Məhkəmə qərarları › İş №2-1(114)-616/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-616/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-616/2020 23.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz rayonu Qovlar bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 16.01.2020-ci il tarixli, **********58 nömrəli məktubu ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fiziki və hüquqi şəxslərin icarəsinə yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə verildiyindən, ərizənin icrasının mümkün olmadığı bildirilmiş və bu əsasla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 nömrəli qərarına əsasən “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün istifadə və icarə qaydalarına uyğun olaraq 5 (beş) ha torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ona icarəyə verilmiş torpaq sahəsinə icarə hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2017ci il tarixli, 2(62)- 2362/2017 saylı qətnaməsinə əsasən iddiaçının mərhum qızı X5 ilə Tovuz rayonu Qovlar bələdiyyəsi arasında bağlanmış 11 noyabr 2004-cü il tarixli 67 saylı icarə müqaviləsi üzrə yaranmış hüquq münasibatləri vərəsəlik qaydasında iddiaçıya keçmiş və həmin müqavilənin davamı üzrə Tovuz rayonu Qovlar bələdiyyəsinin mülkiyyətində olan “Yonca yeri” adlanan ərazidə 5 (beş) ha torpaq sahəsi əkinçilik məqsədilə ilə ona icarəyə verilmiş və həmin torpaq sahəsi 16 mart 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla onun xeyrinə yüklü edilmişdir. Tovuz rayonu Qovlar bələdiyyəsi ilə bağlanmış 11 noyabr 2004-cü il tarixli, 67 saylı icarə müqaviləsinin müddəti bitdiyinə görə Tovuz rayonu Qovlar bələdiyyəsinə müraciət etmişdir. Onun müraciətinə Tovuz rayonu Qovlar bələdiyyəsində baxılmış və Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 saylı qərarına əsasən “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün 5 (beş) ha torpaq sahəsi istifadə və icarə qaydalarına uyğun olaraq 49 (qırx doqquz) il müddətinə icarəyə verilmiş və icarəyə götürdüyü torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlayıb verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 15 saylı Ərazi İdarəsindən xahiş edilmişdir. Həmin qərar əsasında Tovuz rayonu Qovlar bələdiyyəsi ilə aralarında 17 dekabr 2019-cu il tarixli, 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. 09 yanvar 2020-ci il tarixdə Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 saylı qərarına əsasən “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün ona 49 (qırx doqquz) il müddətinə icarəyə verilmiş 5 (beş) ha torpaq sahəsinə dair müvafiq hüquqi sənəd hazırlayıb verilməsi ilə bağlı DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə vermiş, 16 yanvar 2020-ci il tarixli məktubda ona müəyyən qanun normaları izah olunaraq bələdiyyə torpağını açıq hərrac va ya müsabiqələr yolu ilə əldə edə biləcəyi izah olunmuşdur. Həmçinin Azarbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə də daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olması bildirilmiş, qanunamüvafiq qaydada Qovlar bələdiyyəsinə müraciət edə bilməsi qeyd olunmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Qovlar bələdiyyəsinin 13.12.2019-cu il tarixli, 67 saylı qərarı ilə icarəyə verilmiş 5.0 ha sahəsi üzərində İddiaçı icarə hüququnun qeydiyyata alınması ilə bağlı 09.01.2020-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, 2008-ci il 28 oktyabr tarixli, 709-İİİQD nömrəli Qanunla bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanununun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Üçüncü şəxs Tovuz rayonu Qovlar bələdiyyəsi məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Tovuz rayonu Qovlar bələdiyyəsi ilə bağlanmış 11 noyabr 2004-cü il tarixli, 67 nömrəli icarə müqaviləsinin müddəti bitdiyinə görə İddiaçı Tovuz rayonu Qovlar bələdiyyəsinə müraciət etmişdir. İddiaçı müraciətinə baxılaraq, Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 nömrəli qərarına əsasən “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün 5 (beş) ha torpaq sahəsi istifadə və icarə qaydalarına uyğun olaraq 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir. Bununla bağlı, Tovuz rayonu Qovlar bələdiyyəsi ilə İddiaçı arasında 17 dekabr 2019-cu il tarixli, 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən hər iki tərəfin könüllü razılığı ilə bağlanmışdır. Ona görə də, həmin müqavilə üzrə verilmiş torpaq sahəsinə dair İddiaçı icarə hüququnun qeydə alınmasına etirazları yoxdur. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Tovuz rayonu Qovlar bələdiyyəsinin 11 noyabr 2004-cü il tarixli qərarı və icarə müqaviləsinə əsasən Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi 15 il müddətinə mərhum X2 istifadəsinə verilmiş, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(62)- 2362/2017 saylı qətnaməsinə əsasən X5 ilə Tovuz rayonu Qovlar bələdiyyəsi arasında bağlanmış 11 noyabr 2004-cü il tarixli 67 saylı icarə müqaviləsi üzrə yaranmış hüquq münasibətləri vərəsəlik qaydasında iddiaçıya keçmişdir. Həmin müqavilənin davamı üzrə Tovuz rayonu Qovlar bələdiyyəsinin mülkiyyətində olan “Yonca yeri” adlanan ərazidə 5 (beş) ha torpaq sahəsi əkinçilik məqsədilə ilə iddiaçıya icarəyə verilmiş və 16 mart 2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan icarə müqaviləsinin müddəti bitdiyinə görə İddiaçı müraciətinə əsasən Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 saylı qərarı ilə “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün 5 (beş) ha torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə ona icarəyə verilmişdir. İddiaçı icarəyə götürdüyü torpaq sahəsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində hüquqların əldə edilməsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. İş materiallarında olan 24 fevral 2005-ci il tarixli, JN-6771 KOD 50300016 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu Qovlar bələdiyyəsinin 11.11.2004-cü il tarixli, 67 nömrəli qərarı və 11.11.2004-cü il tarixli, 67 nömrəli icarə müqaviləsi ilə X4 5,0 ha kənd təsərrüfatında istifadə edilməyən 5,0 ha torpaq sahəsi 15 il müddətinə müvəqqəti istifadə üçün verilmişdir. -Tovuz Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(62)-2362/2017 nömrəli qətnaməsinin surətindən və Tovuz Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(062)- 2362/2017 nömrəli məktubundan görünür ki, ərizə təmin edilmiş, Tovuz rayonu Qovlar bələdiyyəsinin “Yonca yeri” adlanan ərazisində yerləşən 5,0 hektar torpaq sahəsinin 15 il müddətə X3 istifadəsinə verilməsi barədə Tovuz rayonu Qovlar bələdiyyəsinin 11 noyabr 2004-cü il tarixli qərarı ilə mərhum X5 ilə Tovuz rayonu Qovlar bələdiyyəsi arasında bağlanmış, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6771 nömrəli şəhadətnamə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 11 noyabr 2004-cü il tarixli, 67 nömrəli icarə müqaviləsi əsasında kənd təsərrüfatının inkişaf etdirilməsi üçün X2 icarəsinə verilmiş 5,0 hektar torpaq sahəsinin X2 ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi olan anası İddiaçı faktiki istifadəsində olması nəzərə alınmaqla, həmin icarə müqaviləsi əsasında yaranmış hüquq münasibətlərinin Tovuz rayonu Qovlar bələdiyyəsi ilə İddiaçı arasında davam etdirilməsi qət edilmişdir. -“”Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 16 mart 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi 11.11.2004-cü ildən tarixdən 11.11.2019-cu il tarixədək (15 il müddətinə) icarə hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. -Tovuz rayonu Qovlar bələdiyyəsinin 13 dekabr 2019-cu il tarixli, 67 nömrəli qərarından görünür ki, Qovlar şəhər sakini İddiaçı Qovlar bələdiyyəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11 noyabr 2004-cü il tarixli, 67 nömrəli qərarının 15 il icarə müddəti 11 noyabr 2019-cu il tarixdə bitmiş olduğundan, yenidən həmin torpaq sahəsini mülkiyyət, istifadə və icarə qaydalarına uyğun olaraq “Yonca yeri” adlanan ərazidən əkinçilik məqsədi üçün 5 (beş) ha torpaq sahəsinin istifadə və icarə qaydalarına uyğun olaraq 49 (qırx doqquz) il müddətinə İddiaçı icarəyə və istifadəyə verilməsi qərara alınmışdır. -17 dekabr 2019-cu il tarixli, 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəverən – X8 icarə əsasında sahəsi 5.0 (beş) hektar 50 (əlli) min kvadrat metr olan torpaq sahəsini gələcəkdə icarə sahəsi adlanan ərazini icarəçiyə 49 (qırx doqquz) il müddətinə icarə və istifadəyə verməyi, icarəçi – İddiaçı isə onu qəbul etməyi öhdələrinə götürmüşlər. Göründüyükimiiddiaçıtələbindəbələdiyyə qərarı əsasında onun icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir, cavabdeh inzibati orqan isə bələdiyyə tərəfindən qəbul edilmiş 13.12.2019-cu il tarixli, 67 saylı qərarın «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun qəbul edilmədiyini qeyd edərək icarə hüququnu qeydə almaqdan imtina edir. Məhkəmə aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2.maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 56. 2. maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan istisna kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi qeyd olunmuşdur. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.08.2020-ci il tarixli qərarı). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fiziki və hüquqi şəxslərin icarəsinə yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi nəzərdə tutulmasına baxmayaraq cavabdeh Tərtər rayonu Qovlar bələdiyyəsi heç bir hərrac və ya müsabiqə keçirmədən, bilavasitə torpaq sahəsinin İddiaçı icarəyə verilməsi barədə 11 noyabr 2004-cü il tarixli, 67 nömrəli qərar qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar mövcud olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz rayonu Qovlar bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz rayonu Qovlar bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar