Məhkəmə qərarları › İş №2-1(114)-623/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-623/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-623/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun qarşı sosial yardımın təyin edilməsi və ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ailəsinə ünvanlı sosial yardım təyin edilməsi və xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın hesablanaraq onun ailəsinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi aztəminatlı olsa da, onlara ünvanlı sosial yardımın təyin edilməsindən əsassız imtina edilir. 2022-ci ilin oktyabr ayından ünvanlı sosial yardımın alınması üçün müraciət etsələr də, onlara müsbət cavab verilmir. Səbəb kimi də iddiaçının məşğuııuğunun öz əksini tapmaması göstərilir. Lakin bu belə deyil və o, FHN-nin Ağstafa şöbəsində rəsmi çalışır. Lakin, onun maaş alması sistemdə görünmədiyi üçün ona hər dəfə sosial yardımın təyin edilməsindən imtina edilir. Ailəsində 5 nəfər var və tək işləyən odur. Azyaşlı uşaqları da var və onun aldığı maaş onların ehtiyaclarını qarşılamır. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 01 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının isə gəlməmişdir. İddiaçının məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının iddianı (sosial müavinətin təyin edilməsi və ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi) tələb etmək üçün subyektiv hüququnun olubolmamasını müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, ərizə-bəyannamədə ailənin təmsilçisi kimi İddiaçı deyil, X4 (iddiaçının arvadı) müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh orqana şəxsən müraciət etməmiş, ərizə-bəyannamə ilə ailənin təmsilçisi kimi müəyyən olunmamışdır. Buna baxmayaraq, məhkəməyə iddia ərizəsi İddiaçı tərəfindən təqdim olunmuşdur. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən iddiaçının həyat yoldaşı X2 ünvanlanmış 01 avqust 2023-cü il tarixli, 3-17-2/2-Q-49622/3/2023 nömrəli imtina məktubundan da görünür ki, cavabdeh orqan tərəfindən İddiaçı imtina xarakteri cavab verilməmişdir, bu da iddiaçının sözügedən mübahisə ilə bağlı məhkəməyə müraciət etmə hüququnu istisna edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sosial yardımın təyin edilməsi və ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Bundan əlavə məhkəmə qeyd etmək istəyir ki, məhkəmə tərəfindən İddiaçı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, iddiaçı qismində arvadı X1 olması bildirilmiş, İddiaçı sərəncamı xx.xx.2024-cü il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq, ona əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sosial yardımın təyin edilməsi və ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sosial yardımın təyin edilməsi və ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar