Məhkəmə qərarları › İş №2-1(114)-617/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-617/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-617/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və iddiaçıların vəkili X1, Cavabdeh Tərtər rayonu Qaynaq bələdiyyəsinin sədri İsmayılova Vüsalə Əlövsət qızının iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Tərtər rayonu Qaynaq bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Tərtər rayonu Qaynaq bələdiyyəsinə və X3 qarşı Tərtər rayonu Qaynaq bələdiyyəsinin 05 saylı, xx.xx.2002-ci il tarixli qərarının, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin və torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2075 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Tərtər rayonu Qaynaq bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı Tərtər rayonu Qaynaq bələdiyyəsinin xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Tərtər rayon Qaynaq kənd sakinləridirlər. Bir neçə illərdir ki, problemlərlə üzləşiblər. Belə ki, respublikada torpaq islahatı aparılmış, kənd camaatına pay torpaq sahələri verilmiş, bundan əlavə Qaynaq kənd sakinlərinə mal-qarasının otarılması örüş yeri ayrılmışdır. Ancaq onlar kənd sakinlərinin sevinci uzun çəkməmiş, 2002-ci ildə Qaynaq kənd bələdiyyəsi kənd camaatının örüş yeri olan torpaq sahəsini qonşu kənd sakini, yəni Tərtər rayon Qapanlı kəndindən olan X6 ilə xx.xx.2002-ci il tarixli icarə müqaviləsi bağlanmış və Qaynaq bələdiyyəsinin 05 saylı xx.xx.2002-ci il tarixli qərarı ilə Qaynaq kəndində örüş yeri kimi camaatın istifadəsinə verilmiş 3,5 ha torpaq sahəsinin 25 il müddətinə icarəyə vermiş, həmin torpaq sahəsində qanunsuz olaraq yaşayış evi və yardımçı binalar tikmişdir. Bu barədə dəfələrlə Tərtər rayon Qaynaq kənd bələdiyyəsinə və aidiyyatı qurumlara müraciət etsələr də, bir nəticəsi olmamışdır. Bu da, kənd camaatının maddi durumunun pisləşməsi ilə nəticələnmişdir. Odur ki, Tərtər rayon Qaynaq kənd bələdiyyəsinin 05 saylı, xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsini xahiş edirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə müraciət edib torpaq sahəsinin iddiaçıların istifadəsinə qaytarılmasını tələb etmiş, Bərdə Regional Ədliyyə İdarəsinin rəhbərliyi Mövsüm Hüseynov onların müraciətləri ilə bağlı araşdırma aparmış, 5-kol-61 saylı, xx xxx 2019-cu il tarixli məktubla Tərtər rayonu Qaynaq bələdiyyəsinin sədri Vüsalə İsmayılovaya müraciət edərək Qaynaq bələdiyyəsinin əvvəlki sədrinin xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı və xx.xx.2002-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında örüş torpaq sahəsinin 3,5 ha hissəsinin X3 25 il müddətinə icarəyə verilməsi barədə qərar və aidiyyəti sənədlərin ləğvi ilə bağlı müvafiq tədbirlər görülməsi tələb edilmişdir. Onlar Qaynaq bələdiyyəsinin sədri Vüsalə İsmayılovaya torpaqların kənd camaatının istifadəsinə qaytarılmasını tələb edəndə onlara Bərdə Regional Ədliyyə İdarəsinn 5-kol- 61 nömrəli, xx xxx 2019-cu il tarixli məktubunu oxuyaraq onları tanış etmişdir. Onlar həmin vaxt bilmişlər ki, Tərtər rayonu Qaynaq bələdiyyəsinin əvvəlki sədri ilə Qapanlı kənd sakini X6 adlı şəxslə xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı olmuş, 3,5 ha torpaq sahəsi X2 istifadəsinə vermişdir. Qaynaq bələdiyyəsi Azər Musayev barəsində heç bir tədbir görə bilmədiyindən, iddiaçılar tərəfindən xx xxx 2019-cu il tarixdə Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, iş xx.xx.2019-cu il tarixədək məhkəmənin icraatında olmuş, məhkəmə 2(061)-1719/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardad qəbul edərək iddia tələbləri ilə bağlı işin icraatına xitam verilmiş, iddia tələbinin inzibati məhkəməyə aid olduğu bildirilmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirdi əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən torpaq sahəsi 2002-ci ildən üçüncü şəxsin istifadəsindədir və sahənin üçüncü şəxsə verilməsindən həmin tarixdən məlumatlı olmuşlar. Hazırda torpaq sahəsinin ona verilməsindən narazıdırlar və bununla bağlı Bərdə Regional Ədliyyə İdarəsinə müraciət etmişlər. Müraciətləri ilə bağlı araşdırma aparılmış, məktubla Tərtər rayonu Qaynaq bələdiyyəsinin sədri Vüsalə İsmayılovaya müraciət edərək Qaynaq bələdiyyəsinin əvvəlki sədrinin örüş torpaq sahəsinin 3,5 ha hissəsinin X3 25 il müddətinə icarəyə verilməsi barədə qərar və aidiyyəti sənədlərin ləğvi ilə bağlı müvafiq tədbirlər görülməsi tələb edilmişdir. Bundan sonra qərarın ləğv eilməsinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ərizənin icraatına xitam verilmişdir. Odur ki, ərizə və iddia tələblərinin təmin olunmasını xahiş edir. İddiaçılar İddiaçı2, İddiaçı3 və iddiaçıların vəkili X5məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verərək, iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiklərini bildirmiş, təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi İsmayılova Vüsalə Əlövsət qızı məhkəmə iclasında bildirmişdir ki, mübahisəli torpaq sahəsi həqiqətən də Tərtər rayon Qaynaq kəndinin ərazisinə daxildir və örüş yeridir. Həmin torpaq sahəsinin 25 il müddətinə üçüncü şəxsə icarəyə verilməsinə dair qərarın düzgün verilmədiyini hesab edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən məktub ünvanlanaraq, örüş torpaq sahəsinin 3,5 ha hissəsinin X4 25 il müddətinə icarəyə verilməsi barədə qərar və aidiyyəti sənədlərin ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyə edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Üçüncü şəxs X6 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi 25 il müddətinə ona icarəyə verilmişdir. Bununla bağlı həm bələdiyyə qərarı, həm də torpağa dair şəhadətnaməsi də var. Bundan başqa 2002-ci ildən həmin torpaq sahəsindən istifadə edir. İddiaçılar həmin torpaq sahəsinin onun istifadəsində olduğunu bilirdilər və bələdiyyə qərarından da məlumatlı idilər. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçıların buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan; -Cavabdeh xx.xx.2002-ci il tarixli qərarın və icarə müqaviləsinin surətindən məlum olur ki, Qaynaq bələdiyyəsinin ehtiyat fondunda olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən icarə yolu ilə 3,5 ha torpaq sahəsi 25 il müddətinə X3 ayrılıb verimişdir. -«Torpaqdan müəvvəqti istifadə hüququna dair» JN-2075, Kod 61105018 saylı şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2002-ci il tarixli qərarın və icarə müqaviləsinin surətindən məlum olur ki, Qaynaq bələdiyyəsinin ehtiyat fondunda olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən icarə yolu ilə 3,5 ha torpaq sahəsi 25 il müddətinə X3 müvəqqəti istifadə üçün verimişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Qaynaq bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsasında örüş torpaq sahəsinin 3.5 ha hissəsinin X4 25 il müddətinə icarəyə verilməsi barədə qərar və aidiyyəti sənədlərin ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. -Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X6 və Qaynaq bələdiyyəsinə qarşı bələdiyyənin 05 saylı, xx.xx.2002-ci il tarixli qərarının ləğvi, bələdiyyə ilə A.Musayev arasında bağlanmış xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin, Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 2075 saylı şəhadətnamənin ləğvi hissəsinin icraatına xitam verilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən xx.xx.2002-ci il tarixli inzibati akt-bələdiyyə qərarı mübahisələndirilmiş və iddia müddəti ötürülməklə verildiyindən inzibati icraat və inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa olunması xahiş olunmuşdur. Məhkəmə iclasında və işdə olan materiallarla təsdiq olunur ki, bələdiyyənin xx.xx.2002-ci il tarixli qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi həmin tarixdən onun istifadəsində olmuş, həmin sahənin məhz üçüncü şəxs tərəfindən istifadə edilməsi və bələdiyyə tərəfindən ona satılması iddiaçılara məlum olmuşdur. Bu hal iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Bundan başqa, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl xx.xx.2002-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, iddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində də hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Tərtər rayonu Qaynaq bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Tərtər rayonu Qaynaq bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar