Məhkəmə qərarları › İş №2-1(114)-584/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-584/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-584/2020 03.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsi) qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, veteranlıq verildiyi günədək yəni xx xxxxx 2017-ci il tarixdən olan 3 il müddətinə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinətin xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixə olan ödənilməmiş olan müavinətin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsində iştirakına görə xx xxxxx 2017-ci il tarixdə müharibə veteranı statusu almaqla veteranı vəsiqəsi almışdır. Həmin vaxta kimi veteranlıq üçün qanunla müəyyən edilmiş müavinəti almamışdır. Bundan başqa xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixə olan müavinətini də almamışdır. Bu barədə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2014-cü ildə 2-ci qrup əlilliyə görə pensiyaya çıxmışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı müharibə veteranı statusu aldığı gündən ona müavinət təyin edilib ödənilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı xx xxxxx 2017-ci il tarixdən veteranlıq statusu və veteran vəsiqəsi verildiyi, bu tarixədək satatusunun olmadığı bildirilmişdir. -059177 nömrəli xx.xx.2017-ci il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçıya müharibə veteranı statusu xx.xx.2017-ci il tarixdən verilməsinə baxmayaraq ona həmin tarixdən əvvəlki 3 il dövr üçün ödənilməli olan müavinət, eləcə də xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək həmin kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət ödənilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, ona 2014-cü ildə pensiya təyin edilmişdir və mövcud qanunvericiliyə görə sözügedən müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Başqa sözlə iddiaçıya 2014-cü ildən əmək pensiyası təyin edilməsi ona müharibə veteranı kimi sosial müavinətin ödənilməsini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2 maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar