Məhkəmə qərarları › İş №2-1(114)-622/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-622/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-622/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 avqust 1996-cı il tarixli 59 nömrəli orderi ilə ünvan 1 ünvanında yerləşən 36 kv.m sahədən ibarət 2 otaqlı mənzil yaşamaq üçün İddiaçı və 2 nəfər ailə üzvünə (arvadı Elvira, oğlu Nicat) verilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı, X8, X9 və X1 şəhəri, Kəpəz rayonu, DOS-83, ev 391, mənzil 28 ünvanında qeydiyyatdadırlar.

3. Notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizələrdən məlum olur ki, X8, X9 və X10 qeydiyyatda olduqları Gəncə şəhəri, Kəpəz rayonu, DOS-83 ünvanında yerləşən 391 saylı evin 28 nömrəli mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər.

4. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 4816 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı yaşadığı ünvan 1 ünvanı Müdafiə Nazirliyinin balansındadır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0701/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 83, ev 391, 26 saylı mənzilin X4, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 83, ev 391, 27 saylı mənzilin X6, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 83, ev 391, 25 saylı mənzilin X3 adına qeydə alınmışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1014/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(104)-111/2023 nömrəli qərarı tərəflərindən icra olunaraq, X5 adına 4.06.2023-cü il tarixli **********13-05101-093004 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 564 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, DOS-83, ev 391, mənzil 27 Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır, mənzil vətəndaşa xx.xx.1996-cı il tarixli 59 nömrəli daimi order əsasında verilib. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 39, 28 saylı mənzilin onun, yəni İddiaçı adına özəlləşdirilməklə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 391, mənzil 28 21 avqust 1996-cı il tarixdə Müdafiə Nazirliyi tərfindən ona və ailə üzvlərinə order əsasında qeydə alınmışdır. Qeyd olunan mənzili ailə üzvləri ilə birlikdə mülkiyyət hüquqları üzrə bütün öhdəlikləri yerinə yetirmiş və ümumi təsərrüfatı idarə etmişlər. Ailə üzvləri ilə birlikdə yaşamaqlarına, həmin mənzili ailə üzvləri ilə birlikdə idarə etməyinə baxmayaraq onun adına rəsmiləşdirilməsi üçün ərizə vermişlər. Təqdim olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o, arvadı X8 və övladları X9, X10 həmin evdə qeydiyyatdadılar və ailə üzvləri də mənzilin onun adına özəlləşdirilərək çıxarışın verilməsinə etiraz etmirlər. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə mənzilin özəlləşdirilərək çıxarışın verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb isə qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi bildirilmişdir. Lakin qeyd olunan ona məxsus olan mənzil qapalı hərbi şəhərciklərin evləri hesab olunmur. Bundan başqa qeyd olunan mənzil xidməti mənzil kimi verilməmişdir. Bu səbəbdən də iddia tələbini əsaslı hesab edir. Əlavə olaraq bildirir ki, həmin ərazidə onlarla şəxslər mənzillərini özəlləşdirmiş, mülkiyyət hüququ əldə edərək çıxarış almışlar. Hazırda da həmin mənzildə yaşayış hüququ var və yuxarıda qeyd etdiyi kimi o, hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri ödəyir və təsərrüfatı idarə edir. Bu səbəbdən də cavabdeh təşkilata müraciət etmişdir ki, mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşiklat qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Buna görə də o müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı hərbi qulluqçu olmuş və mənzil də ona Müdafiə Nazirliyi tərəfindən bu əsasla verilmişdir. Lakin iddiaçıya verilmiş orderdə “xidməti” sözü yazılmadığından onun orderi daimi olmuşdur. Bu da o deməkdir ki, mübahisəli mənzil xidməti mənzil kimi müvəqqəti verilməmişdir, daimi yaşaması üçün verilmişdir. Ötən 28 il ərzində iddiaçını həmin evdən heç kim çıxarmamış, ailə üzvləri ilə birlikdə mübahisəsiz yaşamışdır. Həmin binada yerləşən mənzillərin əksəriyyəti özəlləşdirilmiş və sakinlərə çıxarış verilmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).

24. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi 21 avqust 1996-cı il tarixli 59 nömrəli orderi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizələr; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 4816 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0701/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1014/2024 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 564 nömrəli cavab məktubu

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 avqust 1996-cı il tarixli 59 nömrəli orderi əsasında İddiaçı (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. Həmin tarixdən hal-hazıradək həmin mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.

28. Məhkəmə cavabdeh orqanın imtinasını qanuni və əsaslı sayaraq, aşağıdakıları qeyd edir.

29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə görə: Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

30. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

32. Göründüyü kimi, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi ünvan 1 nömrəli mənzil ona Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil kimi verilmişdir və hazırda həmin mənzil Müdafiə Nazirliyinin balansındadır.

33. Məhkəmə iddiaçının vəkil olan nümayəndəsinin iddiaçıya verilmiş orderdə “xidməti” sözü yazılmadığından onun orderinin daimi olması, bunun mübahisəli mənzilin xidməti mənzil kimi iddiaçıya müvəqqəti verilməməsinə, daimi yaşaması üçün verilməsinə dəlalət etməsinə dair dəlillərinə münasibətdə də qeyd edir ki, iddiaçı hərbi qulluqçu olduğu üçün mübahisəli mənzil ona verilmişdir, yəni mənzilin verilməsi iddiaçının əmək fəaliyyəti ilə bağlı olmuşdur.

34. Başqa sözlə, iddiaçıya həmin mənzil xidmət yerinə görə yaşaması üçün verilmişdir ki, bu da onun xidməti yaşayış sahəsi olduğunu bir daha təsdiq edir və orderin üzərində “xidməti” sözünün yazılıb-yazılmaması mənzilin təyinatını, yəni xidməti təyinatlı mənzil olması halını dəyişdirmir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na görə: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

36. Məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilərək, həmin mənzilin xüsusi təyinatlı yaşayış fondundan çıxarılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub-olunmaması barədə məlumat tələb edilsə də, cavabdeh orqan həmin sualı cavablandırmamışdır.

37. Məhkəmə iddiaçı tərəfin həmin binada yerləşən mənzillərin əksəriyyətinin özəlləşdirilməsi halına istinadla, cavabdeh orqanın ona fərqli davranış nümayiş etdirdiyinə dair dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər əsaslı olsa belə, qanunvericilik xidməti mənzillərin özəlləşdirilməsini birmənalı şəkildə qadağan etdiyindən cavabdehin həmin qeydiyyata dair hərəkətləri qanuni sayılaraq, iddiaçının həmin qeydiyyatlara görə etimadın qorunması prinsipinə istinad etməsi və məhkəmənin həmin prinsip əsasında iddia təmin etməsi mümkün hesab edilə bilməz.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

39. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-83, ev 391 ünvanında yerləşən 28 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir.

40. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar