Məhkəmə qərarları › İş №2-1(114)-608/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-608/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-608/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl Rayon Bələdiyyəsi və X3) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 536.3 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-608/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin 21 oktyabr 2007-ci il tarixli, 07 saylı Qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. Torpaq sahəsi 16 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam qanunidir. O, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan çıxarışın verilməsindən imtina etmiş, səbəb kimi isə torpaq sahəsinin alqısatqıya dair akt əsasında satılması göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-608/2024 saylı qərardadı ilə iş üzrə Göygöl Rayon Bələdiyyəsi və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və üçüncü şəxs X3 məhkəmə iclasına gəlmişlər, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və digər üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 iddia tələbi ilə razılaşdığını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 07 saylı qərarından çıxarışın surətindən görünür ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709-İİİ QD Qanununun 9.1-ci maddəsinə əsasən, fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin P.İ.F torpağından 0.06 ha torpaq sahəsi alqı-satqı yolu ilə 5 ildən artıq Göygöl şəhərində qeydiyyatda olan və yaşayan İddiaçı satılmışdır. - işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 936 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə Göygöl şəhər Bələdiyyəsinə torpaq sahəsi almaq üçün müraciət olunmuşdur. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Göygöl Bələdiyyə ərazisində 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 07 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən “Kapital” Bankın Göygöl filialının ******************** saylı hesabına əvvəlcədən 1017 manat haqq ödənilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-16-RA-2-Q-167- 8/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, Göygöl rayon Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 07 saylı qərarı əsasında Bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən 0.06 ha ayrılıb vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satıldığı göstərilmişdir. - işə əlavə edilmişxx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl şəhərində yerləşən 13.76 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Göygöl rayonu Göygöl Bələdiyyəsinə məxsusdur. - işə əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5538/23 nömrəli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl Rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 07 saylı qərarına və xx.xx.2013-cü il tarixli 936 nömrə ilə qeydiyyata alınmış torpaqların alqısatqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə xx.xx.2007-ci il tarixli, 466-İİİ QD nömrəli dəyişiklik edilmiş və “akt” sözü müvafiq olaraq “müqavilə” sözü ilə əvəzlənmişdir. Belə ki, hal hazırda Qanuna əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq meqavilə ilə rəsmiləşdirilir. Bundan başqa, torpaq sahəsinin ölçüsünün və sərhədlərinin naturada müəyyən edilməsinə imkan verən torpaq sahəsinin planı və ölçüsü (koordinat arayışı) təqdim olunmadığı müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, vətəndaş tərəfindən istifadə olunan torpaq sahəsinin bir hissəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə, bir hissəsi isə kənd təsərrüfatı təyinatlı (BEF) torpaq sahəsi ilə üst-üstə düşür. - işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəçəyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9421/203 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 saylı qərarına və xx.xx.2013-cü il tarixli 936 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin ölçüsünün və sərhədlərinin naturada müəyyən edilməsinə imkan verən torpaq sahəsinin planı və ölçüsünün (koordinat arayışı) təqdim olunmadığı müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən vətəndaş tərəfindən istifadə olunan torpaq sahəsinin 49 kv.m hissəsi X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə əsasən, kənd təssərrüfat təyinatlı (BEF) torpaq sahəsi ilə, həmçinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqləri torpağına düşdüyü müəyyən olunmuşdur. ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X2 məxsus xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli dəyişiklik edilmiş və “akt” sözü müvafiq olaraq “müqavilə” ilə əvəz edilmişdir. Həmin dəyişiklik 30 noyabr tarixində qüvvəyə minmişdir. Belə ki, hal-hazırda Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəya müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasını bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 466-İİİ QD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli dəyişiklik edilmiş və “akt” sözü müvafiq olaraq “müqavilə” ilə əvəz edilmişdir. Həmin dəyişiklik 30 noyabr tarixində qüvvəyə minmişdir. Belə ki, hal-hazırda Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bu səbəbdən müraciətin icrası tərəfimizdən mümkün olmamış və vətəndaşa xx.xx.2028-cü il tarixli 3-21-3-33/2-5538/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin maddənin ikinci bəndində Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, şaşınməz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0826/2024 nömrəli məktuba əlavə olunmuş rəydən görünür ki, iddiaçının naturada təqdim etdiyi 593.0 kv.m torpaq sahəsi, elektron baza materiallarına istinadən, torpaq islahatına dair tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının naturada təqdim etdiyi 593.0 kv.m torpaq sahəsi, elektron baza materiallarına istinadən, torpaq islahatına dair tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən ehtiyyat fond torpaqları kateqoriyasına, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına əsasən ehtiyyat fond torpaqları kateqoriyasına aid kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan əkin sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən isə, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahədir. İddiaçının naturada təqdim etdiyi 593.0 kv.m torpaq sahəsinin 56.7 kv.m hissəsi, **********48 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş AA-007248 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi üzərində tikili mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 07 nömrəli qərarı ilə bələdiyyə ərazisindən İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı tərəf qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının müvafiq sənədlərinə baxılmış və sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair akt əsasında satıldığından, « Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında » Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müqavilə əsasında rəsmiləşdirilmədiyindən və elektron baza məlumatlarına əsasən vətəndaş tərəfindən istifadə olunan torpaq sahəsinin bir hissəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə, bir hissəsi isə kənd təsərrüfatı təyinatlı (BEF) torpaq sahəsi ilə üst-üstə düşdüyüyündən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası kimi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı, yəni xx.xx.2017-ci il tarixdə 07 nömrəli qərarının qəbul edilməsi, xx.xx.2013cü il tarixdə isə 936 nömrəli torpaqların alqı-satqısına dair akt tərtib edilməsi və “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 sentyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə dəyişikliyin edilməsi olmuşdur. Belə ki, yeni dəyişikliyə görə, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçı tərəfindən naturada təqdim olunan 593.0 kv.m torpaq sahəsinin 56.7 kv.m hissəsi **********48 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs X1 mülkiyyətində olan həyətyaanı torpaq sahəsinə dair tərtib olunmuş AA-007248 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. Bununla yanaşı, məhkəmə qeyd etmək istəyir ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə 536.3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qaydalarını pozmaqla) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən və İddiaçı məxsus olan 536.3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar