Məhkəmə qərarları › İş №2-1(114)-614/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-614/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-614/2020 02.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X10rşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon Gər-Gər kəndində yerləşən və hal-hazırda istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19 (bundan sonra mətndə cavabdeh) həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarında iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Gədəbəy rayonu, Gər-gər kəndində yerləşən və hal-hazırda istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsi, həmçinin həmin torpaq sahəsində yerləşən 1974-cü ildə tikilmiş, yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi isə 30 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, üçüncü şəxs X11 adına Dövlət Torpaq Kadastr kitabında xx.xx.2009cu il tarixdə 83 nömrə ilə qeydiyyata alınmış A097209 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv olunmasını da xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadları ilə tələbin artırılması barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı xx.xx.2009-cu ildə vəfat etmişdir. Aqrar İslahat aparılan zaman onların istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş ümumi sahəsi 30 kv.m olmaqla yaşayış sahəsindən ibarət mülk olmuşdur. Bu arxiv arayışında da qeyd olunub. Lakin sonradan ona məlum olmuşdur ki, istifadəsində olan 0,15 ha və 0,25 ha torpaq sahələri xx.xx.1971-ci il təvəllüdlü oğlu X12 adına zəbt kimi yazılmış, iddiaçının da istifadəsində olan 0,15 ha torpaq sahəsi tamamilə kənar dağətəyi bir sahədə ümumi sahəsi 1 hektar 30 sotda göstərilmişdir. Göründüyü kimi aidiyyəti qurumlar sənədləri tamamilə səhv yazmaqla onun hüquqlarını kobud surətdə pozmuşdur. Faktiki olaraq uzun illər istifadəsində olan 0,40 ha torpaq sahəsi qeyri-qanuni olaraq oğlu X12 adına zəbt kimi rəsmiləşdirilmişdir. Mübahisənin araşdırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər etsə də, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1974-cü ildə qaynatası tərəfindən sahəsi 15 sot torpaq sahəsi olan ata mülkü ilə sahəsi 25 sot torpaq sahəsi olan baba ocağı bölünmüş, baba ocağı, yəni 25 sot torpaq sahəsi üçüncü şəxs oğlu Azər Əliyevə, ata ocağı, yəni 15 sot torpaq sahəsi və üzərində olan yaşayış evi isə ona və yoldaşına verilmişdir. Halhazırda o, həmin 15 sot torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 20 kv.m olan evdə yaşayır. Qapılara nömrə verilən zaman həmin yaşayış evinin və torpağın Azər Əliyevin adına qeydiyyata alındığını bilmişlər. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 421 nömrəli və xx.xx.2020-ci il tarixli 144 nömrəli Arxiv arayışları, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********78 nömrəli məktubu, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2020-ci il tarixdə 319 nömrə ilə qeydiyyata alınmış A097449 nömrəli, xx.xx.2009-cu il tarixdə 83 və 84 nömrə qeydiyyata alınmış A097209 və A097210 nömrəli torpaq sahəsinin planı və ölüçüsü sənədləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********14 nömrəli məktubu və həmin məktuba əlavə olunmuş sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********78 nömrəli məktubunda iddiaçı və oğlu X7 adları X8 ailə tərkibində (cəmi 3 nəfər) “Pay almaq hüququ olan subyektlərin siyahı”sına daxil edilmiş, qanuni istifadəsində 0,15 ha və zəbt kimi 1,37 ha həyətyanı torpaq sahəsinin olduğu, ailə başçısı kimi X23 4 nəfər ailə üzvü ilə birlikdə (cəmi 5 nəfər) siyahıya daxil edilməsi və onun qanuni istifadəsində 0,25 ha, zəbt kimi 0,25 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Bu səbəbdən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına JN-516A Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (1,07 ha), X12 adına isə JN-485A Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (0,35 ha) tərtib olunduğu qeyd edilmişdir. Həmin şəhadətnamələr nə proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilə bilmiş, nə də ki “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin arxivlərində aşkar olunmuşdur. Məhkəmə icraatı zamanı cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********14 nömrəli məktubundan isə məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nın Gədəbəy rayonu Gərgər kəndi üzrə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr deyil, torpaq sahəsinin planı və ölçüsü sənədləri işlənmişdir. Belə ki, sözügedən məktubda qeyd olunur ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 10742 kv.m həyətyanı torpaq sahəsinə dair X8 və digər ailə üzvlərinin adlarına seriya A, 097449 saylı və X12 və digər ailə üzvlərinin adlarına 151 kv.m həyətyanı torpaq sahəsinə dair seriya A, 097209 saylı və 3469 kv.m həyətyanı torpaq sahəsinə dair seriya A, 097210 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2020-ci il tarixdə 319 nömrə ilə qeydiyyata alınmış A097449 nömrəli, xx.xx.2009-cu il tarixdə 83 və 84 nömrə qeydiyyata alınmış A097209 və A097210 nömrəli torpaq sahəsinin planı və ölüçüsü sənədlərindən görünür ki, Gədəbəy rayonu X2 xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10742.0 kv.m həyətyanı torpaq sahəsinə dair X8 və digər ailə üzvlərinin adlarına, 151.0 kv.m və 3.469 kv.m həyətyanı torpaq sahəsi isə X12 və ailə üzvlərinin adlarına işlənmişdir. İş materiallarındakı Gədəbəy rayon X2 sədri tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən və cavabdeh tərəfindən təqdim edilən subyekt siyahısından çıxarışdan görünür ki, X23 və onun ailə üzvlərinin – X1, X3, X4 və X5 qanuni istifadəsində 0,25 ha, X16 və onun ailə üzvlərinin – İddiaçı və X7 qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi mövcud olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Gədəbəy rayonu, Gər-gər kəndində yerləşən və hazırda iddiaçının istifadəsində olan 0,15 ha torpaq sahəsi Aqrar islahat zamanı iddiaçının vəfat etmiş həyat yoldaşına verilmiş, lakin cavabdehin qüsurlu faktiki hərəkətləri nəticəsində həmin torpaq sahəsi üçüncü şəxs X11 adına plan və ölçü sənədi hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından cavabdehin qüsurlu faktiki hərəkətləri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhv kimi qiymətləndirilir. Cavabdeh orqan bu düzəlişi aparmaq öhdəliyini daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı istifadəsində olan 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbində haqlıdır. Digər tərəfdən məhkəmə həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 30 kv.m olan yaşayış evi üzərində hüquqlarının da qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərdən biri də “kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış”dır. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 421 nömrəli və xx.xx.2020-ci il tarixli 144 nömrəli Arxiv arayışlarından görünür ki, X9 1991- 1995-ci illərə dair Gərgər kənd təsərrüfatbaşına kitabında ailə tərkibi arvadı İddiaçı, oğlu X22, oğlu X17, qızı X13, oğlu X24, 2006-2010-cu illərə dair Gərgər kənd təsərrüfatbaşına kitabında ailə tərkibi X18, arvadı İddiaçı, oğlu X17 qeyd olunmuşdur. X18 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, X17 isə həmin torpaq sahəsinin və yaşayış evinin anasının adına qeydiyyata alınmasına etiraz etməmişdir. Habelə, iş materiallarında olan Gədəbəy rayon aqrar islahatı komissiyasının sədri tərəfindən təsdiqlənmiş cədvəldən görünür ki, X22 aqrar islahat vaxtı 5 nəfər ailə üzvləri ilə birlikdə ayrı təsərrüfat olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 0,15 ha torpaq sahəsinə dair X11 adına verilmiş A№097209 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ləğv edilməsi və istifadəsində olan 0,15 ha torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 30 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarınının qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X14 Gədəbəy rayon AİK-nın xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə 151 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmiş, Dövlət Torpaq Kadastr kitabında xx.xx.2009-cu il tarixdə 83 nömrə ilə qeydiyyata alınmış A№097209 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X15 üzərinə İddiaçı istifadəsində olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 30 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması vəzifəsi həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar