Məhkəmə qərarları › İş №2-1(114)-59/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-59/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-59/2025 16.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Tərtər rayonu Qaradağlı bələdiyyəsi) qarşı Tərtər rayonu Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli 04 nömrəli qərarına əsasən Tərtər rayon Kəbirli kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarına əsasən Tərtər rayonu, Kəbirli kəndindən İddiaçı adına 0.12 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermişdir.

3. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 250 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2010-cu il tarixdə 37 nömrə ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X5 kitabında xx.xx.2010-cu il tarixdə A 260828 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçının iştirakı ilə iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək torpaqların elektron kadastr uçotu informasiya sistemi və Vəzir Orucov adına təsərrüfatın Kəbirli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisə edildi. Məlumat üçün bildirilir ki, keçmiş DTXK tərəfindən AN (260828) saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evini tikmək üçün Tərtər rayon Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli 04 saylı qərarı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatlarına əsasən sözügüdən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən xüsusi mülkiyyət kimi, Vəzir Orucov adına təsərrüfatın Kəbirli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri kateqoriyasından olmaqla, həyətyanı sahəhələrin altıda olan torpaqlardandır. 2) Həmin torpaq sahəsi faktiki naturada 0.1185 ha təşkil edir. Sərhədləri və koordinatları əks etdirən plan rəyə əlavə edilir. 3) Mübahisələndirilən torpaq sahəsi elektron məlumat bazasında hər hansı subyektin mülkiyyət və icarə hüquqları qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşmür. 4) Yer səthinin üzərində qaz kəməri, elektrik xətti, çaylar, göllər və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlər omadığından mühafizə zonasına düşmür.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturadakı istifadəçilik arasında qismən uyğunsuzluq olduğundan (koordinat sürüşməsi) olduğundan 266 kv.m hissəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturadakı istifadəçilik arasında qismən uyğunsuzluq olduğundan (koordinat sürüşməsi) olduğundan 266 kv.m hissəsi X2 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarına əsasən Tərtər rayonu, Kəbirli kəndindən onun adına ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli, 04 saylı qərarına əsasən Tərtər rayon Kəbirli kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Buna uygun olaraq o, həmin torpaq sahsində fərdi yaşayış evi tikdirmək istəyir. Lakin ona «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verilsə də dövlət reyestrindən çıxarış və texniki pasport verilmədiyindən həyətyanı torpaq sahəsi üzərində daşınmaz əmlakını dövlət qeydiyyatına aldıra bilməmişdir. Həyətyanı torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, onun qanuni istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (dövlət reyestrindən çıxarış və texniki pasport) verilməlidir. Məhz buna görə də o, Tərtər rayon Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli 04 saylı qərarına əsasən Tərtər rayon Kəbirli kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki pasport) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəsinə cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-R-0003-8/2023 №-li məktubda «torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur» kimi qeyd edilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tərtər rayonu Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli 04 nömrəli qərarına əsasən Tərtər rayon Kəbirli kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Tərtər rayonu Xoruzlu bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla Tərtər rayonu Xoruzlu bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər rayonu Qaradağlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

23. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

25. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

26. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarı; - DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alğı-satqısına dair xx.xx.2010-cu il tarixdə 37 nömrəli akt; - xx.xx.2010-cu il tarixdə A 260828 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 1419/2023 nömrəlixx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarına əsasən Tərtər rayonu, Kəbirli kəndindən İddiaçı adına 0.12 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermişdir. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 250 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2010-cu il tarixdə 37 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X5 kitabında xx.xx.2010-cu il tarixdə A 260828 nömrə ilə uçota alınmışdır.

30. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

31. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğısatqısına dair akt ilə də təsdiq edilir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

33. Mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2010-cu il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin və Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyləri ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Kəbirli bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

34. Cavabdeh orqanın iddiaya qarşı ilk dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Yəni, cavabdehin qənaətinə görə, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə iddiaçıya satıla bilərdi.

35. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

36. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

37. Sadalanan normalardan göründüyü kimi, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

38. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.

39. Hazırkı iş materialları, o cümlədən icraat iştirakçılarının izahatları ilə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Tərtər rayonu Kəbirli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 saylı qərarında da həmin normaya istinad mövcuddur.

40. Digər tərəfdən, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.12 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, İddiaçının iştirakı ilə iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək torpaqların elektron kadastr uçotu informasiya sistemi və Vəzir Orucov adına təsərrüfatın Kəbirli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisə edildi. Məlumat üçün bildirilir ki, keçmiş DTXK tərəfindən AN (260828) saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evini tikmək üçün Tərtər rayon Kəbirli bələdiyyəsinin 26 aprel 2010- cu il tarixli 04 saylı qərarı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatlarına əsasən sözügüdən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən xüsusi mülkiyyət kimi, Vəzir Orucov adına təsərrüfatın Kəbirli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri kateqoriyasından olmaqla, həyətyanı sahəhələrin altıda olan torpaqlardandır. Həmin torpaq sahəsi faktiki naturada 0.1185 ha təşkil edir. Sərhədləri və koordinatları əks etdirən plan rəyə əlavə edilir. Mübahisələndirilən torpaq sahəsi elektron məlumat bazasında hər hansı subyektin mülkiyyət və icarə hüquqları qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşmür. Yer səthinin üzərində qaz kəməri, elektrik xətti, çaylar, göllər və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlər omadığından mühafizə zonasına düşmür.

41. Daha sonra məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-46/2-2511/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturadakı istifadəçilik arasında qismən uyğunsuzluq olduğundan (koordinat sürüşməsi) olduğundan 266 kv.m hissəsi X2 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

42. Yəni, iddiaçının adına tərtib olunmuş A-260828 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 266 kv.m hissəsi X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.

43. Göründüyü kimi, iddiaçıya Tərtər rayonu Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli, 04 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsinin faktiki üst-üstə düşməsi deyil, həmin torpaq sahəsinə dair tərtib edilmiş A-260828 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatların üst-üstə düşməsi halı baş vermişdir.

44. Təqdim edilmiş ortofoto görüntülərdən də məlum olur ki, hər iki tərəf – həm iddiaçı, həm X4 özlərinə məxsus torpaq sahəsindən maneəsiz istifadə edirlər və onlar arasında naturada hər hansı mübahisə mövcud deyildir.

45. İddiaçı da hazırkı tələbində Tərtər rayonu Kəbirli bələdiyyəsinin 26 aprel 2010-cu il tarixli 04 nömrəli qərarına əsasən Tərtər rayon Kəbirli kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir.

46. Nəzərə almaq lazımdır ki, sözügedən 0.12 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

47. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

48. Yəni, iddiaçı təxminən 15 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

49. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

50. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

51. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

52. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

53. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

54. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Tərtər rayonu Kəbirli kəndində yerləşən 0.12 ha (1185 kv.m) həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar