Məhkəmə qərarları › İş №2-1(114)-599/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-599/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-599/2023 31.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixli X7 kitabında qeyd edilmiş 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsindən bələdiyyənin xx.xx.2007-ci il 10 saylı qərarı ilə 600 kv.n torpaq sahəsi almışdır. Bununla bağlı ona torpaq sahəsinin kadastr planı verilmişdir. İddiaçı əlində olan bütün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edib həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu, sənəd üzrə torpaq sahəsinin başqa şəxsə məxsus olması, yəni xx.xx.2022-ci il tarixli, **********92 reyestr nömrəli X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Bununla yanaşı torpaq sahəsinə müayinə baxışı zamanı faktiki torpaq sahəsi ilə kadastr planına əsasən verilmiş torpaq sahəsi arasında 28 metr məsafə fərqi vardır. Bu səbəbdən də Ərazi İdarəsi tərəfindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müvafiq rəyindən görünür ki, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı satılmış satılmış 600.0 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasına DT və XK-nin Daşkəsən rayon şöbəsi etiraz etməmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 489 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0.06 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, A 019036 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, bu sənəd Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli bildirişindən görünür ki, İddiaçı müvafiq ərizəsinin icrasından imtina edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, A 019035 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, bu sənəd Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə X1 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhərində yerləşən 0.02 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3708/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 1) xx.xx.2007-ci il tarixli A ******* nömrəli və A 019036 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri üzrə koordinatlar üst-üstə düşmür, 2) xx.xx.2007-ci il tarixli A ******* nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə koordinatlar X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış üzrə 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, 3) Daxil olmuş mülki iş materiallarında mövcud olan yerquruluşu planında, torpaq sahəsinin koordinatlarının (X,Y) əks olunmaması və qonşu torpaq sahələri barədə məlumatların qeyd olunmamısı səbəbindən, planda göstərilən torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır, belə olan təqdirdə sualın cavablandırılması mümkün deyildir, 4) İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi onun adına verilmiş A 019036 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə koordinatlar baxımından üst-üstə düşür, 5) İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi, yaşayaş məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri tərfindən hüquqmüəyyənedi sənəd (Çıxarış) qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə bələdiyyə torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Daşkəsən rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü və alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi aparılan araşdırma zamanı torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olması, sənəd üzrə torpaq sahəsinin başqa şəxsə məxsus olması, yəni xx.xx.2022-ci il tarixli, **********92 reyestr nömrəli X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı ərazidə yerləşməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. -6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olması, sənəd üzrə torpaq sahəsinin başqa şəxsə məxsus olması və.s bu kimi halların araşdırılması məqsədilə iş üzrə müvafiq mütəxəssis rəyi təyin edilmiş və verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi onun adına işlənilmiş xx.xx.2007-ci il tarixli A 019036 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə koordinatlar baxımından üst-üstə düşür, həmçinin iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş xx.xx.2007-ci il tarixli A ******* nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə X3 aid ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olmuş xx.xx.2007-ci il tarixli A ******* nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri üzrə koordinatlar üst-üstə düşmür. Göründüyü kimi, iddiaçı hazırda faktiki istifadəsində olan və müvafiq səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli A 019036 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində əks olunan torpaq sahəsinə iddia edir. Belə olan halda, hazırki iddia üçüncü şəxslərin mülkiyyət hüquqlarını da pozmur. Həmçinin sözügedən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi yaşayaş məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Göründüyü kimi, müvafiq mütəxəssis rəyi ilə təsdiq edilmiş işin faktiki halları (iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin başqa şəxsin faktiki torpaq sahəsi ilə üstüstə düşməməsi, qeyd olunan torpaq sahəsinin yaşayaş məntəqələrinin torpaqları kateqoriyasına aid olması və.s) cavabdehin imtinasında və etirazında qeyd etdiyi imtina hallarını təkzib etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin həmin əsaslarla torpaq sahəsinin qeydə alınmasından imtinası əsaslı hesab edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı satılmış və xx.xx.2007-ci il tarixli A 019036 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində əks olunmuş 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar