Məhkəmə qərarları › İş №2-1(114)-592/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-592/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-592/2020 14.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş 657 saylı doğum akt qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh əsl cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsi ilə əvəz etməklə Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə nikahlarından xx.xx.2003cü il tarixdə X3 adlı övladları ev şəraitində Ağdam rayonunda doğulmuşdur. Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən uşağa doğum haqqında şəhadətnamə verilərkən onun doğum günü xx.xx.2003-cü il əvəzinə xx.xx.2003-cü il yazılmışdır. Həmçinin, uşağın doğum haqqında şəhadətnaməsi itdiyi üçün xx.xx.2006-cı il tarixdə Cavabdehnə müraciət etmişlər. Cavabdeh tərəfindən 657 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Halhazırda Famil 11-ci sinifdə oxuyur. İmtahanlara girmək üçün uşağa şəxsiyyət vəsiqəsi almaq istəyəndə bildirilmişdir ki, sistemdə Bərdə və Ağdam rayon Qeydiyyat şöbələri tərəfindən verilmiş doğum haqqında şəhadətnamələr qüvvədədir. Ona görə də Familə şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla bağlı olaraq Cavabdehnə 657 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı rəsmi müraciət etmişlər. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 03-05/15 saylı imtina məktubu verilmişdir. Məktubda bildirilmişdir ki, doğum haqqında şəhadətnamənin ləğv edilməsi səlahiyyətləri xaricindədir. Bununla bağlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əlavə olaraq qeyd etmişlər ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1858/2019 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) X1 doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixi ay və gün xx.xx.2003-cü il kimi göstərilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2020-ci il tarixli, 03-05/15 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli, 111-05/13 nömrəli məktubu, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1858/2019 nömrəli qətnaməsinin surəti, iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri, xx.xx.2006-cı il tarixli, 657 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surəti və xx.xx.2010-cu il tarixli, AZ-İİ 444436 nömrəli “Doğum haqqında” şəhadətnamələrin surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 ilə İddiaçı1 birgə nikahından xx.xx.2003-cu il tarixdə X3 anadan olmuşdur. X2 Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən “Doğum haqqında” şəhadətnamə tərtib edilmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə ərizə ilə müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişlər. Cavabdeh tərəfindən 657 saylı doğum akt qeydi tərtib edilmiş və X2 xx.xx.2010-cu il tarixli, AZ-İİ 444436 nömrəli “Doğum haqıqnda” təkrar şəhadətnamə verilmiş, lakin yeni şəhadətnamə verilərkən Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydi ləğv edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydi ləğv edilməlidir. Həmçinin, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(013)-1858/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, ərizəçi İddiaçı1 Cavabdeh tərəfindən övladı X2 verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixininin xx.xx.2003-cü il deyil xx.xx.2003-cü il kimi qeyd edilməsinə dair ərizəsi əsaslı olduğundan təmin edilmiş, X1 doğum akt qeydində düzəliş edilərək doğum tarixi ay və gün xx.xx.2003-cü il göstərilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı ləğv edilməsi tələb edilən Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydinin olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasınıda mümkünsüz etmişdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 9.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. maddəsinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu VVADQ orqanına, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.7. maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(013)-1858/2019 nömrəli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə, həmçinin şəxs barəsində Cavabdeh tərəfindən doğum akt qeydi qeydiyyata alındığından iddia tələbi təmin edilməli, Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 33 nömrəli doğum akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar