Məhkəmə qərarları › İş №2-1(114)-614/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-614/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-614/2024 04.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Tərtər rayonu İrəvanlı bələdiyyəsi) qarşı Tərtər rayon İrəvanlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış Tərtər rayonu İrəvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində onun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayonu İrəvanlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarına əsasən Tərtər rayonu, Kəbirli kəndindən İddiaçı adına 0.12 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 44 nömrə ilə qeydiyyata alınmışdır.

4. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X6 kitabında xx.xx.2012-ci il tarixdə A№396467 nömrə ilə uçota alınmışdır.

5. Tərtər Rayon İcra Hakimiyyəti başçısının İrəvanlı inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 172 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı son beş ildə ərazidə daimi qeydiyyatdadır və adına heç bir həyətyanı torpaq sahəsi, evi yoxdur.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Məhkəmə məktubunda mübahisəli 0.12 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd (plan və ölçü sənədi, çıxarış, şəhadətnamə olmadığından) yalnız iddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi. İddiaçı llyas oğlunun faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 0.12 ha torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı həyətyanı torpaqlarına aiddir. 2) İddiaçı faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsinin koordinatları naturada təyin edilərək sxemə əlavə edilir. 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil. 4) İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi yer səthi üzərində qaz kəmərinin, elektrik xəttinin, çayların, göllərin və digər təyinatlı obyektlər mövcud deyil, ancaq torpaq sahəsi üzərində Azercell qülləsi vardır.

8. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 14553 nömrəli cavab məktubunda bildirilmişdir ki, əhalinin daha geniş kütləsinə mobil rabitə xidmətinin göstərilməsini, şəbəkələrinin əhatə dairəsinin daha da genişləndirilməsini və təqdim etdikləri mobil rabitə xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkənin müxtəlif ərazilərində yeni radio-baza stansiyalarının quraşdırılması ehtiyacları araşdırılır, zəruri tədbirlər görülür. Belə stansiya qurulması zərurəti Tərtər rayonu İrəvanlı kəndi ərazisində də yaranmışdır. Həmin ərazidə mobil rabitə şəbəkəsinin keyfiyyətini daha da artırmaq üçün, “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 13 sentyabr 2012-ci il tarixli 2012-0537 nömrəli birgə fəaliyyət müqaviləsi bağlanmaq ilə İddiaçı aid olduğu bildirilən torpaq sahəsində radio-baza stansiyası qurulmuşdur. Hazırda stansiya həmin ərazidə fəaliyyət göstərir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayonu İrəvanlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarına əsasən Tərtər rayonu, İrəvanlı kəndindən onun adına ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış, texniki pasport və “Torpaq sahəsinin planı və ölçüsü”) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon İrəvanlı Bələdiyyəsinin 04 may 2012-ci il tarixli, 05 saylı qərarına əsasən Tərtər rayon İrəvanlı kəndindən onun adıma verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Buna uyğun olaraq o, həmin torpaq sahsində fərdi yaşayış evi tikdirmək istəyir. Lakin həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, onun qanuni istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü , dövlət reyestrindən çıxarış və texniki Pasport) verilməlidir. Məhz buna görə də o, Tərtər rayon İrəvanlı Bələdiyyəsinin 04 may 2012-ci il tarixli, 05 saylı qərarına əsasən Tərtər rayon İrəvanlı kəndindən onun adına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəmə cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3777/2023 saylı məktubda «torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur» əsası ilə imtina cavabı verilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

12. İddiaçı X5 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tərtər rayon İrəvanlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış Tərtər rayonu İrəvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində onun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər rayonu İrəvanlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

22. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

24. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

25. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh orqanın nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu İrəvanlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarı; - DT və XK-nin Tərtər rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2012-ci il tarixli qəbz; - Torpaqların alqı-satqısına dair xx.xx.2012-ci il tarixli 44 nömrəli akt; - xx.xx.2012-ci il tarixli A 396467 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Tərtər Rayon İcra Hakimiyyəti başçısının İrəvanlı inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 172 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 14553 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayonu İrəvanlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarına əsasən Tərtər rayonu, Kəbirli kəndindən İddiaçı adına 0.12 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 44 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X6 kitabında xx.xx.2012-ci il tarixdə A 396467 nömrə ilə uçota alınmışdır. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

30. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

32. Mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər rayonu İrəvanlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2012-ci il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin və Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyləri ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Qarağacı bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

33. Cavabdeh orqanın iddiaya qarşı ilkdəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur.

34. Yəni, cavabdehin qənaətinə görə, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə iddiaçıya satıla bilərdi.

35. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

36. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

37. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

38. Sadalanan normalardan göründüyü kimi, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

39. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.

40. Hazırkı iş materialları, o cümlədən icraat iştirakçılarının izahatları ilə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

41. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

42. Digər tərəfdən məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, məhkəmə məktubunda mübahisəli 0.12 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd (plan və ölçü sənədi, çıxarış, şəhadətnamə olmadığından) yalnız iddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi. İddiaçı llyas oğlunun faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 0.12 ha torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı həyətyanı torpaqlarına aiddir. İddiaçı faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsinin koordinatları naturada təyin edilərək sxemə əlavə edilir. Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi yer səthi üzərində qaz kəmərinin, elektrik xəttinin, çayların, göllərin və digər təyinatlı obyektlər mövcud deyil, ancaq torpaq sahəsi üzərində Azercell qülləsi vardır..

43. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.

44. Həmçinin, ortofoto görüntü ilə müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.

45. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.

46. İddiaçının hazırki tələbi də Tərtər rayon İrəvanlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış Tərtər rayonu İrəvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində onun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

47. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. “Azərbaycan Respublikasında X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X1 X3nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

48. Azərbaycan Respublikasında X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

49. Göründüyü kimi, X1 X3 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

50. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Tərtər rayon İrəvanlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış Tərtər rayonu İrəvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində onun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Tərtər rayon İrəvanlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış Tərtər rayonu İrəvanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində İddiaçı faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar