Məhkəmə qərarları › İş №2-1(114)-608/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-608/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-608/2020 01.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarı ilə Samux rayon Nəbiağalı qəsəbəsində sahibkarlıq məqsədi üçün ayrılmış 43.7 kv.m torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarı ilə Samux rayon Nəbiağalı qəsəbəsində sahibkarlıq məqsədi üçün 43.7 kv.m torpaq sahəsi ayrılmış və bu barədə A 181911 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarı ilə Samux rayon Nəbiağalı qəsəbəsində sahibkarlıq məqsədi üçün ayrılmış 43.7 kv.m torpaq sahəsi üzərində mərhum anası X3 hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin iddia ilə bağlı xx.xx.2020-ci il tarixli, **********93 nömrəli etiraz ərizəsində bildirilmişdir ki, iddiaçının müraciətinin araşdırılması zamanıSamux rayon Nəbiağalı qəsəbəsində yerləşən bələdiyyə tərəfindən sahibkarlıq məqsədi üçün ayrılmış 43.7 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam şəkildə, 43.7 kv.m torpaq sahəsinin satılmasını təsdiq edən alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən olunmuş, bu səbəbdən müraciəti təmin etmək mümkün olmamış və ərizənin icrasından imtina edilərək ərizəçiyə bildiriş göndərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.12. 2019-cu il tarixli, **********49 nömrəli bildirişinin surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -A 181911 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarı ilə X4 Samux rayon Nəbiağalı qəsəbəsində sahibkarlıq məqsədi üçün 43.7 kv.m torpaq sahəsi ayrılmışdır. -Samux bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Nəbiağalı bələdiyyəsinin qərarına əsasən X1 məşğul olmaq üçün 43.7 kv.m torpaq sahəsi verilmiş və alqı-satqı edilərək pul bələdiyyənin büdcəsinə ödənilmişdir. -xx.xx.2007-ci il tarixli AZ-İ 253533 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin 07 ayının 09 günündə 28 nömrə ilə qeyd edilmişdir. -Samux rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı miras qoyan X3 varisidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarına əsasən sahibkarlıq məqsədilə iddiaçının mərhum anası X2 və torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, X6 2007-ci ildə vəfat etmişdir və onun varisi İddiaçıdur. Mövcud qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. A 181911 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə müəyyən edilmiş Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən 43.7 kv.m torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində X3 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar