Məhkəmə qərarları › İş №2-1(114)-618/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-618/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-618/2021 19.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçunun dövlət hesabına mənzillə təmin olunması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qanunla müəyyən edilmiş müddətdə olmuş hərbi qulluqçu kimi mənzil verilənlərin siyahısına salınması və dövlət hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1992-ci ilin sentiyabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamış, 1996-cı ilin iyun ayında Bakı Ali Birləşmiş Komandanlıq məktəbini Tank Qoşunları komandiri ixtisası üzrə bitirmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehitiyata buraxılmış, ehtiyata buraxılma səbəbi xidmətdə nöqsanlara yol verməyi deyil, ailə vəziyyəti ilə əlaqədar olmuşdur. Belə ki, həyat yoldaşı ağır şəkərli diabed xəstəsidir və 2-ci qrup əlil oduğu üçün onun müalicəsinə vaxtı olmadığına, həmçinin maddi sıxıntılar keçirdiyinə görə öz arzusu ilə təxris olunmaq üçün N saylı hərbi hissə komandirinə raportla məruzə etsə də onun öz arzusuyla təxrisi olunmasına icazə verilmədiyi üçün o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehitiyata buraxılmasına razılıq vermiş, N saylı hərbi hissədə baş zabitlərin şərəf məhkəməsi keçirilmiş və bundan sonra onun barəsində təqdimat Müdafiə Nazirliyinə göndərilmişdir. Xidmət etdiyi dövrlərdə vəzifəsini layiqincə yerinə yetirmiş. xidmət yerini öz başına tərk etməmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, zirehli texnikaların qorunub saxlanılmasını və istismar olunmasını təşkil etmiş və vəzifəsinə səhlənkar yanaşmamışdır. 20 ildən artıq hərbi xidmətdə olduğuna görə dövlət hesabına mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli 11/292 nömrəli məktubunda hərbi xidmət müddətində qüsura yol verdiyi üçün onun adının dövlət hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilmədiyini əsas gətirərək imtina etmişdir. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafisəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları Dövlət vəsaiti hesabına mənzillə təmin edilsin. Lakin iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və Dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyildir. İddiaçı xx.xx.2013-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehitiyata buraxılmışdır. İddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehitiyata buraxılması buna dəlalət edir ki hərbi xidməti qüsursuz olmayıb. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/2113 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 1680 nömrəli məktubu, xx.xx.2014-cü il tarixli EZ ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli 0495 nömrəli əmrindən çıxarış, N saylı Hərbi hissə komandirinin iddiaçının ehtiyata buraxılması haqqında xx.xx.2013-cü il tarixli təqdimatı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 12/642 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/292 nömrəli imtina məktubu cavabdehin xx.xx.2020-ci il tarixli 11/3433 nömrəli etirazı və iddiaçının 1021 №-li şəxsi işi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəlik haqqında iddia qaldırmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı hesab edir ki, o 20 ildən artıq hərbi xidmətdə olduğuna görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dövlət hesabına mənzillə təmin edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 1680 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İ Q nömrəli qanunu ilə təsdiq edilmiş "hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndində (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılanların mənzillə təmin olunmasında obyektiv çətinliklər yaranmışdır və həmin çətinliklərin həlli istiqamətində işlər davam etdirilir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan xx.xx.2014-cü il tarixli EZ ******* nömrəli hərbi biletin 5-ci səhifəsindən görünür ki, İddiaçı xx.xx.2013-cü ildə "hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndində (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 345 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı N saylı hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q-4) zabiti-tank texniki təminatı xidmətinə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli 0495 nömrəli əmrilə "hərbi xidmət keçmə haqqında) Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığı üçün xx.xx.2013-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün vöv təminatlardan çıxarılmış və hərbi uçota düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir. İddiaçının şəxsi işinə əlavə edilmiş N saylı Hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli təqdimatından görünür ki, İddiaçı hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir...

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər...

8. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İş materiallarından, habelə iddiaçının özünün izahatından göründüyü kimi o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İ Q nömrəli qanunu ilə təsdiq edilmiş "hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndində (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68, 69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçunun dövlət hesabına mənzillə təmin olunması” iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər.

Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar