Məhkəmə qərarları › İş №2-1(114)-62/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-62/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-62/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8, X4 və Göygöl rayon Quşqara Bələdiyyəsi) qarşı mülkiyyət hüququnu müəyyən edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-0440 KOD 50806018 saylı "Torpağa mülkiyyət hüququna" dair sənədlə bağlı Göygöl rayon Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mərhum X6 mülkiyyət hüququnu müəyyən edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüquqa dair JN-0440 KOD 50806018 saylı Dövlət Aktına əsasən, Xanlar rayonunun Quşqara Bələdiyyəsinin 08 noyabr 2003-cü il tarixli 36 saylı qərarı ilə mərhum əri X9 0.20 ha tikinti işləri və kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi satılmışdır. X13 xx.xx.2018-ci ildə vəfat etmişdir. Sonuncunun vəfatından sonra o, mirası faktiki qəbul etmişdir. O, hazırda qeyd olunan mirası vərəsə kimi öz adına sənədləşdirmək üçün mərhum ərinin adına çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsin 2-1(114)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X4 və Göygöl rayon Quşqara Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 13 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək xx.xx.2023-cü il tarixli etiraza uyğun izahat verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə dair məlumatlar araşdırılmış, ərizəyə əlavə edilmiş "Torpağa mülkiyyət hüququna dair" JN-440 saylı dövlət aktının Ərazi İdarəsinin elektron kadastr məlumat bazasında (DBF və DWG) öz əksini tapmadığı müəyyən edilmişdir. Ona görə də ərizənin icrası mümkün olmamışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X8, X4 və Göygöl rayon Quşqara Bələdiyyəsi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçənın və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 1 saylı Bakı ASAN xidmət mərkəzi notariat ofisinin 135 nömrəli məktubundan görünür ki, İddiaçı X6 vərəsəsidir. -surəti işə əlavə edilmiş JN-0440 KOD 50806018 saylı «torpağa mülkiyyət hüququna dair dövlət aktı» sənədindən görünür ki, Gəncə şəhər sakini X9 Xanlar Rayon Quşqara Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36 saylı qərarı ilə Quşqara Bələdiyyəsinin ərazisində yerləşən 0,20 ha torpaq sahəsi verilmişdir. -işə əlavə edilmiş Göygöl rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-16-RA-2N- 135-8/20203 nömrəli məktubuna əlavə edilmiş sənədlər; -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2532/2023 nömrəli məktublarından görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ № 981364 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə göndərlmiş xx.xx.2023-cü il tarixli, 3-213-60/2-1587/2023 saylı məktubu ilə bildirilmişdir ki, Mərkəzin arxivində JN-0440 (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin nüsxəsi aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36 saylı qərarı ilə, mərhum X6 mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinə dair, JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan torpaq sahəsi, həmin koordinatlara əsasən 0.20 ha (20 sot) deyil, 0.02 ha (2 sot) təşkil edir ki, Göygöl (Xanlar) rayonu Bağbanlar kəndi ərazisində aparılmış torpaq islahatı əsasında hazırlanmış, ərazinin kompleks yerquruluşu layihəsində də, JN:440 nömrəli torpaq sahəsi 0.02 ha (2 sot) olaraq öz əksini tapmışdır. Həmin 0.02 ha (2 sot) torpaq sahəsi, JN:440 (KOD ********) saylı Dövlət Aktına əsasən, X6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan 0.02 ha torpaq sahəsi, torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinin elektron baza materialrına istinadən, kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2007-ci il tarixli (KOD ********) yerquruluşu planının elektron baza materialrında isə, həmin torpaq sahəsinin kateqoriyası təyinatı və mülkiyyəti barədə məlumat qeyd olunmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) isə, həmin 0.02 ha torpaq sahəsinin yerləşdiyi ərazi, yaşayaış məntəqələrinin torpaqları kateqoriyasına aid, şərti yararsız torpaqlar olaraq qeyd olunmuşdur. JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan 0.02 ha torpaq sahəsinin, 24.6 kv.m hissəsinin, **********83-06301 reyestr nömrəli Çıxarışa və elektron kadastr bazası materiallarına istinadən X2 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməsi halı aşkarlandı. Əlavə olaraq qeyd edək ki, JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan 0.02 ha torpaq sahəsinin 0.0114 ha hissəsinin, iddiaçılar deyil, digər şəxslər tərəfindən faktiki olaraq daş hasarla hasarlandığı müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi, daş hasarla hasarlanmış və üzərində tikili mövcuddur ki, həmin tikili faktiki olaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz. əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, onun təyinatı və məqsədli istifadə növü barədə münasibət bildirilməsi mümkün deyildir. Araşdırma zamanı, iddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsinin 57.0 kv.m hissəsinin, **********81 reyestr nömrəli Çıxarışa və elektron kadastr bazası materiallarına əsasən X5 mülkiyyətində olan torpaq sahəsi ilə, 219.0 kv.m hissəsinin isə, **********83-06301 reyestr nömrəli Çıxarışa və elektron kadastr bazası materiallarına əsasən X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandı. İddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, iddiaçı X1 rayonu, Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, "Torpağa mülkiyyət hüququna dair" JN-440 saylı dövlət aktının Ərazi İdarəsinin elektron kadastr məlumat bazasında (DBF və DWG) öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan 0.02 ha torpaq sahəsinin, 24.6 kv.m hissəsinin, **********83-06301 reyestr nömrəli Çıxarışa və elektron kadastr bazası materiallarına istinadən X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmışdır. Əlavə olaraq JN:440 (KOD ********) saylı Dövlət Aktında, döngə nöqtələrinin koordinatları qeyd olunan 0.02 ha torpaq sahəsinin 0.0114 ha hissəsinin, iddiaçılar deyil, digər şəxslər tərəfindən faktiki olaraq daş hasarla hasarlandığı müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi, daş hasarla hasarlanmış və üzərində tikili mövcuddur ki, həmin tikili faktiki olaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşıınmaz. əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, onun təyinatı və məqsədli istifadə növü barədə münasibət bildirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan torpaq sahəsi ayrı-ayrı şəxlərin xüsusi mülkiyyətlərində olduğundan cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Göründüyü kimi iddiaçının mərhum nənəsinə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, bir hissəsi isə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və üçüncü şəxslərin mülkiyyətində olan torpaq olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə məhkəmə tələbin digər hissəsi, yəni torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeyd edir ki, bir halda ki, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnu qeydə almamaqda cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8, X4 və Göygöl rayon Quşqara Bələdiyyəsi) qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8, X4 və Göygöl rayon Quşqara Bələdiyyəsi) qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar