X3, X8, X4 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-İ-27645/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X8, X4 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi üçüncü şəxslərdən X1 almışdır, digər üçüncü şəxslər X8, X2 mülkiyyətçi Mərizənin oğlu və nəvəsidir. Həmin evdə hazırda iddiaçı ilə ailəsi birgə yaşayır. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 31091/2025 nömrəli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3, X8, X4 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. 1)X3 xx.xx.1941-ci ildə Şəmkir rayonunda anadan olmuş, xx.xx.2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Sonuncunun mərhum əri X9 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, ondan miras qalmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda yerləşən daşınmaz əmlakı xx.xx.2024-cü il tarixdə iddiaçıya satmışdır. 2) X8 xx.xx.1969-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, xx.xx.2002-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə X8 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda yerləşən fərdi yaşayış evini satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evini tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. 3) X5 xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə X5 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində bildirmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanda yerləşən fərdi yaşayış evini satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evini tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli, 5-1-6/2-12/2025 nömrəli məktubunda bildirmişdir ki, ünvan 3 ünvanına baxış keçirilmiş, X3, X8, X4 həmin ünvanda hal-hazırda yaşamadıqları müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alıması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndinə əsasə vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Üçüncü şəxslərin həmin yaşayış evində yaşaması ilə bağlı qeyd edilməlidir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-1-6/2-12/2025 nömrəli məktubu, eləcə də üçüncü şəxslərin adına göndərilmiş məhkəmə bildirişi üzərindəki qeyddən üçüncü şəxslərin hazırda həmin ünvanda yaşamadıqları müəyyən olunur (zərflərin üzərinə poçtalyon tərəfindən yapışdırılmış və onun imzası ilə təsdiq edilmiş məlumatda üçüncü şəxslərin bu ünvanda yaşamadıqları göstərilmişdir). Eyni zamanda, Elektron Sorğu Məhkəmə Sistemindən çıxarışlardan görünür ki, üçüncü şəxslərdən X8 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara çıxmışdır. Üçüncü şəxslərə münasibətdə təhlil edilməli olan digər məsələ həmin şəxslərin evə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər. Baxılan işdə üçüncü şəxslər iddiaçının ailə üzvü və qohumu deyil, keçmiş mülkiyyətçinin zamanında mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən o, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına aid edilmir. Ona görə də, onun mübahisəli mənzilə istifadə hüququ yoxdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, iddiaçı ilə əvvəllər və hazırda hər hansı ailə bağlarının olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X3, X8, X4 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X7 küçəsi, ev 30 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar