Məhkəmə qərarları › İş №2-1(114)-585/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-585/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-585/2020 11.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsi) qarşı uşaqa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, uşağa qulluq etdiyi 4 il 8 ay 11 gün müddətin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF-nin Ağstafa rayon şöbəsi onun yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajının 12 il olmadığını bəhanə gətirərək pensiya ödənişini dayandırmışdır. Halbuki onun iş stajı 12 ildən çoxdur, belə ki, əmək kitabçasında iş stajı 8 il 2 ay təşkil edir. Həmçinin 2 azyaşlı övladına qulluq etmişdir. X1 xx.xx.1980-ci ildə, X11 isə xx.xx.1983-cü ildə anadan olmuşdur. İddiaçının oğlu X11 1985-ci ilin yanvar ayında X4 tərəfindən övladlığa götürülmüşdür.“Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-cı maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına aid edilir. Uşaqlarına qulluq etdiyi dövr (4 il 8 ay 11 gün) sığorta stajına əlavə edilsə ümumi iş stajı 12 ildən çox olur. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının bərpa olunması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsi nəzərdə tutulmadığından və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan azı 12 il sığorta stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. İddiaçının uşağa qulluq etdiyi müddət sosial sığorta stajına əlavə edilsə pensiya təyinatı bərpa oluna bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsi nəzərdə tutulmadığından və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan azı 12 il sığorta stajı olmadığından uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsindən və yaşa görə əmək pensiyasının bərpa olunmasından imtina edilmişdir. -“Pensiya miqdarının dəyişdirilməsi haqqında” DSMF-nin Ağstafa rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 617 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya dayandırılmışdır. -İddiaçı məxsus ******* nömrəli xx.xx.1989-cu il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixə kimi müxtəlif işlərdə işləmişdir. -Vİ-ЖГ 476927 nömrəli xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -Xİ-ЖГ 266772 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1983-cü il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında X4 qeyd olunmuşdur. -AZ-İ 011412 nömrəli xx.xx.2019-cu il tarixli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X12 xx.xx.1985-ci il tarixdə X2 övladlığa verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının tələb olunan azı 12 il sığorta stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının körpə uşaqlarına qulluq etdiyi 1980-1985-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “e” yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının körpə uşağa qulluq etdiyi müddət 1980-1985-ci illərə təsadüf etdiyindən və iddiaçı həmin dövrdə işləmədiyindən, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının körpə uşağa qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi 4 il 8 ay 11 gün müddətin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə tələbin “yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasına onun tələb olunan 12 il iş stajının olmaması səbəb olmuşdur. Əmək kitabçasına əsasən iddiaçının 8 il 2 ay sığorta stajı mövcuddur ki, bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının uşağına qulluq etdiyi 4 il 8 ay 11 gün müddət onun sosial sığorta stajına daxil edildikdə ümumilikdə onun 12 il 10 ay 11 gün (8 il 2 ay + 4 il 8 ay 11 gün) sığorta stajı yaranır və həmin staj ona pensiya təyinatına imkan verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının 3 yaşınadək azyaşlı uşaqlarına qulluq etdiyi 4 il 8 ay 11 gün müddətin sosial sığorta stajına daxil edilməsi və onun yaşa görə əmək pensiyası hüququnun bərpa edilərək pensiya ödənişinin xx.xx.2019-cu il tarixdən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 3 yaşınadək azyaşlı uşaqlarına qulluq etdiyi 4 il 8 ay 11 gün müddətin sosial sığorta stajına daxil edilməsi və onun yaşa görə əmək pensiyası hüququnun bərpa edilərək pensiya ödənişinin xx.xx.2019-cu il tarixdən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar