Məhkəmə qərarları › İş №2-1(114)-593/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-593/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-593/2021 31.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusu verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı şəhid statusu verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş qardaşı X1 rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 2, ev 16 ünvanında qeydiyyatda olmuşdur. X3 SSR-nin ordu slıralarında hərbi xidmət keçmiş, Qarabağ müharibəsi zamanı erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müharibəyə getmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilən İV ЖГ 376618 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi «Ağdam cəbhəsində döyüş zamanı benzindən alovlanaraq yanmışdır» qeyd olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Mübahisənin predmetindən göründüyü kimi iddiaçı qardaşı X2 döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olması barədə ilkin arayışın verilməsinin cavabdehin üzərinə qoyulmasın tələb edir. Qeyd olunmalıdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə (bundan sonra mətndə Qanunun) görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın (bundan sonra mətndə «Qaydalar») 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; Arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4-cü bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər («Qaydalar»ın 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4, 2.1.5, 2.1.6-cı bəndləri). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurundan aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar («Qaydalar»ın 1.2.5, 1.2.6-cı və 2.1.2-ci bəndləri). «Qaydaları»nın 2.1.4-cü maddəsinə görə şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhidin ailə üzvləri hesab olunur. İddiaçı yuxarıda qeyd olunan maddənin tələbinə uyğun, yəni şəhid ailəsinin üzvü hesab edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan əlavə iş materiallarında olan elektron poçt vasitəsilə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin mövcud uçot (arxiv) sənədlərində, həmçinin Xidmətin aparatına həmin orqanlar tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında mərhum X2 adı keçmir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi xx.xx.2020-ci il tarixli 717 nömrəli arayışda göstərmişdir ki, 1970-ci il təvəllüdlü X3 xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1990-cı ildə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınıb. 1992-ci ildə vəfat edib. Məhkəmə qeyd edir ki, X3 həlak olarkən hərbi qulluqçu statusunda olmamışdırsa şəhid statusu və şəhid ailəsi statusu verilməsinə dair iddia üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi cavabdeh ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Qaydalar»ın 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusu verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəlləsinin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusu verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dairiddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar