Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-584/2022 31.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.1991-ci ildən 01.05.1995-ci il tarixədək "M.Allahverdiyev" adına sovxozda, 01.10.1997-ci il tarixdən 01.09.1999-cu il tarixədək Poylu 22-ci X6, 08.01.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək X11 Köçəsgər kəndində yerləşən satış köşkündə, 01.02.1972-ci il tarixdən 23.12.1972-ci il tarixədək Texniki Peşə Təhsili Komitəsində təhsil aldığı illərin və 2 il hərbi xidmətdə olduğu illərin sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il tarixdə Ağstafa şəhərində anadan olmuşdur. Əmək fəaliyyətimə 1973-cü ildən başlasa da bəzi illər iş stajına əlavə edilməmişdir. Belə ki, 04.06.1991-ci il tarixdə "M.Allahverdiyev" adma sovxozda fəhlə qəbul edilmiş, 03.02.1993-cü il tarixdə fəhlə vəzifəsindən azad olunmuş və həmin sovxozda yanğın işçisi vəzifəsinə təyin edilmişdir. Vəzifəsi yenidən dəyişdirilərək 30.01.1995-ci il tarixdə sovxozda işçi briqadasına fəhlə keçirilmiş, bu vəzifədə 01.05.1995ci il tarixədək çalışmışdır. Bundan sonra 01.10.1997-ci il tarixdən 01.09.1999-cu il tarixədək Poylu 22- ci X8 iki həftəlik sınaq müddətilə sürücü vəzifəsində çalışmışdır. 08.01.2001-ci il tarixdə X11 Köçəsgər kəndində yerləşən satış köşkünə müqavilə yolu ilə satıcı qəbul edilmiş, 31.05.2002-ci il tarixədək bu vəzifədə çalışmışdır. 11.11.1975-ci il tarixdən 09.11.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01.02.1972-ci il tarixdən 23.12.1972-ci il tarixədək isə Texniki Peşə Təhsili Komitəsində təhsil almışdır. Təqaüd almaq üçün cavabdehə müraciət etmiş, lakin işlədiyi illər, təhsil aldığı il və hərbi xidmətdə olduğu illər iş stajı kimi qeyd olunmamışdır. Bu faktı təsdiqləyəcək kifayət qədər sübutları və sənədləri vardır. Məhkəmə qaydasında olmadan bu faktın müəyyən edilməsi mümkün deyildir. 15.04.2022-ci il tarixdə iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, 01.01.1994-cü il tarixdən 01.05.1995-ci il tarixədək M.Allahverdiyev adına sovxozda işlədiyi illər ( 1 il 4 ay 23 gün) və 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək X12 işlədiyi illər (1 il 4 ay) cəmi 2 il 8 ay 23 günün sosial sığorta stajına daxil edilməklə ona 18.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirilmiş iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 22.09.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının 10.10.1975-ci il tarixində tərtib edilmiş əmək kitabçası və H3-№ ******* saylı hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı əyani təhsil müddəti nəzərə alınmaqla 22 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 4 ay sığorta stajına uyğun olaraq 17019,56 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının 03.09.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunan 08.01.2001-ci il tarixindən 31.05.2001-ci il tarixinə qədər X4 dövrdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 18.06.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh 31.03.2022-ci il tarixli, **********8 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı müraciəti ilə bağlı aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta sajının cəmi 22 il 4 ay müəyyən olunması qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının 03.09.2021-ci il tarixli qarşılıqlı yoxlama aktında 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək işlədiyi X11 əmək haqqı cədvəllərində adı aşkar olunmadığından ’’Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə amək pensiyasının təyin olunması imkan xaricində olması bildirilmişdir. Bundan sonra, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında onun barəsində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.1956-cu il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ 18.06.2021-ci il tarixdə yaranmışdır. İddiaçı 29.06.2021-ci il tarixli məktubla Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi sənədlərə (əmək kitabçası) müvafiq olaraq, 22 il 4 ay ümumi iş stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir. İddiaçının 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək işlədiyi X11 əmək haqqı cədvəllərində adı aşkar olunmadığından həmin dövr (1 il 4 ay) və 01.01.1994-cü il tarixdən 01.05.1995-ci il tarixədək işlədiyini iddia etdiyi “M.Allahverdiyev” adına sovxozda əmək haqqı alması müəyyən edilmədiyi üçün bu dövrlər (1 il 4 ay 23 gün) mübahisələndirilən sığorta stajıdır və 2 il 8 ay 23 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. (25 il 23 gün). Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının 03.09.2021-ci il tarixli qarşılıqlı yoxlama aktında 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək işlədiyi X11 əmək haqqı cədvəllərində adı aşkar olunmadığından) 01.01.1994-cü il tarixdən 01.05.1995-ci il tarixədək işlədiyini iddia etdiyi “M.Allahverdiyev” adına sovxozda əmək haqqı alması müəyyən edilmədiyi üçün bu dövrlər mübahisələndirilən sığorta stajıdır və 2 il 8 ay 23 gün təşkil edir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, İddiaçı mübahisəsiz iş stajı cəmi 22 il 4 ay təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci mədəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus 10.10.1975-ci il tarixli əmək kitabçası, NZ ******* nömrəli hərbi bilet, DYMX-nın 37/39-M-0404 nömrəli, 11.11.2021-ci il tarixli arayışı,634 nömrəli attestat, cavabdehin 22.09.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu, Ağstafa Rayon Dövlət Arxivinin 03.09.2021-ci il tarixli, 43 nömrəli arxiv arayışı, 31.03.2022-ci il tarixli, **********8 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarına əlavə edilmiş, Ağstafa Rayon Dövlət Arxivinin 03.09.2021-ci il tarixli, 43 nömrəli arxiv arayışından X2 rayon “M.Allahverdiyev” adına sovxozda işləyərkən 1991-ci il üzrə l-Vl aylar üçün, 1992-ci il üzrə lX-X aylar üçün və 1994-95-ci illər üzrə əmək haqqı almadığı görünür. İş materiallarına əlavə edilmiş, Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının 03.09.2021-ci il tarixli Aktından görünür ki, İddiaçı 04.06.1991-ci ildən 01.05.1995-ci il tarixədək Ağstafa rayon M.Allahverdiyev adına sovxozda, 08.01.2001-ci ildən 31.05.2002-ci il tarixədək X11 Köçəsgər və Poyla kəndlərində yerləşən satış köşklərində işləməsi faktının düzgünlüyünün müəyyənləşdirilməsi üçün yoxlama aparılmış və onun 08.01.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək X12 işlədiyi dövrdə əmək haqqı kitabında onun adı aşkarlanmamışdır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 22 il 4 ay iş stajı vardır. İddiaçı 01.01.1994-cü il tarixdən 01.05.1995-ci il tarixədək “M.Allahverdiyev” adına sovxozda işlədiyi dövrlər (1 il 4 ay 23 gün) və 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək işlədiyi X12 işlədiyi illərin (1 il 4 ay) iş stajın daxil olmasını istəyir. X1 Ağstafa rayon “M.Allahverdiyev” adına sovxozda işləyərkən 1991-ci il üçün l-Vl aylar üçün, 1992-ci il üzrə lX-X aylar üçün və 1994-95-ci illər üzrə isə əmək haqqı almadığı və 08.01.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək X12 işlədiyi dövrdə Neft bazasının əmək haqqı kitabında onun adı aşkarlanmamışdır. Belə olan halda iddiaçının pensiya təyininə yetərli olacaq 25 il əmək stajı tamamlanmamış olur. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən və özündə mötəbər məlumatları əks etdirən əmək kitabçasını məhkəməyə təqdim etsə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçasındakı mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyi iş materialları ilə təsdiq olunmur. Buradan da bu nəticəyə gəlmək olar ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, hər bir zaman sübut kimi qəbul edilə bilməz. Çünki orada olan məlumatların həqiqiliyi tam təsdiq edilməlidir. Hazırki vəziyyətdə məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasında olan müəyyən qeydləri mötəbər sübut kimi qəbul etmir. Ona görə də məhkəmə əmək kitabçasında olan qeyd olunan müəssisədə iddiaçının işləməsinə dair məlumatların düzgünlüyünə şübhə ilə yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmişdir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onu məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında qeyd edilən iş illərinin iddiaçıya pensiya təyininə yetərli olacaq hissəsi (25 il) arxiv və digər sənədlərlə öz təsdiqin tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 01.01.1994-cü il tarixdən 01.05.1995-ci il tarixədək M.Allahverdiyev adına sovxozda işlədiyi illər (1 il 4 ay 23 gün) və 01.08.2001-ci il tarixdən 31.05.2002-ci il tarixədək X12 işlədiyi illər (1 il 4 ay) cəmi 2 il 8 ay 23 günün sosial sığorta stajına daxil edilməklə ona 18.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-584/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-584/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver