Məhkəmə qərarları › İş №2-1(114)-622/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-622/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-622/2021 19.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli fərmanına uyğun olaraq ev verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli fərmanına uyğun olaraq ev verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin 11.03.2021-ci il tarixli, 2-1(114)-622/2021 nömrəli qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə iclasına qəbul edilmişdir. Məhkəmənin 11.03.2021-ci il tarixli, 2-1(114)-622/2021 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(112)-5907/2021 nömrəli qərardadı ilə aidiyyatın müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2-1(103)-1544/2021 nömrəli qərardadı iş aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 19 oktyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh Müdafiə Nazirliyi nümayəndəsinin iştiralını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikasının Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli fərmanına uyğun olaraq ev verilməsi vəzifəsinin cavabdhin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X1 arasında 03.09.2004-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki,X1 21.05.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 25.01.2021-ci il tarixli, 272 nömrəli məktubundan müəyyən olunur ki, X1 Azərbaycan Respublikası Müdafiə nazirinin 02.08.2015-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı ehiyata buraxıldığından, B.F.Həsənovun xidmət dövrü Azərbaycan Respublikası Müdafiə nazirlinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən qüsursüz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzillə təminat Müdafiə Nazirinin mənzil Komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət, mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin-qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanmasına keçənədək məhkəmə iddianın özünün mümkünlüyünü araşdırılmalıdır. İddianın mümkünlük şərtləri isə, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən əsasların mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qanunla müəyyən edilmiş müddətdə olmuş hərbi qulluqçu kimi mənzil verilənlərin siyahısına salınması və dövlət hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab etmişdir ki, mərhum əri hərbi xidmətdə olduğuna görə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dövlət hesabına mənzillə təmin edilməlidir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq Qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Lakin iş materiallarından da müəyyən olunur ki, iddiaçının mərhum əri X1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 02.08.2015-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-1 Q nömrəli qanunu ilə təsdiq edilmiş "hərbi xidmət keçmə haqqında" u Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Yuxarıda qeyd" olunan Fərmandan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı 20 təqvim ili və daha artıq xidmət etsə də, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-1 Q nömrəli qanunu ilə təsdiq edilmiş "hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Bu hal isə onun hazırki iddianı qaldırmağa subyektiv-hüququnun olmamasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə Q ə r a r a a l d ı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli fərmanına uyğun olaraq ev verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar