Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-617/2022 06.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Ağstafa rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Ağstafa rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 11.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydinə düzəliş edilərək soyadının “Quliyev” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 13.08.1981-ci il tarixdə anadan olmuş və doğum haqqında şəhadətnamədə soyadı “Quluyev” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədən başqa, iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində, habelə digər hüquq müəyyənedici sənədlərdə soyadı “Quliyev” kimi qeyd edilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsində soyadının səhv yazılması onun hüquqlarından istifadə etməsinə imkan vermir. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. X6 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2 ildir Azərbaycana gəlmişdir və Ağstafa rayonu, Poylu kəndində yaşayır, 2 il ərzində Rusiya Federasiyasına gedib gəlməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 28.01.2022-ci il tarixli, 05/13-115/76 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının daimi yaşayış yeri Rusiya Federasiyasıdır və iddiaçının dediyinə görə müvəqqəti qeydiyyat vəsiqəsi hal-hazırda yoxdur. İddiaçı Rusiya vətəndaşı olduğundan, Ağstafa rayon Qeydiyyat şöbəsinə heç bir aidiyyəti yoxdur və qanunvericiliyin tələblərinə uyğun olaraq soyadının dəyişdirilməsi mümkün deyildir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Vİİİ-ЖГ 330305 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X6 13.08.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında “X3”, ana qrafasında “X1” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 06.10.1981-ci il tarixli 58 nömrəli doğum akt qeydindən görünür ki, X6 13.08.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında “X3”, ana qrafasında “X1” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş noyabr 1957-ci il tarixli 59 nömrəli doğum akt qeydindən görünür ki, X3 04.08.1957-ci il tarixdə anadan olmuş, ata qrafasında “X5”, ana qrafasında “X4” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş AC ******* nömrəli 29.05.2001-ci il tarixli hərbi biletdən görünür ki, iddiaçının ad, soyad və ata adı “X8” kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş RUS 72 ******* nömrəli pasportdan görünür ki, iddiaçının ad, soyad və ata adı “X8” kimi qeyd edilmişdir. -Ağstafa rayon Qeydiyyat şöbəsinin 15.12.2021-ci il tarixli, 05/Q-1576/76 nömrəli məktubundan görünür ki, X6 oğlunun doğum akt qeydində soyadına dəyişiklik edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydi ilə ona məxsus rəsmi sənədlərdə soyadıadı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində və buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə onun soyadı “Quluyev” kimi qeyd edilsə də, bundan sonra verilmiş sənədlərdə (pasport və hərbi biletdə) soyadı “Quliev” kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının valideynlərinin soyadı “Quluyev” və “Quluyeva”-dır, buna uyğun olaraq da iddiaçının soyadı doğum haqqında akt qeydində və buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə “Quluyev” kimi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının “Quliyev” kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Ağstafa rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-617/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-617/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver