Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-600/2024 28.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək, ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün "Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların"na uyğun olaraq 2023-cü ilin iyul ayının 21-də Vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) müraciət etmişdir. Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətimə cavab veriləcəyi bildirilsə də 1 ay 20 gündən sonra heç bir aidiyyəti olmayan səbəbə görə, "ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə" sosial yardım təyin edilməsindən imtina edilmişdir. Ailəsi 4 nəfərdən- özü, həyat yoldaşı və iki azyaşlı övladından ibarətdir. 0,66 hektar 2-ci qrup pay torpağı vardır. Pay torpağımı becərərək dolandırır. Pay torpağına görə MDSS ödənişini edir. "Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətə hansı səbəbdən imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142" saylı qaynar xəttinə müraciət etdikdə əsaslı cavab vermək əvəzinə qeyrimüəyyən cavablar verirlər. "Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları'nda hansı hallarda sosial yardımın təyin eddilməsindən imtina olunması barədə ətraflı yazılmışdır. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab edir. Çünki bu barədə (ödəniş edilməməsi barədə) ona nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müadfiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün **********79101 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi mövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Lakin iddia ərizəsinə əlavə edilən ödəniş qəbzlərinin tarixi xx.xx.2023-cü il və xx.xx.2023-cü ildir. Göründüyü kimi, imtina verilərkən iddiaçının məcburi dövlət sosial sığorta ödənişlərinin olması barədə heç bir sübutu olmamışdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının işə əlavə etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş qəbzləri anasının adınadır, yəni ödənişlər anası tərəfindən edilmişdir. Həmçinin iddiaçı müavinətlə bağlı müraciət etdikdə özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını bildirir, ona görə də torpaq sahəsi ilə bağlı vergi ödəməli və sübutlar təqdim etməlidir. İddiaçı ötən məhkəömə iclasından sonra, yəni xx.xx.2023-cü il tarixə yenidən müavinətlə bağlı müraciət etmişdir, lakin yenə də m.d.s.s.h ödəməsi barədə sübut təqdim etmədiyindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün cavabdehə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ona məcburi mövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı həmin ödənişlərin 2023-cü ilin avqust ayında (imtina tarixindən sonra) edildiyini bildirdiyinə görə ona yenidən cavabdehə müraciət etməli olması izah edilmiş və məhkəmə iclası bu səbəbdən təxirə salınmışdır. Buna baxmayaraq iddiaçı qeyd olunan hüquqi yardımdan yararlanması ilə bağlı məhkəməyə məlumat verməmiş və məhkəmə iclasına gəlməmişdir. Odur ki, qeyd olunan hal iddiaçının hazırkı iddia ilə bağlı hüquqi marağının olmadığını deməyə əsas verir. Bundan əlavə işdə olan məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş qəbzlərindən görünür ki, həmin ödənişlər Reyhan Hacıyeva tərəfindən edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada, yəni tələb olunan müvafiq sənədlər təqdim etmədən cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: -5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.13-cü bəndinə əsasən ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Məhkəmə həmçinin tələbin qərarın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırki mübahisə ilə bağlı cavabdeh tərəfindən hər-hansı qərar qəbul edilməmişdir. Odur ki, mövcud olmayan qərarın ləğv edilməsi barədə iddia mümkün sayıla bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-600/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-600/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver