Məhkəmə qərarları › İş №2-1(114)-591/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-591/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-591/2020 11.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, soyadının “Tağıyeva” adının isə “Yazgül” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə müraciət edərək əvvəlki ər soyadının “Tağıyeva” adının isə “Yazgül” kimi qeyd edilməsini xahiş etmiş, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2014cü ildə Rusiya Federasiyasından deportasiya olunduğuna görə ad və soyadını dəyişmişdir, indi isə digər sənədləri ilə ziddiyət yaranmışdır, ona görə də əvvəlki ad və soyadına qayıtmaq istəyir. Hazırda hər hansı ölkəyə gedib gəlməklə bağlı problem yoxdur. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz məktubunda bildirilmişdir ki, X1 müraciətinə əsasən Gədəbəy rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli 04 saylı adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən xx.xx.2014-cü il tarixdə soyadını və adını dəyişərək ona İddiaçı kimi AZ-İ 008838 nömrəli adın, soyadın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir, onun soyadının və adının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi üçün soyadının və adının dəyişdirilməsi imkan xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-203 nömrəli məktubundan görünür ki, iddiaçının adına və soyadına növbəti dəfə dəyişiklik edilməsinin mümkün olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -AZ-İİİ 233592 nömrəli, xx.xx.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1968-ci ilin avqust ayının 06-cı günündə 76 nömrə ilə qeyd edilmişdir. - İİ-PY 405820 nömrəli xx.xx.1987-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1987-ci il tarixdə X3 ilə nikaha daxil olmuş, ərə “Tağıyev” arvada “Tağıyeva” soyadı verilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 02/24 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. -Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 122-4852-1220 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-də məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladları ərizəsi təlb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə “Tağıyeva” soyadını hazırki “Əmiraslanova” soyadına və “Yazgül” adını hazırki “Xatirə” adına dəyişdirmiş və yenidən “Tağıyeva” soyadına və “Yazgül” adına keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar