Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5983/2025 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X12 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9rşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0,0283 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (vahid əmlak kimi) üzərində onun mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əttarlar küçəsi, 118 saylı ünvanda yerləşən 0,0283 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırma icraatı çərçivəsində tikintinin layihə sənədləri hazırlanmış və tikinti başa çatdırılmışdır. Fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsas kimi tikilinin təyinatı üzrə istifadə edilmədiyi göstərilmişdir. Həmin imtinanı əsassız sayır. Çünki, inşa edilmiş tikili fərdi yaşayış evidir və hazırda təmirsizdir. Bu səbəbdən təyinatı üzrə istifadə edilməmədən söhbət gedə bilməz. Digər tərəfdən Gəncə şəhəri ərazisində eyni oxşar daşınmaz əmlaklar (fərdi yaşayış evləri) mövcuddur ki, cavabdeh orqan həmin əmlaklara mülkiyyət hüquqlarını qeydə almışdır. Hazırda isə onun mülkiyyət hüquqlarını qeydə almaqdan imtina etməkdə ayrı-seçkiliyə yol verir və bərabərlik prinsipini pozur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-1337 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X5 və X4 ümumi sahəsi 119.3 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.0283 ha torpaq sahəsini İddiaçı satmışdır. Gəncə şəhəri, Əttarlar küçəsi, ev 118 ünvanında yerləşən, 0.0283 ha torpaq sahəsində mövcud olmuş fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarış verilmişdir. Vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 Gəncə şəhəri, Əttarlar küçəsi, ev 118 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin söküldüyü, yeni tikilinin inşa edildiyi, həmin tikiliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi və tikilidən təyinatı üzrə istifadə edilmədiyi aşkar edilmişdir. Belə ki, ərizəçinin ********** qeydiyyat nömrəli ərizəsi üzrə aparılmış icraat nəticəsində əldə edilmiş fotoşəkillərdən tikilinin qeyri-yaşayış binası olduğu müəyyən olunmuşdur. Həmçinin tikilinin layihəsində qeyd edilən müəyyən ölçü və sahələrlə naturadakı vəziyyətin fərqli olduğu və torpaq sahəsinin faktiki sənəd ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Ərazi İdarəsinin xidməti istifadəsində olan Milli Qeydiyyat Sisteminə əsasən, İddiaçı adına aparılmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli qeyd qüvvədədir. Aparılan araşdırma zamanı ərizəçinin fərdi yaşayış evini öz iradəsi ilə söküb məhv etdiyi aşkarlanmışdır. Lakin ərizəçi sökülən əmlak üzərində hüquqlarının ləğvini tələb etmədən yeni tikili üzərində hüquqların qeydə alınmasını tələb edir. Aşağıda istinad edilən qanunvericilik normalarına əsasən, əmlak məhv edilmişdirsə əmlak üzərində aparılmış qeyd mülk sahininin ərizəsi əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Lakin iddiaçının sökülən əmlak üzərində hüquqlarının ləğv edilməsi ilə bağlı Ərazi İdarəsinə hər hansı bir müraciəti daxil olmamışdır. Daha sonra etiraz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2015-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə əsaslandırılmışdır. Daha sonra iddiaçının nümayəndəsi Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri, Əttarlar küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxs fərdi yaşayış evi inşa etmiş və hüququnun da fərdi yaşayış evi kimi qeydə alınmasını istəyir. İnşa edilən tikili də layihəyə uyğun inşa edilmişdir. Sadəcə olaraq cavabdeh orqan ehtimallar üzrə çıxış etməklə səlahiyyətlərinə adi olmayan məsələlərə də qiymət verir. Qeydin ləğvi ilə bağlı isə onu bildirir ki, hazırki əmlak üzərində mülkiyyət hüquqları qeydə alınan zaman sökülmüş daşınmaz əmlaka dair qeydin ləğvinə dair ərizə verəcəklər. Hazırda bu hal imtina üçün əsas ola bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmağa çalışsa da, etiraz ərizəsinə əlavə olunan fotoşəkillərdən görünür ki, tikinti qeyri-yaşayış sahəsidir. Tamamlama işləri başa çatdıqdan sonra həmin əmlak qeyri-yaşayış sahəsi olaraq fəaliyyət göstərəcəkdir. Buna görə də təmsil etdiyi orqan qeyri-yaşayış sahəsinə dair sənədlərin təqdim edilməsini tələb etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, ünvan 2 ünvanda yerləşən 0,0283 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi, müayinə aktı və Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). Məhkəmə araşdırması zamanı işdəki sənədlər əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən 0,0283 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. İddiaçı X6 həmin torpaq sahəsində mövcud ümumi sahəsi 119.3 kv.m. olan fərdi yaşayış evini sökmüş və yerində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iddiaçı məlumatlandırma icraatına da riayət etmişdir. İddiaçı tərəfindən həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmiş və əsas kimi göstərmişdr ki, tikilidən təyinatı üzrə istifadə edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .................. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; .................. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5 Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanı: ................. Bənd 4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; ................ Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir və aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan 0,0283 hektar torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Hansı ki, işin bu yöndə həlli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı tərəfindən də cavabdeh orqana torpaq sahəsinin mülkiyyət sənədi, yerli icra hakimiyyəti orqanının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi, habelə, tikinti barədə məlumatlanma təqdim edilmişdir. Lakin buna baxmayaraq inzibati orqan tikilinin qeyri-yaşayış sahəsi olduğunu iddia edir və qeyriyaşayış sahəsinə aid olan sənədlər tələb edir. Məhkəmə göstərir ki, inşa edilən tikilinin qeyri-yaşayış sahəsi olması işdəki sənədlərlə təkzib edilir. Aparılmış tikiliyə məxsus yerli icra hakimiyyəti orqanının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsindən görünür ki, tikili iki mərtəbəli fərdi yaşayış evidir. Layihənin eksplikasiyasından yəni sənəd üzərində qeyd olunan elementlərindən görünür ki, tikili xol, hamam, qonaq otağı, yataq otağı, mətbəx, qarderob kimi hissələrdən ibarət olmaqla yaşayış sahəsi olmasını əks etdirir. Həmçinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktından məlum olur ki, tikilidə otaqların yerləşməsi layihəyə uyğundur. Göründüyü kimi layihədə əks olunan və yaşayış sahəsinə aid elementlər natura olaraq da mövcuddur. Yəni cavabdeh orqanın tikilinin qeyri-yaşayış sahəsi olması barədə dəlilləri işdəki sənədlər ilə təsdiq edilmir. Həmçinin məhkəmə bir məqamı da qeyd edir ki, cavabdeh inzibati orqan qeyriyaşayış sahəsi ilə bağlı tələblərə riayət edilməsini iddiaçıdan o halda tələb edə bilər ki, iddiaçının təqdim etdiyi layihə sənədi məhz qeyri-yaşayış sahəsi üzrə olsun və hüquqlarının da qeydiyyatı qeyri-yaşayış sahəsi üzrə tələb edilsin. Hansı ki, mövud mübahisə üzrə belə bir hal mövcud deyil. Əks yanaşma isə iddiaçının hüquqlarının əsassız pozulması deməkdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, torpaq sahəsində sökülmüş əmlakın qeydinin ləğv edilməməsi hazırda iddiaçının yeni inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, göstərilən mübahisə iddiaçı tərəfindən qeydiyyat orqanına ərizə verilməklə həllini tapan bir məsələdir və istənilən zaman həyata keçirilə bilər. Nəzərə alınsa ki, iddiaçı yeni inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqularının qeydə alınmasına nail olmağa çalışır, bu zaman ağlabatandır ki, sökdüyü əmlak üzərində də qeydiyyatını ləğv etdirəcəkdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanı: Bənd 4.2.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər üzərində hüquqların qeydiyyatı ilə bağlı səlahiyyətləri, 1.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın. 12.1-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın, 4.3-cü maddəsinin ikinci cümləsində, 5.2-ci, 5.3-cü, 5.4-cü, 6.2-ci, 9.2-ci, 9.5-ci, 10.2-ci, 12.1-ci, 14.1-ci, 14.4cü, 16.1-ci, 18.2-ci, 20.3-cü, 22.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Gəncə şəhəri, Əttarlar küçəsi, 118 saylı ünvanda 0,0283 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-5983/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5983/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver