Məhkəmə qərarları › İş №2-1(114)-619/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-619/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-619/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət qeydiyyatına düzəliş edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda düzəliş aparılaraq X5 və X3 adlarının torpaq sahəsinin mülkiyyətçilərinin sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X5, X7 və İddiaçı Məhər oğluna həyətyanı məqsədilə 0.82 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2002-ci il tarixli JN-058F KOD 50914038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Goranboy rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə (subyektlərin siyahısında) 58-ci sırada X5, X7 və İddiaçı Məhər oğlunun adına 0.25 ha və 0.57 ha torpaq sahəsi qeyd edilmişdir.

3. Goranboy rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa (qərarına) əsasən Hacallı kənd sakini İddiaçı texniki səbəbdən pay torpağı verilməməsi nəzərə alınmaqla, Hacallı təsərrüfatının yerquruluşu layihəsində 87a konturda örüş sahəsi kimi göstərilmiş, lakin faktiki əkin altında olan 2.3 ha sahənin bölgüyə əlavə edilməsi və İddiaçı adam başına düşən 1.15 ha norma hesabı ilə əlavə bir pay torpaq sahəsi də daxil olmaqla 2.3 ha pay torpağının 87a nömrəli konturdan verilməsi qərara alınmışdır.

4. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 4 saylı qərarı ilə İddiaçı pay torpağının verilməsi barədə Goranboy rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı təsdiq edilmişdir.

5. İddiaçı Goranboy rayonu, Hacallı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 2.30 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli A 003698 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

6. Goranboy rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə (subyektlərin siyahısında) 67-ci sırada İddiaçı adı təkbaşına qeyd edilmişdir.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Hacallı kəndində yerləşən 2.30 ha torpaq sahəsi üzərində İddiaçı, X5 və X3 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata bu barədə xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Goranboy rayonu, Hacallı kəndində yerləşən 2.30 ha torpaq sahəsi üzərində İddiaçı, X5 və X3 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Ölüm haqqında xx.xx.2016-cı il tarixli AZ-İ 840302 nömrəli şəhadətnaməyə əsasən X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

10. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

11. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışda düzəliş aparılaraq X5 və X3 adlarının torpaq sahəsinin mülkiyyətçilərinin sırasından çıxarılmasını xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, baza və arxiv məlumatları əsasında aparılmış araşdırma zamanı sözügedən çıxarışın ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən tərtib olunmuş adlı siyahı və xx.xx.2007-ci il tarixli, A№ 003698 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında tərtib edildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Hüquqi sənədlərdə düzəlişlərin aparılması və yeni hüquqmüəyyənedici sənədin verilməsi ilə əlaqədar mənafeyinə toxunulan şəxslərin notarial qaydada razılığını əks etdirən sənəd, razılıq olmayacağı təqdirdə isə düzəlişin edilməsi ilə bağlı müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və ya həmin İdarənin Goranboy rayon şöbəsinə daxil olacağı təqdirdə daşınmaz əmlakın dövlət reyestrində düzəlişin edilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır.

12. Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qarqucaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-45-8/2-35-2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 2006-2007-ci illərdə X5 və X7 adlı şəxslər sağ olublar, İddiaçı ilə bir təsərrüfatda yaşamayıblar.

13. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 77/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində saxlanılan Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 04 saylı qərarından yalnız çıxarış mövcuddur. Həmin çıxarış və ona əlavə edilmiş sənədlər İddiaçı aiddir. X5 və onun ailə üzvlərinin adları Goranboy rayonu, Hacallı kəndi üzrə həyətyanı və ilkin pay torpaq sahələrinə dair subyektlərin siyahılarında qeyd edilmişdir. Düzəliş sənədlərində X5 və onun ailə üzvlərinə dair məlumat aşkar edilməmişdir. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Goranboy rayonu Hacallı kəndi ərazisində yerləşən 2.3 ha torpaqsahəsinə dair çıxarışda düzəliş edilərək kənar şəxs kimi adları qeyd olunan üçüncü şəxslər X5 və X3 həmin həmin çıxarışdan adlarının çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Hacallı kəndi ərazisində yerləşən 2.3 ha torpaq sahəsi onun tam mülkiyyətindədir və ona məxsus həmin torpaq sahəsinin çıxarışında adları qeyd edilən X5 və X7 adlı şəxslərin ona aid torpağa dair çıxarışda səhvən adları qeyd olunmuşdur. Qeyd edir ki, bu şəxslər hal-hazırda rəhmətə getmişdirlər və onlar kəndin yəni Goranboy rayonu Hacallı kəndinin sakini olmuşdurlar. Bu məsələ ilə bağlı mərhum şəxslərin övladlarına məlumat verilmiş, övladları da təsdiq edirlər ki, həqiqətən də mərhum valideynlərinin adlarına başqa dövlət pay torpağı verilmişdir və ona aid torpaq sahəsi ilə heç bir əlaqələri yoxdur. Bu halı onun müraciət etdiyi dövlət orqanı olan AR DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi də təsdiqlədi ki, X5 və X3 adları ona aid pay torpağında texniki olaraq səhvən çıxarışda qeyd olunmuşdur. Çünki onun mülkiyyətində olan torpaq sahəsi dövlət tərəfindən ona həm kənd pay torpağı kimi, həm də Qarabağ Müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2022-ci il tarixli № **********23 saylı cavabına əsasən bildirilmişdir ki, xx.xx.2007-ci il tarixli, A №003698 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hazırlanmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 16.2-ci maddəsinə əsasən ********** qeydiyyat nömrəli çıxarışda düzəlişin edilməsi ərazi idarəsinin səlahiyyəti xaricindədir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Həmin şəxslərin onun torpağa dair çıxarışında qalması hüquqlarının pozulması ilə nəticələnir. Ona görə ki, üçüncü şəxs olan X5 və X7 adlı şəxslərin adı qanunsuz olaraq texniki səhv əsasında onun mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışda adları qeyd olunmuşdur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

17. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda onunla yanaşı X2 və X3 ümumi (birgə) mülkiyyəti qeyd edilmiş Goranboy rayonu, Hacallı kəndində yerləşən 2,030 hektar torpaq sahəsinin mülkiyyətçilər siyahısından Bayramov Məhər və Bayramova Tamaranın adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs kimi icraata cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

25. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və xx.xx.2024cü il tarixli qərardadla X2 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

29. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianın təmin edilməsinə heç bir etirazlarının olmadığını bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

30. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı Məhər oğlu ifadəsində bildirmişdir ki, X5 və X7 onun valideynləridir. Atası İddiaçı Məhər oğlu xx.xx.2016-cı il tarixdə, anası X7 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Goranboy rayonu, hacallı kəndində yerləşən 2.30 ha torpaq sahəsi onları deyil. Gündüz başqa şəxsdir. Valideynlərinin adı texniki səhv olaraq iddiaçıya məxsus çıxarışda mülkiyyətçilər sırasında göstərilmişdir. Aqrar islahat zamanı onlara 0.82 ha torpaq sahəsi ayrılmışdır və onlar daim həmin torpaq sahəsindən istifadə etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2002-ci il tarixli JN-058F KOD 50914038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Goranboy rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl; - Goranboy rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarış; - Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 4 saylı qərarı; - xx.xx.2007-ci il tarixli A 003698 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; - xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Ölüm haqqında xx.xx.2016-cı il tarixli AZ-İ 840302 nömrəli şəhadətnamə; - Elektron məhkəmə informasiya sistemindən çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-45-8/2-35-2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 77/2024 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X5, X7 və İddiaçı Məhər oğluna həyətyanı məqsədilə 0.82 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2002-ci il tarixli JN-058F KOD 50914038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

34. İş üzrə İddiaçı Goranboy rayonu Hacallı kəndində islahat gedən zaman texniki səhv olaraq pay torpağı ayrılmamış və sonradan Goranboy rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa (qərarına) əsasən Hacallı kənd sakini İddiaçı texniki səbəbdən pay torpağı verilməməsi nəzərə alınmaqla, Hacallı təsərrüfatının yerquruluşu layihəsində 87a konturda örüş sahəsi kimi göstərilmiş, lakin faktiki əkin altında olan 2.3 ha sahənin bölgüyə əlavə edilməsi və İddiaçı adam başına düşən 1.15 ha norma hesabı ilə əlavə bir pay torpaq sahəsi də daxil olmaqla 2.3 ha pay torpağının 87a nömrəli konturdan verilməsi qərara alınmışdır. Həmin qərar Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 4 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli A 003698 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

35. İddiaçıya məxsus həmin 2.30 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman birgə mülkiyyətçi kimi X5, X3 adı həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi qeyd edilmişdir.

36. İddiaçı X5, X3 onun ailə üzvləri olmadığını və 2.30 ha torpaq sahəsinin təkbaşına onun mülkiyyətinə verildiyini bildirməklə, cavabdeh orqana müraciət edərək, çıxarışa düzəliş edilərək həmin şəxslərin adının mülkiyyətçilər siyahısından çıxarılmasını xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina edərək, sözügedən çıxarışın ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən tərtib olunmuş adlı siyahı və xx.xx.2007-ci il tarixli, A№ 003698 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında tərtib edildiyi müəyyən edilmişdir.

37. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və hərəkətləri qanunauyğun olmamışdır.

38. Belə ki, məhkəmə sorğuları ilə əldə edilmiş sənədlərlə müəyyən edilir ki, Goranboy rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə (subyektlərin siyahısında) 58-ci sırada X5, X7 və İddiaçı Məhər oğlunun adına 0.25 ha və 0.57 ha torpaq sahəsi qeyd edilmişdir. Eyni zamanda həmin cədvəldə (subyektlərin siyahısında) 67-ci sırada İddiaçı adı təkbaşına qeyd edilmişdir.

39. İddikaçıya 2.30 ha torpaq sahəsi Goranboy rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa (qərarına) və Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 4 saylı qərarı əsasən adam başına düşən 1.15 ha norma hesabı ilə əlavə bir pay torpaq sahəsi də daxil olmaqla 2.3 ha pay torpağının 87a nömrəli konturdan verilməsi qərara alınmışdır və məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-77/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində saxlanılan Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 04 saylı qərarından yalnız çıxarış mövcuddur. Həmin çıxarış və ona əlavə edilmiş sənədlər İddiaçı aiddir. X5 və onun ailə üzvlərinin adları Goranboy rayonu, Hacallı kəndi üzrə həyətyanı və ilkin pay torpaq sahələrinə dair subyektlərin siyahılarında qeyd edilmişdir. Düzəliş sənədlərində X5 və onun ailə üzvlərinə dair məlumat aşkar edilməmişdir.

40. Həmçinin, 2006-2007-ci illərdə X5 və X7 adlı şəxslər sağ olublar, İddiaçı ilə bir təsərrüfatda yaşamayıblar.

41. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

42. Göründüyü kimi, Goranboy rayonu, Hacallı kəndində aqrar islahat aparılan zaman X5 və X7 adlı şəxslər iddiaçının ailə üzvləri olmamış və onunla bir təsərrüfatda yaşamamışlar.

43. Həmçinin, Goranboy rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 67-ci sırada İddiaçı adı göstərilmiş, 58-ci sırada isə X5, X7 və İddiaçı Məhər oğlunun adına 0.82 ha torpaq sahəsi qeyd edilmişdir.

44. Göründüyü kimi, iddiaçının adı “İddiaçı” olsa da, X7 və X2 övladları olan və onunla eyni təsərrüfatda olan “İddiaçı Məhər” oğlunun ata adları fərqli olmuş, lakin ad və soyadları eyni olduğundan cavabdeh orqan iddiaçının 2.30 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını apararkən səhvə yola verərək, X7 və X2 adını həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri kimi qeyd etmişdir.

45. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda mülkiyyətçilər siyahısında X5 və X3 adlarının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin qeydiyyata düzəliş edilməsinə dair iddiaçının tələbi haqlıdır.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

48. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış əsasında Goranboy rayonu, Hacallı kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək, X5 və X3 adlarının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar