Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-597/2023 15.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə qarşı şəhid və şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2N2-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1nun şəhid kimi uçotunun aparılaraq, ona şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə X1na şəhid adının verilməsi üçün müraciət edilmiş, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş cavab məktubuna əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” ilə tənzimlənməsi qeyd olunmaqla X4, yəni oğlunun isə xəstəlikdən vəfat etdiyi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” tələblərinə əsasən ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilə bilməz deyə imtina edilmişdir. X1 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Ona Səfərbərlik və Hərbi Xidmət və Çağırış Dövlət Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə SX0475617 saylı hərbi bilet verilmişdir. Oğlu xx.xx.2N0-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən də göründüyü kimi septisemiya xəstəliyindən Ankarada Türkiyə Respublikası Ankara Gülhanə Təhsil və Tədqiqat Xəstəxanasında vəfat etmişdir. X1 hərbi xidmətdə olduğu zaman N nömrəli hissənin 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi elektriki vəzifəsində işləmişdir. Xidmətdə olduğu zaman elektrik xətlərində nasazlığın aradan qaldırılması, elektrik şitinin bərpa edilməsi üçün çalışan zaman onu tok vurmuş və nəticədə xəstəliyə düçar olmuşdur. Həmin hadisə nəticəsində də onun məruz qaldığı xəstəlik Ankarada Müdafiə Nazirliyinin xətti ilə getdiyi Gülhanə xəstəxanasında vəfat etmişdir. Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavab məktubunda qeyd etdiyi kimi Qaydaların 1.2.6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhid statusu verilir. Faktiki olaraq oğlu döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2N3-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2N3-cü il tarixli etirazda xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş X6 barəsində şöbəyə daxil olan AZ-İİ 079672 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 ölüm səbəbi müvafiq “Septisemiya xəstəliyindən” olduğu qeyd olunmuşdur, həmçinin N nömrəli hərbi hissədən şöbəyə daxil olmuş xx.xx.2N0-ci il tarixli 1327 nömrəli bildirişdə də mərhumun hərbi hissədə xidmət keçərkən Septisemiya xəstəliyindən (Türkiyə Respublikası Ankara Gülhanə Təhsil və Tədqiqat Xəstəxanası) vəfat etdiyi qeyd edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2N0-ci il tarixli, 235 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissənin 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi elektriki Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma xəstəxanasında (Ankara şəhəri) müalicədə olarkən xx.xx.2N0-ci il tarixdə X6 “Septisemiya” nəticəsində vəfat etdiyindən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. - işə əlavə edilmiş xx.xx.2N0-ci il tarixli, AZ-İİ 079672 nömrəli «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2N0-ci il tarixdə «septisemiya» səbəbi ilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2N0 ilin 07 ayının 23 günündə 7N nömrə ilə qeyd edilmişdir. - işə əlavə edilmiş AR SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2N2-ci il tarixli, 1090 nömrəli məktubundan görünür ki, X4 ölüm səbəbi müvafiq olaraq “Septisemiya xəstəliyindən” olduğundan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X4 “Şəhid”, onun ailəsinin “Şəhid ailəsi” hesab edilməsi barədə arayış verilməsi mümkün olmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). İddiaçı mərhum X1na şəhid statusunun, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə oğluna şəhid statusunun adının, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının mərhum X1nun xx.xx.2N0-ci il tarixli, AZ-İİ 079672 nömrəli “Ölüm haqqında” şəhadətnamənin məzmunundan görünür ki, mərhum X6 xx.xx.2N0-ci il tarixdə «septisemiya» nəticəsində vəfat etmişdir. Şəhadətnamədə qeyd olunan ölüm səbəbi isə mərhuma “şəhid” statusunun verilməsi üçün əsas deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, xəstəliklə əlaqədar vəfat etmişdir. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə qarşı şəhid və şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-597/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-597/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver