Məhkəmə qərarları › İş №2-1(114)-613/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-613/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-613/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12 (üçüncü şəxs Şəmkir rayonu, Yuxarı Seyfəli bələdiyyəsi) qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X11 üzərinə qoyulması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12(bundan sonra mətndə cavabdeh) qarşı A 358260 saylı, xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin Planı və Ölçüsü əsasında mərhum X4 adına qeyd edilmiş, Şəmkir rayonu, Yuxarı-Seyfəli kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Notariat Kontoru tərəfindən rəsmi qayda da vərəsəsi olaraq tanındığı mərhum X3 rayonu, Yuxarı-Seyfəli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 05 saylı qərarı ilə Şəmkir rayonu, Yuxarı-Seyfəli kəndi ərazisindən 1200 kv.m torpaq sahəsi satın almışdır. Hazırda o həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də, torpaq sahəsinin mərhum X1 barədə bələdiyyənin qeyd olunan qərarını təqdim etməsi tələb edilmiş, o qərarı əldə etmək üçün Şəmkir rayonu, Yuxarı-Seyfəli Bələdiyyəsinə müraciət etmiş, lakin həmin Bələdiyyədən ona tələb olunan qərarın arxivə verildiyi bildirilmişdir. Bundan sonra o arxivə müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. xx.xx.2011-ci ildə həmin torpaq sahəsinə dair onun adına A 358260 saylı Torpaq sahəsinin Planı və Ölçüsü tərtib edilmiş və hazırda da torpaq sahəsindən mərhum X4 vərəsəsi olaraq təyinatına uyğun olaraq istifadə edir. Cavabdeh qeyd edilən Planı və Ölçünü nəzərə almamış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdeh və üçüncü şəxs iddiaya qarşı münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Cavabdehin və üçüncü şəxs şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). İş materiallarına Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 676 nömrə ilə qeydiyyata alınmış A358260 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, xx.xx.2014-cü il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 697337 nömrəli Ölüm haqqında şəhadətnamə, cavabdehin **********81 nömrəli xx.xx.2019-cu il tarixli imtinası, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********30 nömrəli xx.xx.2020-ci il tarixli məlumatı, Dövlət Arxivinin Şəmkir filialının k-3-42 nömrəli, xx.xx.2020-ci il və k-3-44 nömrəli xx.xx.2020-ci il tarixli məktubları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********34 nömrəli xx.xx.2020-ci il tarixli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məlumatı, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********87 nöməli məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli 05 saylı qərarı ilə X2 1200 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı ləğv edilmiş Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra mətndə DT və XK) tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Şəmkir rayon notariat kontorunda xx.xx.2019-cu il tarixdə 967 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşdirilmişdir. İddiaçı hazırda qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini məhkəmədən xahiş edir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********30 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, plan və ölçü sənədinin işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********34 nömrəli xx.xx.2020-ci il tarixli məktubu və cavabdehin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məlumatı ilə müəyyən olunur ki, “Torpaq sahəsinin plan və ölçüsü” sənədində X4 adına qeyd olunmuş 0,12 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Dövlət Arxivinin Şəmkir filialının k-3-42 nömrəli, xx.xx.2020-ci il və k-3-44 nömrəli xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli bələdiyyəsinin arxiv sənədləri Şəmkir Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi A358260 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü təqdim etmişdir. Lakin yuxarıda qeyd olunan sənəd qanunvericiliyin tələblərinə görə sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas deyil. Belə ki, Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Qanunun mənasından göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun qeydiyyata alınması əsas hesab olunur “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Məhkəmə hesab edir ki, Şəmkir rayon Yuxarı Seyfəli kəndində yerləşən 1200 kv.m həyətyanı torpaq sahəsinə dair A358260 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi elektron baza məlumatlarında olsa belə, iddiaçının həmin torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədi- bələdiyyə qərarı və ya aktı olmadığından iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12 (üçüncü şəxs Şəmkir rayonu, Yuxarı Seyfəli bələdiyyəsi) qarşı A 358260 saylı, xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü əsasında mərhum X4 adına qeyd edilmiş, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində yerləşən 1200 m2 torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar