Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-585/2021 29.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 3, mənzil 8 (köhnə Aliminiumçular küçəsi, ev 6, mənzil 8) ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 3, mənzil 8 (köhnə Aliminiumçular küçəsi, ev 6, mənzil 8) ünvanda yerləşən mənzil 1962-ci ildə Gəncə şəhər 3 nömrəli Rayonlararası Təmir Tikinti Tresti tərəfindən iddiaçının atası X5 verilmişdir. Həmin vaxt Rəhim İsayevin 4 nəfər ailə üzvü- arvadı Dilşad İsayeva, qızları Rahilə İsayeva, Nazirə İsayeva və Lalə İsayeva olmuşdur. İddiaçı 1965-ci ildə həmin mənzildə doğulmuşdur. İddiaçının atası vəfat etdikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 7022 nömrəli sərəncamı ilə mənzilin şəxsi hesab vərəqəsi anası X3, anası vəfat etdikdən sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 19 nömrəli sərəncamı ilə mənzilin şəxsi hesab vərəqəsi onun adına keçmişdir. İddiaçı həmin mənzili öz adına qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, bununla bağlı olaraq ondan mənzilin orderinin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı orderin əsli onda olmadığından X6 filialına müraciət etmiş, lakin 1962-ci il üzrə orderlərin yoxlanılması zamanı iddiaçının atasının adına qeyd edilən ünvana aid order aşkar olunmamışdır. Bu səbəbdən də cavabdeh orqan həmin mənzili iddiaçının adına qeydiyyata almaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********95 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı müraciəti üzrə aparılan araşdırma zamanı mənzil sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Mənzilə dair şəxsi hesab vərəqəsinin açılması barədə sənəd mənzilin özəlləşdirilməsi üçün əsas hesab oluna bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 7022 nömrəli sərəncamının məzmunundan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 3 nömrəli binanın 8 nömrəli mənzilinin şəxsi hesab vərəqəsi həyat yoldaşının vəfatı ilə əlaqədar X2 adına keçirilmişdir. -Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 19 nömrəli sərəncamının məzmunundan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 3 nömrəli binanın 8 nömrəli mənzilinin kirayəçisi X2 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi oğlu İddiaçı hesab edilmişdir. -X6 filialının xx.xx.2020-ci il tarixli 1067/4 nömrəli məktubundan görünür ki, 1962-ci il üzrə orderlərin yoxlanılması zamanı X4 adına qeyd edilən ünvana aid order aşkar olunmamışdır. -surəti işə əlavə edilmiş xx.xx.1962-ci il tarixli, 243 nömrəli orderdən görünür ki, X4 və onun ailə üzvlərinin istifadəsinə mənzil verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, xx.xx.1962-ci il tarixli, 243 nömrəli orderlə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 3, mənzil 8 (köhnə Aliminiumçular küçəsi, ev 6, mənzil 8) ünvanda yerləşən mənzil X4 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçı isə müvafiq orderlə atasına verilmiş mənzilə iddia edərək həmin mənzilin onun adına özəlləşdirilməsini iddia edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, sözügedən orderdə mənzilin ünvanı (küçə adı) qeyd olunmamış, yalnız binanın və mənzilin nömrəsi yazılmışdır. Eləcə də, həmin orderdə iddiaçının adı qeyd olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 19 nömrəli sərəncamı ilə həmin mənzilin kirayəçisi iddiaçı hesab edilməsinə baxmayaraq mövcud qanunvericilik bu sərəncamla sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas vermir. Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14cii maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinasını əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-585/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-585/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver