Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-614/2025 06.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Zurnabad bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli arxiv arayışına əsasən Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evi qeydə alınmışdır ( Əsas: Fond № 186, siy.№ 2, iş № 4 ,səh. 148,149.). Göygöl Rayonu İcra Hakimiyyəti başçısının X5 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı Göygöl rayonu Tülallar kəndində anadan olmuşdur və hal-hazırda Tülallar kəndində ona məxsus evdə yaşayır . İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli, 3-21-3-33/2-2087/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, aparılan araşdırma zamanı, elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, Yeni uçot xəritə materiallarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. O, 8 mart kolxozunda işlədiyinə görə ona 0,12 ha torpaq sahəsi verilmişdir. 50 ildən çoxdur həmin torpaq sahəsini o istifadə edir və həmin torpaq sahəsi üzərində 24 kv.m olan ev tikilib və həmin evdə yaşamışdır. Arxiv arayışından da görünür ki, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 №li təsərrüfatbaşına kitabın 62 №li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evi qeydə alınmışdır. O, cavabdeh orqana mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçı naturada təqdim etdiyi fərdi yaşayış evinin altında yerləşən 35.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindən 17.0 metr kənarda İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim etdiyi metal torla hasarlanmış 422.5 kv.m torpaq sahəsinin, xx.xx.2024-cü il qeydiyyat tarixli **********20 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur.
2. Torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətləri müşahidə olunmamışdır. 3.Elektron baza materiallarına istinadən torpaq sahəsinin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmadı. 4.Torpaq sahəsinin koordinatları, rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur.
5. Rəy hazırlanarkən, Göygöl rayonu Tülallar kəndi “8 mart” təsərrüfatında aparılmış torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə,Tülallar bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-ci il tarixli yerquruluşu seminə (KOD ********), hüquqmüəyyənedici sənədlər barədə məlumatların qeyd olunduğu elektron kadastr bazasına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) istinad olunmuşdur. İddiaçı və onun nümayəndəsi olan vəkili X4 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evin onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimim bildirilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, Yeni uçot xəritə materiallarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3. bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-). 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Belə ki, iş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, olan yaşayış evi qeydə alınmışdır. Surəti iş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025 -ci il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayonu Tülallar kəndində anadan olmuşdur və hal-hazırda Tülallar kəndində ona məxsus evdə yaşayır. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının adına qeydə alınması və onun həmin evdə yaşaması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Göründüyü kimi, yuxarıda istinad olunan normalara əsasən mübahisə predmeti olan ümumi sahəsi 24 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evin İddiaçı adına qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva