Məhkəmə qərarları › İş №2-1(114)-623/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-623/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-623/2020 19.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Xocalı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı yemək xərci müavinətinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Xocalı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aylıq yemək xərci müavinətinin təyin olunması və 2019-cu ilin oktyabr ayından almadığı yemək xərci müavinətinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xocalı rayon sakinidir, 2018-ci ilin aprel ayına, yəni həqiqi hərbi xidmətə yola düşdüyü günə kimi yemək xərci müavinəti almış, hərbi xidmətə getməsilə əlaqədar olaraq yemək xərci müvəqqəti dayandırılmışdır. Lakin hərbi xidmətdən qayıtdıqdan sonra yemək xərci müavinəti bərpa edilməmişdir. Xocalı Rayon İcra Hakimiyyətindən isə səbəb olaraq atasının məcburi köçkünlük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin onda olmaması göstərilmişdir. İddiaçının anası məcburi köçkün deyil, yəni onun məcburi köçkünlük vəsiqəsi yoxdur, atası isə onlardan ayrı Rusiya Federasiyasında yaşayır və onlarla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də iddiaçı atasının məcburi köçkünlük vəsiqəsinin və şəxsiyyət vəsiqəsini təqdim edə bilmir. İddiaçı anadan olandan yemək xərci müavinətini almışdır, eləcə də hal-hazırda iki bacısı bu müavinəti alır. Ona görə də hesab edir ki, atasının sənədlərinin təqdim edilə bilməməsinə görə onun yemək xərci müavinətinin bərpa edilməsindən imtina olunması qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, valideynləri 2017-ci ildə boşanmışlar, atası Rusiya Federasiyasında yaşayır və yaşadığı yeri bilmədiyindən məcburi köçkün vəsiqəsini əldə edib Xocalı Rayon İcra Hakimiyyətinə təqdim edə bilməmişdir. Cavabdeh Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, vahid aylıq müavinət “məcburi köçkün statusu olan şəxslərə verilir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunur və hesabatlar tərtib olunarkən vahid aylıq müavinət alacaq şəxsin şəxsiyyət vəsiqəsi ilə birlikdə “məcburi köçkün” vəsiqəsi də tələb olunur. İddiaçı şəxsiyyət vəsiqəsi ilə birlikdə “məcburi köçkün” vəsiqəsini Rayon İcra Hakimiyyətinə təqdim etmədiyi üçün adı vahid aylıq müavinət alacaq şəxslərin aylıq hesabatına daxil edilməmişdir. İddiaçıya hərbi xidmətə gedənə kimi həmin növdən olan ödənişlər ödənilmiş, lakin hərbi xidmətdən qayıtdıqdan sonra “məcburi köçkün” vəsiqəsi təqdim edilmədiyindən müavinət bərpa edilməmişdir. İddiaçının valideynlərinin vəsiqəsi təqdim edildiyi təqdirdə ona da vəsiqə verilə bilər, lakin valideynləri ilə nə icra hakimiyyəti, nə də iddiaçı əlaqə saxlaya bilmir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 02/488 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən iddiaçının məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin olmaması və atasının Rusiya Federasiyası vətəndaşı olması səbəbi ilə ona müraciəti əsasında vahid aylıq müavinətin verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan mümkün olmamışdır. İddiaçı ilk növbədə məcburi köçkün statusunu təsdiq edən vəsiqəni aldıqdan sonra vahid aylıq müavinətin verilməsi tələbi ilə Xocalı Rayon İcra Hakimiyyətinə müraciət etməlidir. Odur ki, göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə bölməsinin xx.xx.2020-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Xankəndi şəhərindən məcburi köçkün olmaqla Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti qeydiyyatdadır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə şamil olunan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Xankəndi şəhərindən məcburi köçkündür, hal-hazırda müvəqqəti olaraq Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. -Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 1735 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən onun və valideyninin (atasının) məcburi köçkün vəsiqəsi və lazım olan digər sənədlər təqdim edilmədiyindən onun müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın:- 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir. 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər) aylıq müavinət verilir.. 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. 3.2-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər. 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası “məcburi köçkün” statusuna malik olduğundan mübahisəsiz olaraq iddiaçı da həmin statusun verdiyi güzəşt və imtiyazlardan istifadə etmişdir. Həmçinin iddiaçıya hərbi xidmətə gedənədək müvafiq müavinətin ödənilməsi onun “məcburi köçkün” statusunun olması faktının işin mübahisəsiz halı olmasını deməyə əsas verir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının valideyninə məxsus “məcburi köçkün” vəsiqəsinin tələb edilməsi mövcud qaydalara uyğun olsa da, iddiaçı özünə aid və məxsus olmayan sənədi əldə etmək məcburiyyəti daşımır. Ona görə də iddiaçının məcburi köçkün olması faktı məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Xocalı Rayon İcra Hakimiyyətinin formal əsaslarla onun adının müvafiq siyahıya salmaqla bağlı imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət ödənilən şubyektlərin siyahısına salınması və qeyd olunan müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi öhdəliyi aidiyyəti hissədə Xocalı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar