Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-620/2022 27.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayon Üçtəpə bələdiyyəsi və Gəncə şəhər Nizami rayon bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 282 nömrəli sərəncamı ilə iddiaçıya X6 Üçtəpə kəndi ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.08 ha torpaq sahəsi verilmişdir. Uzun illərdir ki, həmin torpaq sahəsi hər hansı maneə olmadan iddiaçının sahibliyi və istifadəsindədir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim olunmuş sənədlərlə torpaq sahəsinin yerləşdiyi ərazi arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin Göygöl rayon Üçtəpə bələdiyyəsi tərəfindən ayrılmasına baxmayaraq, faktiki torpaq sahənin Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən heç bir texniki sənəd əlavə edilmədiyindən sənəd üzrə yerinin təyin edilməsi mümkün olmamışdır. Odur ki, sözügedən torpaq sahəsi üzərnində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Üçüncü şəxs Göygöl rayon Üçtəpə bələdiyyəsinin nümayəndəsi (sədri) X8 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, həqiqətən Üçtəpə kəndinin ərazisinin bir hissəsi 4-5 il əvvəl Gəncə şəhər Nizami rayonuna verilmişdir, lakin iddiaçının tələb etdiyi sahənin yerləşmə yeri bəlli olmadığı üçün həmin sahənin də Gəncə şəhərinə verilməsi barədə hər hansı məlumat verilməsi mümkün deyil. İddiaçıya və digər üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, üçüncü şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 301 nömrəli arxiv arayışından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 282 nömrəli sərəncamına əsasən X6 Üçtəpə kəndi ərazisindəki torpaq sahəsindən 2.56 ha torpaq sahəsinin ayrılıb 32 nəfər fəhlə və qulluqçulara fərdi yaşayış evi tikintisi üçün hər birinə 0.08 ha torpaq sahəsi verilməsi, eyni zamanda 32 nəfərin adlı siyahısının sərəncama əlavə edilmədiyi qeyd edilmişdir. -Fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair Aktdan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 282 nömrəli sərəncamına əsasən 0.10 ha torpaq sahəsi müddətsiz istifadə etmək üçün yerində ölçülüb təhvil verilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 nömrəli mütəxəssis rəyindən görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 282 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair miqyası, koordinatları (X və Y) və məsafə ölçüləri qeyd olunmuş hər hansı cizgi plan, daxil olmuş mülki iş materiallarında mövcud olmadığından, həmçinin mülki iş materiallarına əlavə edilmiş cizgi planın isə, şərti və qeyri dəqiq işlənməsi səbəbindən, həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün deyildir. Belə olan təqdirdə, ekspertiza baxışı zamanı iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olub olmadığını müəyyən etmək də, mümkün deyildir. Ekspertiza baxışı zamanı, iddiaçı tərəfin etibarnaməli nümayəndəsi X5 naturada təqdim etdiyi torpaq sahənin, 1998-ci ildə Göygöl rayonu və ya Gəncə şəhəri ərazisində yerləşməsini müəyyən edən hər hansı layihə və ya plan materialları 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv materiallarında aşkarlanmadı. İddiaçı tərəfin etibarnaməli nümayəndəsi X5 naturada təqdim etdiyi torpaq sahəsi, Gəncə şəhəri Nizami bələdiyyəsinin xəritəsinə əsasən, hal-hazırda Gəncə şəhərinin ərazisində yerləşir. Naturada təqdim edilən 954.9 kv.m torpaq sahəsinin 400.0 kv.m hissəsi **********86 reyestr nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətində, 554.0 kv.m hissəsi isə Gəncə şəhər Nizami bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Beləliklə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 282 nömrəli sərəncamı ilə iddiaçıya X6 Üçtəpə kəndi ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.08 ha torpaq ayrılması qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənəd əsasında sözügedən ərazidə istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında Üçtəpə kəndi ərazisindən 0.08 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ da istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-620/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-620/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver