Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6221/2025 23.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona təkrar doğum haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 28 yanvar 1974-cü il tarixli, 01 nömrəli doğum akt qeydinə əsasən X1 xx xxxxxx 1974-cü ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx xxxxxx 1974-cü ildə doğulmuşdur. İİ-AZ№037943 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X2 ilə X3 xx.xx.2003-cü ildə nikaha daxil olmuşdurlar. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Kəlbəcər şəhər qeydiyyat şöbəsinə(bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçının xx.xx.1974-cü ildə Kəlbəcər rayon Qılınclı İN-də qeyd edilmiş 01 N-li doğum haqqında akt qeydində soyadı “Sadikov” adı isə “Vahid” kimi qeyd edilmişdir. Odur ki, ad və soyadında olan ziddiyətin aradan qaldırılması üçün inzibati məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsində adının - Rafiq, soyadının - Sadıqov, ata adının - İsmayıl kimi düzgün qeyd olunması üçün müvafiq düzəlişlərin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, doğum haqqında şəhadətnamənin əslini itirdiyindən təkrar doğum haqqında şəhadətnamə almaq üçün Cavabdeh müraciət etmiş, sonuncu tərəfidən ona təqdim edilmiş 23 oktyabr 2025-ci il tarixli 253 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.1974-cü ildə Kəlbəcər rayon Qılınclı İN-də qeyd edilmiş 01-N-li doğum haqqında akt qeydində soyadı "Sadikov" adı isə "Vahid" kimi qeyd edilmişdir. İlkin doğum haqqmda şəhadətnamədə adı "Rafiq", soyadı isə "Sadıqov" kimi qeyd edilmişdir. Bundan başqa, Kəlbəcər Rayon VVABQ -da o və X3 arasında bağlanmış 18 mart 2003-cü il tarixli İİ-AZ №037943 nömrəli nikah haqqında şəhadətnamədə də soyadı "Sadıqov" adı "Rafiq" kimi qeyd edilmişdir. Həmçinin, həyat yoldaşım nikaha daxil olduqda soyadını dəyişəndə soyadı "Sadıqova" kimi qeyd olunmuşdur. Lakin ona təqdim edilmiş təkrar şəhadətnamədə onun adı və soyadı səhv göstərilib. Bu hal onun hüquqlarının həyata keçirilməsinə mane olur və rəsmi sənədlərdə uyğunsuzluq yaradır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 yanvar 1974-cü il tarixli 1№li doğum haqqında akt qeydində soyadının Sadıqov, adının Rafiq , ata adının X4, ana adının X5 qeyd edilməklə ona təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi ona təkrar doğum haqqında şəhadətnamə verilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.
2. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçının soyadı və adı “Sadikov Vahid” kimi qeyd edilsə də, iddiaçıya məxsus digər sənədlərdə soyad və adının “İddiaçı” kimi qeyd edildiyi müəyyən edilir. Bu da, iddiaçının ad və soyadına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının ad və soyadına dair məlumatlar düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı 28 yanvar 1974-cü il tarixli 1№li doğum haqqında akt qeydində soyadının Sadıqov, adının Rafiq , ata adının X4, ana adının X5 qeyd edilməklə ona təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı 28 yanvar 1974-cü il tarixli 1№li doğum haqqında akt qeydində soyadının Sadıqov, adının Rafiq , ata adının X4, ana adının X5 qeyd edilməklə ona təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva