Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-624/2022 02.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdehin X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin «tələbin icraya yönəldilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi və ona ünvanlı sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq, qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin tarixli Məhkəmə iclasının protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, maddi vəziyyəti ilə bağlı ona xx.xx.2019-cu il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq təyin olunmuş ünvanlı sosial yardım dayandırılmışdır. Bundan başqa cavabdeh tərəfindən qərar qəbul edilərək guya ona ödənilmiş 6357.43 manat pulun hesaba ödənilmədiyi əsas gətirilərək qərar icra olunması üçün İcra və probasiya şöbəsinə göndərilmişdir. Halbuki, ailə və maddi vəziyyəti nəzərə alınmaqla ona 2019-cu ildə qanuni və əsaslı olaraq ünvanlı sosial yardım təyim edilmiş və o xx.xx.2021-ci il tarixədək həmin yardımı almışdır. Buna baxmayaraq cavabdeh qeyd olunan pulu ondan geri tələb etmiş, əsas kimi isə ailə tərkibində baş vermiş dəyişiklikləri göstərmişdir. Halbuki, ona ünvanlı sosial yardım təyin edilən vaxtdan sonra ailəsində heç bir dəyişiklik olmamış, maddi vəziyyətində də dəyişiklik olmamışdır. 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü bəndinə əsasən dövlət tərəfindən təyin edilən sosial yardım aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. O, Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və 2ci qrup əlildir. Hazırda heç bir yerdə işləmir, ailəlidir, himayəsində 2011, 2013 və 2014-cü il təvəllüdlü 3 azyaşlı uşağı var. Uşaqlar azyaşlı olmaqla məktəbdə oxuyur, həyat yoldaşı isə heç bir yerdə işləmir. Ailəyə gələn aylıq gəlir yalnız müharibə veteranı kimi və əlil kimi ona verilən pensiyadan ibarətdir. Ona ilkin sosial yardım təyin edilən vaxtı da maddi və ailə vəziyyəti eyni olmuş və sonradan da heç bir dəyişiklik olmamışdır. Buna baxmayaraq qanunsuz və əsassız olaraq ona təyin olunmuş sosial yardım dayandırılmış, eyni zamanda artıq ödəmə yazılaraq ödətdirilməsi üçün Göygöl rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı və vəkili dəqiqləşdirilmiş iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İş materiallarına cavabdehin **********5 nömrəli, xx.xx.2021-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarı, Göygöl rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 250882/21/Aİ nömrəli Qərarı və bildirişi əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İşdə olan materiallar arasında yer alan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının **********5 nömrəli, xx.xx.2021-ci il tarixli, “Tələbin icraya yönəldilməsi haqqında” Qərarından görünür ki, İddiaçı Möysum oğluna xx.xx.2019-cu il tarixdən təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardım ailə tərkibində baş vermiş dəyişiklik səbəbindən xx.xx.2021ci il tarixdən dayandırılmışdır. Odur ki, ona təyin olunmuş ünvanlı sosial yardım ləğv olunmuş və xx.xx.2021-ci il tarixədək 6357.43 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yaranmış 6357.43 manat vəsaitin DSMF-nin Mərkəzi Maliyyə və Mühasibatlıq idraəsinin hesabına qaytarılması haqda İddiaçı Möysum oğluna xx.xx.2021ci il tarixli **********8 nömrəli bildiriş göndərilmiş, lakin artıq ödənilmiş 6357.43 manat vəsaitin bərpası təmin edilməmişdir. Buna görə də qərara alınmışdır ki, İddiaçı Möysum oğlu tərəfindən 6357,43 manat vəsaitin bərpası icraya yönəldilsin. Göygöl rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 250882/21/Aİ nömrəli Qərardan görünür ki, İddiaçı 6357,43 manat tutularaq dövlət büdcəsinə ödənilməsi barədə icraatın başlanılması qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 250882/21/Aİ nömrəli bildirişdə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra etməyi xahiş olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı maddəsinə görə, Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş Sosial yardımın məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş ünvanlı sosial yardım məbləğinin tutulması barədə Göygöl rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2021-ci il tarixli, 250882/21/Aİ nömrəli qərar və bildiriş göndərildiyi zaman iddiaçı xəbərdar olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş ünvanlı sosial yardımın tutulması barədə iddiaçının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsinin 18 saylı Reginal Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-624/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-624/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver