Məhkəmə qərarları › İş №2-1(114)-622/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-622/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-622/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ölüm barədə məlumatın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 11.01.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölüm barədə məlumatın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X1 07.07.2021-ci il tarixdə Krımda vəfat etmiş, 09.07.2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirilmiş və dəfn edilmişdir. Mərhumun nəşinin Azərbaycan Respublikasının sərhədlərindən keçirilməsi Krımda verilmiş tibbi arayışlar və ölüm haqqında şəhadətnamə əsasında mümkün olmuşdur. İddiaçı ölüm barədə məlumatın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi tələbinə dair məhkəmədə iddia qaldrımaq məcburiyyətində qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq yazılmış 22.12.2021-ci il tarixli, 05/Q- 2250/15 nömrəli məktubunda mərhum X1 barəsində 09.07.2021-ci il tarixdə Krım Muxtar Respublikasında tərtib olunmuş ölüm haqqında şəhadətnamənin məlumatlarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi” mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi qeyd olunan imtina məktubu imtina xarakterli akt hesab edilə bilməz. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ölüm barədə məlumatın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar