Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-607/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 (bundansonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5)qarşı ünvan 1, mənzil 4 fərdi yaşayış evinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(114)-607/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1992-ci il tarixli, 40 nömrəli orderlə ünvan 1, mənzil 4 ona verilmişdir. O, ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 müraciət edərək qeyd olunan fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarış verilməsini xahiş etmişdir. Lakin, inzibati orqan bunu etməkdən imtina etmişdir. O, cavabdeh orqanın imtina məktubunu qanunsuz və əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 etibarnamə üzrə nümayəndəsi X2 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aiddir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununun 6-cı maddəsinə əsasən hərbi şəhərcikdə yerləşən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, üçüncü şəxs ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan: - xx xxxxxx 1992-ci il tarixli orderin təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin orderi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 xx xxxxxx 2019-cu il tarixli, **********117 nömrəli imtina məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən olunmuş və bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını münasibətlərin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsi və xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin;
6. maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.
48. maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 100.maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
103. maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və .başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Həmçinin qüvvədə olan Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun;
1. maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
6. maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İş materiallarından məlum olur ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi ünvan 3 ünvanında yerləşən 4 nömrəli mənzil İddiaçı xidməti mənzil kimi verilmişdir. Həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aiddir. Beləliklə məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 4 nömrəli mənzilAzərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova