Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-593/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 1987-2000-ci illərdə hakim vəzifəsində işləmişdir.
2. İddiaçıya xx.xx.2011-ci il tarixdə sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək, 2021-ci ilədək ödənilmişdir.
3. İddiaçının xx.xx.2021-ci ildə 65 yaşın tamam olması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən pensiya növü yaşa görə əmək pensiyasına dəyişdirilmişdir.
4. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1801,80 manat, xx.xx.2021-ci il tarixli qərarla 2141,80 manat, xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarla isə 2209,80 manat məbləğində müəyyən edilmişdir.
5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-171663/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları və müraciətində göstərdiyi bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatının, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinətin, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatının işlədiyi dövr ərzində ona ödənilmədiyini nəzərə alaraq, sözügedən əlavələrin əmək pensiyasının müəyyən edilməsi zamanı orta aylıq əmək haqqına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının, vəzifə maaşından əlavə, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 30%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 4-cü ixtisas dərəcəsinə görə minimum əmək haqqının 2 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək az hesablanmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ilin iyun ayından 1990-cı ilin sentyabr ayınadək Cəlilabad rayonunda hakim, 1990-cı ilin sentyabr ayından 2000-ci ilin sentyabr ayınadək həmin rayonda məhkəmə sədri vəzifələrində işləmişdir. Ümumi hakimlik stajı 13 ildir. 2012-ci ilin yanvar ayından başlayaraq 2021-ci ilin aprel ayınadək 3cü dərəcəli əlilliyə görə sabiq hakim kimi pensiya almışdır. 2021-ci ilin aprel ayından başlayaraq 65 yaşının tamam olması ilə əlaqədar, pensiya təyinatı əlillikdən dəyişdirilərək yaşa görə əmək pensiyası növünə keçirilmişdir. xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 1801 manat hesablanmışdır. 2021-ci ilin iyul ayından isə onun əmək pensiyası 2141,80 manat hesablanmışdır. Cavabdeh həmin məbləği hesablayarkən onun vaxtı ilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 1732,50 manat, həmin vəzifə maaşının 30% miqdarında əlavə 519,75 manat, ixtisas dərəcəsinə görə 425 manat əlavəni hesablamaqla orta aylıq əmək haqqının 2677,25 manatın 80% miqdarını hesablamışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun pensiyası düzgün hesablanmamışdır. Çünki, göründüyü kimi cavabdeh orta aylıq əmək haqqını hesablayarkən yalnız vəzifə maaşını və hakimlik stajına görə 45% əlavəni hesablamışdır. Cavabdeh bundan əlavə orta aylıq əmək haqqına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni, vəzifə maaşının 25% miqdarında aylıq pul təminatını, ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli miqdarında əlavəni, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatını hesablamalı olduğu halda hesablamamışdır. Hansı ki, həmin məbləğlər nəzərə alınmaqla orta aylıq əmək haqqı və pensiya məbləği aşağıdakı kimi hesablanmalı idi. 1 yanvar 2022-ci il tarixə münasibətdə vəzifə maaşı 1732.50 manat, aylıq vəzifə maaşına həmin məbləğdə, yəni 1732.50 manat əlavə,vəzifə maaşının 30%-i miqdarında əlavə-519.60 manat, vəzifə maaşının 25%-433.10 manat pul təminatı, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinətin 1 aya münasibətdə məbləği-747.40 manat və müalicəyə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının 1 aya münasibətdə məbləği-747.40 manat olmaqla hesablamalı olduğu halda hesablamamışdır. Bu hesabla orta aylıq əmək haqqı 5979.80 manat, 80% pensiya məbləği 4783.80 manat təşkil etdiyinə görə ona həmin məbləğdə pensiya hesablanmalı idi. Cavabdeh 1 iyul 2021-ci ildə düzgün olmayaraq onun pensiyasını 2141.80 manat hesablamaqla, nəticədə ona 2642 manat az təyin etmişdir. Bundan sonra 1 iyul 2022-ci il tarixdən hakimlərin vəzifə maaşının artırılması ilə əlaqədar bütün sabiq hakimlərin o cümlədən onun pensiyasının yenidən hesablanması zərurəti yaranmışdır. Cavabdeh orqan onun pensiyasını həmin tarixdən yenidən hesablayarkən, yenə yalnız vəzifə maaşını, vəzifə maaşına 30% əlavəni və 4-cü ixtisas dərəcəsinə görə əlavəni hesablamaqla pensiyasını artırmışdır. O, cavabdehə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmamasını, pensiyasının yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh özünün 28 iyul 2023-cü il tarixli 3-17-1/2M- 171663/2023 nömrəli məktubu ilə onun həmin ərizəsinə mahiyyəti üzrə tam cavab verməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunauyğun deyildir. Çünki cavabdehin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş redaksiyasının müvafiq maddələrin şərh edilməsi ilə bağlı olmuşdur. Hansı ki, ona pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” həmin Qanunun əvvəlki və sonrakı redaksiyaları əsasında deyil, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən pensiya təyin edilmişdir. Ona görə də, hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğuna görə, cavabdehin üzərinə onun iddia tələbində göstərdiyi ödənişlərdəki artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Yəni vəzifə maaşı, vəzifə maaşına staja görə 30% əlavə, dördüncü ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində əlavədən başqa, onun orta aylıq əmək haqqı, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 25% miqdarında pul təminatı, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinat, müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.
20. Etiraz onunla əsaslandırılmışdır ki, N.X3 şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən onun 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596.00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 478.80 manat, ixtisas dərəcəsinə görə əlavə 221.00 manat olmaqla orta aylıq əmək haqqı 2295.80 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2295.80 manat) 80 faizi-1836.64 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14693.12 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 18901.79 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 4208.67 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ölkə üzrə minimum əmək haqqının artırılması ilə əlaqədar 1 mart 2019-cu il tarixindən vaxtilə İddiaçı işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596.00 manat, hakimlik stajına görə vəzifə maaşı 30 faizi miqdarında əlavəsi 478.80 manat, ixtisas dərəcəsinə görə əlavəsi 306.00 manat olmaqla orta aylıq əmək haqqı 2380.80 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2380.80 manat) 80 faizi-1904.64 manat məbləğində hesablanmalı olduğu halda, 2383.91 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində ona 2875.62 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən İddiaçı 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732.50 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 519.75 manat, ixtisas dərəcəsinə görə əlavə 425.00 manat olmaqla orta aylıq əmək haqqı 2677.25 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2677.25 manat) 80 faizi-2141.80 manat məbləğində hesablanmalı olduğu halda, 2019-cu ilin sentyabr, oktyabr aylarında hər ay 2383.91 manat, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2498.26 manat, 2021-ci ilin iyun ayında isə 1801.80 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 6916.96 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14001.25 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 14001.25 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Əlavə olaraq bildirilir ki, Mərkəzi Filial tərəfindən 2021-ci ilin iyul ayından etibarən onun əmək pensiyası 2141.80 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala müraciət etmiş və Mərkəzi Filial tərəfindən onun 3 iyul 2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılaraq cavab verilmişdir.
21. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun 18 iyul 2008-ci ll tarixli qərarına istinad edərək bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatının, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzitə maaşının 25 faizi miqdarında əlavənin, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindəh hesablanan müavinətin, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatının hazırki pensiyasının üzərinə əlavə olunaraq ödənilməsini cavabdehdən xahiş etmişdir. İddiaçının istinad etdiyi qərarın təsviri-əsaslandırıcı və nəticə hissəsində məhkəmə hakimlər barəsində onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı olduğu qənaətinə gəlmişdir. İddiaçının istinad etdiyi məhkəmə qərarı yuxarıda qeyd olunan təminatların iddiaçının əmək pensiyasına əlavə olunaraq ödənilməsinə əsas vermir. Beləliklə, İddiaçı tələb etdiyi təminatlar onun 1987-2000-ci illər ərzində hakim vəzifəsində işlədiyi dövrdə almaması və məcburi dövlət sosial sığortasına cəlb olunmaması, həmin təminatların bir hissəsinin iddiaçının hakim vəzifəsində işlədiyi dövrdən sonra qanunvericiliynə əlavə edilməsi sözügedən təminatların iddiaçının əmək pensiyasına əlavə edilərək ödənilməsi qaunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildirilir ki, Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, hakimlərin sosial təminat hüquqlarının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən "Məhkəmələr və hakimlər haqqında" Qanuna və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra - "Əmək pensiyaları haqqında" Qanun) dəyişikliklər edilmişdir. Belə ki, 2019-cu il 12 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə "Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinin birinci hissəsində hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmiş və həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Bu baxımdan şəxsə pensiya təyin edilərkən va ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə adilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatının səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinətin, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatının hazırki pensiyasının üzərinə əlavə olunaraq ödənilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-171663/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1987-2000-ci illərdə hakim vəzifəsində işləmiş və iddiaçıya xx.xx.2011-ci il tarixdə sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək, 2021-ci ilədək ödənilmiş, iddiaçının xx.xx.2021-ci ildə 65 yaşın tamam olması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən pensiya növü yaşa görə əmək pensiyasına dəyişdirilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1801,80 manat, xx.xx.2021-ci il tarixli qərarla 2141,80 manat, xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarla isə 2209,80 manat məbləğində müəyyən edilmişdir.
25. İddiaçının pensiya məbləği müəyyən ediərkən, onun vəzifə maaşı, vəzifə maaşına stajına görə 30% əlavə və dördüncü ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində əlavə nəzərə alınmışdır.
26. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərin əmək haqqındakı sonrakı artımların ona şamil edilməsini, yəni orta aylıq əmək haqqı, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavə və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavənin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 171663/2023 nömrəli imtina cavabı ilə yekun olaraq bildirilmişdir ki, müraciətində göstərdiyi pul təminatları işlədiyi dövr ərzində ona ödənilmədiyi üçün sözügedən əlavələrin əmək pensiyasının müəyyən edilməsi zamanı orta aylıq əmək haqqına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
27. Göründüyü kimi, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı hakimlərin əmək haqqındakı sonrakı artımların ona şamil edilməsini, yəni orta aylıq əmək haqqı, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavə və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavənin hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavənin onun pensiya təminatında nəzərə alınmasından (yəni, həmin əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından) ibarətdir.
28. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.
29. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir (xx.xx.2019cu il tarixdən qüvvəyə minmişdir). Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir).
30. 12 iyul 2019-cu il tarixli, 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir: Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2019cu il tarixdən qüvvəyə minmişdir). Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı məbləğində müavinət verilir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əməkhaqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). ... Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada).
31. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 1.0.19-cu əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
33. Eyni zamanda həmin Qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
34. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun 18 iyul 2008-ci il tarixli qərarına istinad edərək bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatının, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzitə maaşının 25 faizi miqdarında əlavənin, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində hesablanan müavinətin, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində hesablanan pul təminatının hazırki pensiyasının üzərinə əlavə olunaraq ödənilməsini xahiş etmişdir.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: xx.xx.2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; xx.xx.2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir.
36. Məhkəmə bununla bağlı qeyd edir ki, hakimlərin sosial təminat hüquqlarının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanuna və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) dəyişikliklər edilmişdir.
37. Belə ki, 2019-cu il 12 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci hissəsində hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmiş və həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir.
38. “Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında müəyyən edilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində həmin pul təminatının artırılması hakimlərin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq hər hansı dəyişiklikliyə məruz qalmır. Bu baxımdan, həmin şəxslərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının təqdim edilməsi hakimə əvvəllər malik olmadığı hüquqların verilməsi kimi qiymətləndirilə bilməz.
39. İddiaçının hakimlik fəaliyyəti 1987-2000-ci illər müddətində olmuş və həmin tarixdən sonra hakimlik fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci hissəsində hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmiş və həmin Qanun 2019-cu ilin sentyabrın 1-dən qüvvəyə minmişdir.
40. Qanunvericiliyin tələblərinə əsasən əgər iddiaçı xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə hakim olaraq fəaliyyətdə olardısa, bu halda ona həmin əlavələr şamil oluna bilərdi.
41. Həmin əlavələr 2010-cu ilin oktyabr ayından verilməyə başlamış, iddiaçı isə həmin vaxt hakim işləməmişdir. İddiaçı 1987-2000-ci illərdə hakim işləməklə, hakim işlədiyi dövrdə bəhs olunan əlavələri, yəni 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavə və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində əlavəni almamışdır.
42. Məhkəmə yekun olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir.
43. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isə məhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır ki, bu halda cavabdeh orqan iddiaçının əmək pensiyası təminatında həmin əlavələri nəzərə almamaqda haqlı olmuş və bununla iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
44. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva