Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6010/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) “Samux Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Samux rayonu, Qırmızı Samux kəndi ərazisində əvvəl 56 kv.m., sonra isə əlavə tikili apırılmaqla 64.4 kv.m. sahəsi olan fərdi yaşayış evi vardır. Həmin tikili üzərində inventarlaşdırma işi aparılmış və həmin fərdi yaşayış evi 0.12 ha torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. İddiaçı bildirir ki, iddia ərizəsinə əlavə etdiyi arxiv arayışından da, göründüyü kimi həmin ev və təsərrüfat onun adına qeydə alınmışdır. Bu baxımdan iddiaçı iddia edir ki, onun evinin ərazisinə düşən və fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi AR Prezidentinin 1995-ci il tarixli fərmanına əsasən əvəzsiz olaraq onun mülkiyyətinə verilməli olduğu halda, 3-cü şəxsin adına Aqrar İslahat Komissiyası tərəfindən işlənmiş, iddiaçının adına isə yalnız həmin ərazidə JN306 nömrəli torpağın mülkiyyətə verilməsinə dair kənd təsərrüfatlı torpaq sahəsi işlənmişdir. İddiaçının evinin yerləşdiyi torpaq sahəsi isə qanunsuz olaraq 3-cü şəxsin adına işlənmişdir. İddiaçı hesab edir ki, necə ola bilər ki, həmin kənddə təsərrüfat olaraq onun qeydiyyatı ilə bağlı təsərrüfat başına kitab Aqrar İslahat Komissiyasına təqdim edildiyi təqdirdə 0.37 ha kənd təsərrüfatlı torpaq sahəsi işlənir, lakin məlumatlar olduğu təqdirdə iddiaçının evinin yerləşdiyi torpaq sahəsi isə onun deyil, 3-cü şəxsin adına işlənir, həmçinin ev iddiaçının, torpaq sahəsi isə başqa şəxsə məxsus olur. İddiaçı uzun müddət Rusiyada olduğundan və orada işlədiyindən torpaq sahəsinin qanunsuz olaraq Aqrar İslahat Komissiyasının qərarı əsasında başqa şəxsin adına rəsmiləşdirilməsi barədə məlumatı olmamış və yalnız evini 2025-ci il tarixdə sənədləşdirmək istəyən zaman ona məlumat verilmişdir ki, onun evinin yerləşdiyi torpaq sahəsi 3-cü şəxsin adına Aqrar İslahat Komissiyasının qərarı ilə işlənərək ayrılmışdır. Bu baxımdan iddiaçı Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarını qanunsuz və əsassız hesab edir. Aqrar İslahat Komissiyası tərəfindən hüquqlarının pozulmasını 2025-ci ilin fevral ayında müəyyən etdiyini bildirir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-6010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Samux Rayon Qaraağaclı Bələdiyyəsi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli 01 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus olmuş fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha həyatyanı torpaq Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixdə, 04 saylı qərarı ilə aparılan islahat zamanı JN-188F saylı torpaq şəhadətnaməsinə əsasən Qaraağaclı qəsəbə sakini X1 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-13120/2024 saylı cavab məktubunda bildirmişdir ki, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 64.4 kv m olan fərdi yaşayış evinə dair 20 yanvar 1988-ci il tarixli texniki pasport İddiaçı adına işlənmişdir. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-306, KOD 50705018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının İddiaçı adına işlənildiyi bildirilmişdir. xx.xx.1988-ci il tarixli texniki pasport İddiaçıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38-ci maddəsində iddia müddətləri nəzərdə tutulmuşdur. 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarına görə, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdırıb, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materialları ilə İddiaçı Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999cu il tarixli, 04 saylı qərarını xx.xx.2011-ci il tarixədək mübahisələndirdiyi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixədək iddiaçı Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarını mübahisələndirmək hüququ olmasına baxmayaraq, mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun həmin qərarı məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) “Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) “Samux rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva