Məhkəmə qərarları › İş №2-1(114)-6032/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-6032/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6032/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı ziyan tələbinə dair iş üzrə Giriş hissə: Gəncə İnzibati Məhkəməsinin hakimi X2 İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı 2013-2016-cı illər üzrə ona məxsus ödənilməmiş məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlər üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2013-2016-cı illər üzrə ona məxsus ödənilməmiş məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlər üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4484/2025 nömrəli qərardadı ilə (hakim H.Nəcəfov) iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

Əsaslandırma hissəsi:

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

4. Belə ki, Şirvan İnzibati Məhkəməsi inzibati işi ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərən zaman öz qənaətini

5. əsası kimi qeyd etmişdir ki, cavabdeh birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan hesab olunmadığından, tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 8.1.4-cü maddəsində göstərilən (cavabdehin yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X1 Regional Təhsil İdarəsi Gəncə İnzibati Məhkəməsinin dislokasiyasına aid olan Bərdə şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşir.

6. Məhkəmə Şirvan İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı işə Gəncə İnzibati Məhkəməsində deyil, Şirvan İnzibati Məhkəməsində baxılmalıdır.

7. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi 2013-2016-cı illər üzrə ona məxsus ödənilməmiş məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlər üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənməsindən ibarətdir və onun cavabdeh qismində qeyd etdiyi orqan - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsi həmin tələbə cavab verməli orqan deyil. Belə ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesaba daxil edilməsi (işlənilməsi yaxud hesablanması) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyətinə aid məsələdir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının 13-cü və 48-ci maddələrinin tələblərinə müvafiq olaraq, bu barədə yardım edilməli və düzgün cavabdeh müəyyən edilməli, bu halda isə cavabdeh olacaq orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalı idi.

9. İkinci tərəfdən, hətta, iddiaçının tələbinə hazırkı cavabdehə qarşı baxılsa belə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə yenə də xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılmalıdır.

10. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia): Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: - 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: - 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

12. Məhkəmə hesab edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən, hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.

13. Belə ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli 664 nömrəli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi yaradılmışdır (bənd 1.4).

14. Həmin Sərəncamla müəyyən olunur ki, Qarabağ Regional Təhsil İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır.

15. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla müəyyən edilir ki, İddiaçı rəsmi qeydiyyat ünvanı Ağcabədi rayonu, Boyat kəndidir.

16. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən isə Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Beləliklə, Gəncə İnzibati Məhkəməsi özünü hazırkı işə baxılmasında səlahiyyətli məhkəmə hesab etmir. Ona görə də, inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2, 8.5 və 9.1-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı 2013-2016-cı illər üzrə ona məxsus ödənilməmiş məcburi dövlət sosial sığortasına cəlb olunmuş gəlirlər üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar