Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-598/2023 03.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********162633 nömrəli "Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarına əsasən iddiaçıya 21598.30 manat əlavə vergi hesablanmış, 23344.69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. "xxxx" MMC əsasən neft məhsullarının satışı ilə məşğul olur. Əlavə olaraq nəzarət-kassa aparatlarının satışı ilə məşğul olmuşdur. Neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir və buna görədə neft məhsullarını yuxarı qiymətə satmaq qanunla qadağandır. Neft məhsulları müqaviləyə əsasən elektron qaimə faktura əsasında alınır və pərakəndə qaydada əhaliyə satılır. Neft məhsullarının satışını həyata keçirmək üçün cəmiyyət tərəfindən işin yerinə yetirilməsi üçün cəmiyyət işə işçilər qəbul edir və Elektron hökümət portalında yerləşdirilir. Həmdə işçilər barədə hesabatlar dövlət orqanlarına təqdim edilir və verginin internet bazasında bunlar əks etdirilir. Bank xərcləri və kommunal xərclər aidiyyati orqanlar tərəfindən elektron qaimə faktura ilə təsdiqlənir. Beləliklə neft məhsullarının alış və satış sənədləri tam rəsmi qaydada vergi orqanının internet bazasında görünür, alınan malların miqdarıda, qiymətidə, alış dəyəridə vardır. Satış qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün satış qiymətidə məlumdur. Nəzarət kassa aparatları idxal olunur və ya rəsmi qaydada elektron qaimə faktura ilə alınır. Çünki Nəzarət kassa aparatı Azərbaycanda istehsal olunmur. Ona görə də uçotdan yayındırmaq mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi alınan bütün mallar rəsmi qaydada alınmışdır. Alınan məhsulların alış dəyəri xərcə aid edilir. Əlavə xərclər əmək haqqı, sosial müdafiə fondlarına ayırmalar, nəqliyyat xərcləri, bank xərcləri, elektrik enerjisi kimi xərclərdən ibarətdir ki, buda vergi orqanının internet bazasında vardır. Belə olan halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən həmin xərclər satışdan əldə olunan gəlirdən çıxılır və əmələ gələn mənfəətdən 20 faiz dərəcə ilə vergi hesablanıb büdcəyə ödənilir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin yerləşdiyi ünvanda aparılır. Həmin sənədlər yoxlanılmaq üçün yoxlayıcıya təqdim edilir. İddiaçı tərəfindən həmin sənədlərin hamısı yoxlayıcıya təqdim edilmişdir. Yoxlayıcı həmin sənədləri vergi orqanının internet bazasındanda əldə edə bilir, həmçinin iddiaçı tərəfindən də təqdim edilə bilir. İddiaçı kağız formatında olan sənədləri kağız formatında, elektron qutuda olan sənədləri isə kompüter bazasından yoxlamaya təqdim etmişdir. Vergi orqanı gəlirlərdən xərc maddələrini çıxmaq əvəzinə qərəzlilik və Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hərəkətliliyə yol vermişdilər ki, buda məsuliyyətə səbəb olur. Vergi orqanının nümayəndələri qanuna zidd olaraq Vergi Məcəllənin 83.9-cu maddəsini əsas gətirərək Azərbaycan Resublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən müəyyən etmişdilər. Vergi orqanı cəmiyyətin bütün gəlir və xərcləri olduğu halda bu maddəni tətbiq etmək hüququ yoxdur. Neft məhsullarının pərakəndə satışından əldə olunan gəlir neft məhsullarının alış dəyərindən başqa digər xərclər çıxılmadığı halda 8-10 faiz həcmində müəyyən edilmişdir. Beləliklə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq nəzərə alınmamış, (neft məhsullarının daşınma xərcləridə daxil olmaqla), qanuna zidd olaraq Azərbaycan Resublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li qərarı tətbiq edilmiş (halbuki bu qərardan əvvəl gəlir və ya xərc maddələrindən biri olmadıqda Vergi Məcəlləsinin 67.2 və 67.3-cü maddələri tətbiq edilməlidir. Lakin bizim cəmiyyətə bu maddələridə tətbiq etmək qanuna ziddir. Cəmiyyətin gəlir və xərc maddələri rəsmi sənədlərdə öz əksini tapıbdır). Vergi Məcəlləsinin 24.0.2.-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin vergi əməkdaşları özlərini dövlətin himayəsində hiss edərək ciddi və kobud qanun pozuntularına yol verərək cəmiyyətə külli miqdarda əlavə vergi hesablamış və külli miqdarda maliyyə sanksiyası tətbiq etmişdir. Cəmiyyətdə gəlir və xərclər sənədlə rəsmiləşdiyi üçün Vergi Məcəlləsinin və Nazirlər Kabinetinin bu məqsədlə heç bir maddəsi tətbiq edilə bilməz. Vergi Məcəllənin 67.3-cü maddəsinə görə isə Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi əkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Cəmiyyətin fəaliyyətində gəlirlərdə xərclərdə məlumdur. Gəlir məlum olduğu üçün vergilərin digər maddələr əsasında hesablanması birbaşa qərəzdən irəli gəlir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, müəssisənin hər il üçün alış və satış barədə sənədlərini vergi orqanı yoxlama zamanı götürmüşdür, həmin sənədlərdə 2018, 2019, 2020-ci illər üzrə neçə ədəd NKA alınması və satılması barədə məlumatlar və rəqəmlər var. Misal üçün 2018-ci ildə 135 ədəd NKA alınmış və satılmışdır. NKA aparatlarının satışı ilə bağlı hərəkət cədvəlləri var və həmin sənədlərdə hər ay neçə aparat satılması, onların alış qiyməti və satışdan əldə olunan gəlir qeyd olunur. Deməli vergi orqanı satışdan əldə olunan məbləğin NKA sayına bölməklə hər ədədinin satış qiymətini müəyyən edə bilərdi. Bundan əlavə, 2019- 2021-ci illər üzrə fəaliyyətinin dayandırıldığı dövrdə müvafiq arayışı vergi orqanına təqdim etməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Gəncə Şəhər Prokurorluğunun məlumatı əsasında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Baş idarə tərəfindən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********154385 nömrəli qərar çıxarılmışdır. Cəmiyyətin rəhbəri X3 tərəfindən yoxlamaya mal-material hesabatları, nəzarət-kassa aparatının çekləri, malların alınmasına dair qaimə-fakturalar, mədaxil qəbzləri, ezamiyyə vərəqləri və biletləri, bank sənədlərinin və yoxlamanın aparılması üçün zəruri olan digər sənədlərin təsdiq olunmuş nüsxələri təqdim edilmiş və xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Lakin idxal edilmiş malların material hesabatında silgisi ümumi şəkildə aparıldığından, həmin malların satışı ayrı-ayrı tərtib edilmədiyindən yoxlamaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı cəmiyyətin mənfəət vergisi bəyannamələrində bəyan edilən gəlirləri, təqdim olunan sənədlərdəki məlumatlarla müqaisədə fərqli olmuşdur. Bunun səbəbi alınan malların dövri olaraq uçotdan silinməsinə baxmayaraq, həmin malların böyük qisminin satışına dair hər hansı rəsmi məlumatın əldə edilməsinin mümkün olmaması olmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəllərində malların formal qaydada kiçik ticarət əlavəsi tətbiq edilməklə uçotdan silinməsi, nəzarət-kassa aparatı çeklərində faktiki hansı məhsuldan hansı həcmdə satılması barədə izahatın verilməməsi, yəni malların satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi səbəbindən vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən vergi ödəyicisinin vergiləri Vergi Məcəlləsinin 67 və 83-cü maddələrinə əsasən hesablanmışdır. Vergi orqanı iddiaçının yalnız nəzarət kassa aparatının satışından əldə edilmiş gəlirini yoxlamış və gəlirlər barədə sənəd olmadığından Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən vergi hesablanmışdır. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, kassa aparatlarının satışı zamanı ayrı-ayrılıqda satış zamanı ümumi şəkildə kassa çeki verildiyindən, hər kassa aparatının satış qiyməti müəyyən edilə bilmədiyindən Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********1151623 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardan görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2018-sentyabr 2021 vergi dövrləri üzrə "xxxx" MMC-də növbədənkənar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" MMC azaldılmış vergilər üzrə 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 440 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən "xxxx" MMC-nin oktyabr 2018-sentyabr 2021 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, vergi orqanının xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən gəlirlərinin azaldılması nəticəsində iddiaçı 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 440 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********162633 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Səyyar vergi yoxlaması aktının 11-ci səhifəsinin 1-ci abzasında “Yoxlama zamanı vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabat sənədləri, vergi ödəyicisinin elektron qaimə faktura ilə rəsmi satış məlumatları, NKA-nın fiskal hesabatları, bank məlumatları və digər zəruri mühasibat sənədləri istifadə edilmişdir. Sahibkarın mənfəət vergisi bəyannamələrində bəyan edilən gəlirləri, qeyd edilən sənədlərin məlumatları ilə müqayisədə fərqli olmuşdur. Bunun səbəbi alınan malların dövrü uçotdan silinməsinə baxmayaraq həmin malların böyük qisminin satışına dair hər hansı rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəllərində malların formal qaydada kiçik ticarət əlavəsi tətbiq edilməklə uçotdan silinməsi, NKA çeklərində faktiki hansı məhsuldan hansı həcmdə satması barədə izahat verilməməsi, yəni malların satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi səbəbindən vergi ödəyicisinin mənfəətini (yanacağın satışı istisna olmaqla) birbaşa müəyyən etmək mümkün olmamışdır.” qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də bildirmişdir ki, kassa aparatlarının satışı ilə bağlı ayrı-ayrılıqda satış sənədləri olmadığından və hər aparatın satış qiyməti müəyyən edilə bilmədiyindən Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad edilmişdir. İşə əlavə edilmiş 2018, 2019 və 2020-ci illəri (aylar üzrə) əhatə edən “Turan firmasının yanacaq dövriyyəsi haqqında” cədvəllərdən görünür ki, Turan firmasının hər ay satmış olduğu NKA-larının sayı, satış qiyməti, satışdan əldə olunan ümumi məbləğ və hər ayın əvvəlinə və sonuna qalıq aydın şəkildə göstərilmişdir. Belə olduğu təqdirdə satışdan əldə olunan məbləği satılmış NKA-nın sayına bölməklə hər aparatın satış dəyərini müəyyən etmək olardı. Odur ki, cavabdehin vergi borcunu Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddəsinə uyğun hesablaması əsassız olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən digər vergilərdən fərqli olaraq ƏDV üzrə yoxlama vergi ödəyicisinin son 3 ildən çox olmayan dövrünü əhatə edə bilər. Maddənin məzmunundan göründüyü kimi digər vergilər təqvim ilinə uyğun yoxlanılır, ƏDV isə təqvim ilinə görə yoxlanılmır. Təqdim edilmiş sənədlərdən görünür ki, vergi yoxlaması xx.xx.2021-ci il tarixli qərara əsasən həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktından isə görünür ki, ƏDV üzrə yoxlama 2018-ci ilin noyabr ayından başlamalı olduğu halda oktyabr ayını da əhatə etmişdir. Bu hal vergi qanunvericiliyinin pozulması deməkdir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə iddiaçı özü də etiraf etmişdir ki, 2019, 2020 və 2021-ci illərdə fəaliyyətini dayandırdığı dövrlərdə vergi orqanına qanunla müəyyən edilmiş qaydada arayış təqdim etməmişdir. Bu hal həmin dövrlər üzrə ümumilikdə 440 manat maliyyə sanksiyasının tətbiq edilməsinin əsaslı olmasını deməyə əsas verir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162633 nömrəli qərarı qismən, yəni 45800,13 manat vergi borcu, 23344,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162633 nömrəli qərarı qismən, 45800,13 manat vergi borcu, 23344,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-598/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-598/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver