Məhkəmə qərarları › İş №2-1(114)-592/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-592/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-592/2022 13.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi və anasına qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci ildən 25.12.2000-ci ilədək Gəncə "xxxx" ASC-də işlədiyi və 2000-ci ilin yanvar ayından 11.11.2010-cu ilə qədər mərhum anası X3 qulluq etdiyi illərin sığorta stajı kimi tanınması və iş stajı kimi qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 1978-ci ildən 25.12.2000-ci il tarixə kimi X7 zavodunda işləmişdir. 1924-cü il təvəllüdlü anası X4 yaşlı və yataq xəstəsi olması ilə əlaqədar öz ərizəsi ilə işdən azad olmuş və 2000-ci ilin yanvar ayından 11.11.2010-cu il tarixədək yataq xəstəsi anasına yardım etmişdir. Pensiya yaşı çatması ilə əlaqədar cavabdehə müraciət etsə də, ona bildirilmişdir ki, Çini qablar ASC-nin əmək haqqı cədvəllərindəki qeydlərə əsasən 09.09.1978-ci ildən 25.12.2000-ci ilə qədər işlədiyi dövrdə 1995-ci ildən etibarən əmək haqqı ödənilmədiyi üçün 1995-ci ildən 25.12.2000-ci ilə qədər olan dövr sosial sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Eyni zamanda, mərhum anası Eminə Verdiyevaya qulluq etməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olarsa, həmin dövrün sosial sığorta stajına əlavə olunmasına dair məsələyə baxıla bilər. Göstərilən səbəblərdən iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, X7 zavodunda 1995-ci ildən sonra əmək haqqı almamışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 11.02.2022-ci il tarixli **********7 nömrəli etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ 10.04.2021-ci il tarixdə yaranmışdır. İddiaçı 27.04.2021-ci il tarixli məktubla inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən müvafiq olaraq 15 il 09 ay ümumi iş stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir. İddiaçının təqdim etdiyi 24 nömrəli 23.04.2021-ci il tarixli Tovuz rayon İHB-nın Ağcaqala kənd İƏDnin arayışına əsasən mərhum anası X3 qulluq etdiyini iddia etdiyi 01.01.2000-ci il tarixdən 11.11.2010-cu il tarixədək olan dövr onun mübahisələndirilən sığorta stajıdır və 10 il 11 ay 10 gün təşkil edir. Həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyrimümkündür. İddiaçının mübahisəsiz iş stajı cəmi 15 il 09 ay təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək etirazda qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının qulluqetmə faktı barədə akt qanunun tələblərinə uyğun tərtib edilməmişdir, yəni həmin akt qulluq edilən şəxsin iştirakı ilə sağlığında tərtib edilməli idi. İddiaçı isə yalnız yerli icra nümayəndəsinin arayışını təqdim etmişdir. Bundan başqa, iddiaçıya "xxxx" ASC-də 1995-2000-ci illərdə əmək haqqı ödənilməmişdir ki, həmin dövr sosial sığorta stajı kimi nəzərə alına bilməz. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 2 əsas şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və o, qanunla müəyyən edilmiş pensiya yaşına (62 yaş) çatmışdır. Mübahisə edilən məsələ iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərincə sosial sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının 1978-ci ildən 1995-ci ilədək olan 15 il 09 ay sığorta stajı qəbul edilir. İddiaçı özü də məhkəmə iclasında 1995-ci ilədək faktiki işlədiyini və əmək haqqı aldığını, 1995-ci ildən sonra əmək haqqı almadığını etiraf etmişdir. İddiaçı 2000-ci ilin yanvar ayından 11.11.2010-cu ilədək ahıl şəxsə qulluq etdiyini iddia edir. Bununla bağlı iddiaçı məhkəməyə 24 nömrəli 23.04.2021-ci il tarixli Tovuz rayon İHB-nın Ağcaqala kənd İƏD-nin arayışını və 23.12.2021-ci il tarixdə 3 nəfər Tovuz rayon Ağacqala kənd sakini tərəfindən tərtib edilmiş aktı təqdim etmişdir. Həmin sənədlərə münasibətdə məhkəmə qeyd edir ki, sosial sığorta stajının təsdiqi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir. Həmin Qaydaların 3.2.5-ci maddəsinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən aktla müəyyən edilir. Qaydaların 10 nömrəli Əlavəsinə əsasən, bu akt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş 1924-cü il təvəllüdlü anasına qulluq etməsinə dair 23.04.2021-ci il tarixli arayış Tovuz rayon İHB-nın Ağcaqala kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş, müvafiq nümayəndə və müavin tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sözügedən arayış Qaydaların tələbinə uyğun tərtib edilmədiyi üçün nəzərə alınmamalıdır. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı toplamadığı üçün belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi və anasına qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar