Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-586/2020 11.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsi) qarşı uşaqa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, uşağa qulluq etdiyi 6 il müddətin sığorta stajına əlavə olunaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF-nin Ağstafa rayon şöbəsi onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajının 20 il olmadığını bəhanə gətirərək pensiya ödənişini dayandırmışdır. Halbuki onun iş stajı 20 ildən çoxdur, belə ki, əmək kitabçasında iş stajı 15 il 11 ay 10 gün təşkil edir. Həmçinin 4 azyaşlı övladına qulluq etmişdir. Övladlarından X5 xx.xx.1984-cü ildə, Rzayeva Hicran Əli qızı xx.xx.1986-cı ildə, X6 xx.xx.1989-cu ildə, X4 isə xx.xx.1990-cı ildə anadan olmuşdur.“Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-cı maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına aid edilir. Uşaqlarına qulluq etdiyi dövr (6 il) sığorta stajına əlavə edilsə ümumi iş stajı 20 ildən çox olur. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının bərpa olunması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsi nəzərdə tutulmadığından və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan azı 20 il sığorta stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. İddiaçının uşağa qulluq etdiyi müddət sosial sığorta stajına əlavə edilsə pensiya təyinatı bərpa oluna bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsi nəzərdə tutulmadığından və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan azı 20 il sığorta stajı olmadığından uşağa qulluq dövrünün sığorta stajına əlavə edilməsindən və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasından imtina edilmişdir. -“Pensiya miqdarının dəyişdirilməsi haqqında” DSMF-nin Ağstafa rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 616 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. -İddiaçı məxsus ******* nömrəli xx.xx.2001-ci il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi müxtəlif işlərdə işləmişdir. - X-ЖГ 317977 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1984-cü il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd olunmuşdur. - Xİ-ЖГ 375829 nömrəli xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Rzayeva Hicran Əli qızı xx.xx.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd olunmuşdur. - Xİİİ-ЖГ 488284 nömrəli xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -XİV-ЖГ 491061 nömrəli xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1990-cı il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan tələb olunan azı 20 il sığorta stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının körpə uşaqlarına qulluq etdiyi 1984-1992-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “e” yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının körpə uşağa qulluq etdiyi müddət 1984-1992-ci illərə təsadüf etdiyindən və iddiaçı həmin dövrdə işləmədiyindən, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının körpə uşağa qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi 6 il müddətin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə tələbin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasına onun tələb olunan 20 il iş stajının olmaması səbəb olmuşdur. Əmək kitabçasına əsasən iddiaçının 15 il 11 ay 10 gün sığorta stajı mövcuddur ki, bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının uşağına qulluq etdiyi 6 il müddət onun sosial sığorta stajına daxil edildikdə ümumilikdə onun 21 il 11 ay 10 gün (15 il 11 ay 10 gün + 6 il) sığorta stajı yaranır və həmin staj ona pensiya təyinatına imkan verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının 3 yaşınadək azyaşlı uşaqlarına qulluq etdiyi 6 il müddətin sosial sığorta stajına daxil edilməli və onun əmək pensiyası hüququnun bərpa edilərək pensiya ödənişinin xx.xx.2019-cu il tarixdən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 3 yaşınadək azyaşlı uşaqlarına qulluq etdiyi 6 il müddətin sosial sığorta stajına daxil edilməsi və onun əmək pensiyası hüququnun bərpa edilərək pensiya ödənişinin xx.xx.2019-cu il tarixdən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-586/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-586/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver